Hürufilik və vəhdəti-vücud: müqayisəli təhlili

Hürufilik və vəhdəti-vücud: müqayisəli təhlili

Zaur Firidun oğlu Rəşidov
Azərbaycan Milli Elmlər Akademiyası,
Fəlsəfə İnstitutu, “Azərbaycan fəlsəfə tarixi” şöbəsi, elmi işçi

Giriş. Hürufilik təliminin əsasını Fəzlullah Nəimi (Astrabadi) (1340-1394) qoyulmuşdur. Fəzlullah öz mistik çalarlı fəlsəfi görüşlərində hərflər və sayların ilahi mahiyyətlər daşıdıqlarını əsaslandırmağa çalışaraq nəzəri bir sistem qurmuşdur. Ümumi şəkildə hürufilik təlimi hərflər və sayların batini mahiyyətlərinin insanda zahir olması prinsipinə əsaslanır. Hürufiliyə görə, işarələrin malik olduqları gizli mənalar Tanrının ən kamil məzhəri olan insan ilə qiyaslandıqda aşkarlanır. Nəimi ilahi işarələr olan hərflər və saylar vasitəsi ilə, bilavasitə ilahi keyfiyyətləri də Tanrıdan insana köçürərək özünəməxsus dünyagörüşü, hürufiliyi formalaşdırmışdır. Bu mənada, hürufilik təlimində əsas hədəf ilahiləşdirilən insandır. İnsanın insani yox, Tanrı keyfiyyətləri ilə dəyərləndirilməsi hürufilik konsepsiyanın kredosunu təşkil edən ən başlıca məqamdır. İnsanı ilahiləşdirərək bütün ilahi kəlimələrin onun simasında zühur etməsi ideyasından çıxış edən hürufilik, islam dünyasında birmənalı qəbul edilməmişdir. XIV əsrdə meydana gələn bu təlim əsası qoyulduğu dövrdən etibarən təbliğ etdiyi islamda yolverilməz antropomorfik ideyalarına görə tənqid və təqiblərə məruz qalmışdır. Başda təlimin qurucusu Fəzlullah Astrabadi olmaqla, hürufiliyin ən tanınmış nümayəndələrindən olan Seyid İmadəddin Nəsimi (1347-1418) edam edilmiş, hürufi görüşləri bütün islam dünyasında bidət elan edilmişdir. Bu cəhətdən, hürufilik sonrakı əsrlərdə ilkin formasından xeyli dərəcədə uzaqlaşmaq məcburiyyəti ilə üşləşərək, transformasiyalara uğramışdır. Belə şəkildəyişmələr nəticəsində təlimin əsas ideyaları, bektaşilik, ələvilik, qələndərilik, nöqtəvilik və qızılbaşlıqda ərimişdir. Müstəqil təlim olmaqdan məhrum olan hürufilik sonrakı mövcudluğunu bu təlimlər ilə sintezdə davam etdirmişdir.
Hürufilik nədir. Ol əmri təsəvvüfün demək olar ki, bütün təriqətlərinin kontekstləri daxilində olduğu kimi, hürufilikdə də ilkin yaradılışı izah etmək üçün seçilmiş özünəməxsus mistik örtüklü fəlsəfi formadır. Yaradılışın ilahi xitabətdən, Tanrının ol əmri ilə səsdən başlaması məntiqi bütövlükdə hürufilik təlimində ən əsas sistemyaradıcı ideyadır. A.Gölpınarlı yazır ki, hürufilərə görə varlığın zühru hər şeydə var olan səs ilə başlayır. Hürufilik təlimində səs varlığın qeyb aləmindən eyn aləmindəki zührüdür. Səsin kəmalı söz, sözün hikməti hərflər olduğundan, hərflər də səsin və sözün əslidir. Hürufilik fəlsəfəsinə görə, yaradılışın ilk təkanı səslədir. Səsin aləmdə məna qazanan əksi sözdür. Səslər sözlər vasitəsi ilə aləmə bənd olur. Səslər sözlərə çevrilərək aydınlaşır. Sözlərin ifadə etdikləri mənalara həkk olaraq sabitləşməsi hərflər vasitəsi ilə gerçəkləşir. Hərflər ilə mövcudluq qazanan söz yalnız səs olmaqdan çıxaraq hikmtə çevrilir. İlk yaradılış ilahidən səslə başlayıb sonsuz sayda kəlimələr ilə aləmdə davam edir. Aləmdə səslə başlayan həyatın axarı insana doğru istiqamətlənir. Bu axar səsin, sözün, hərflərin və sayların ən kamil təcəlligahı olan insanda tamamalanır. Yaradılış insan ilə sabitləşmiş olur. Hürufilərə görə kamal zühurda, zühurun kamalı da insandadır.
Hürufilik səs, söz və sözün əsası olan hərf-say zənciri əsasında qurulan metafizik xarakterli batini bir təlimdir. Hərflərin ən kamil məzhəri olmaqla, həm də sayların da harmonik vəhdətini təşlil edən insan hürufiliyin əsas mərkəzi problemidir. Hürufilərin axtardığı bütün cavablar bu qəliz sualın mənasını açmağa köklənməlidir. Hürufilik təliminin özünəxas məntiqə əsaslanan fəlsəfəsi, səsləri və sözləri özündə ehtiva edən, eləcə də onlarda da ehtiva olunan hərflər və saylarla insanın qırılmaz vəhdəti üzərində cəmlənmişdir.
Nəimi “Cavidannamə”də yazır ki, günəş işığı günəşin zatına bitişik olduğu kimi, 28 ilahi kəlimə də Allahın zatı ilə sabitdir. Fəzlullaha görə, söz ifadə etdiyi əşyanın mənasından ayrılarsa, əşya öz mahiyyətini itirib məhv olar. Hürufilik təlimində, kəlimələr və mövcudluqlar da qarşılıqlı vəhdətdədir. Bu vahidlər qırılmaz şəkildə qanunauyğun olaraq əlaqəlidir. Hürufilər aləmdəki bütün əlaqələri məhz bu zəncirvari bağlılıq əsasında quraraq izah edirlər. Onlara görə, bu bağlılığın ən kamil forması özünü insanda aşkar edir. İnsanın kainatdakı əsas rolu və bilavasitə ilahi misiyası bu bağlığı təmin edərək qorumaqdan ibarətdir. Məhz bu məziyyəti ilə insan hürufilikdə Tanrının əksidir. Onun əksinin zahirdəki davamıdır. Varlığı izhar edən varlıqdır. Bu cəhətdən, hürufilikdə batini mənalar aləminin zahiri açarı olan insan, təlimin ən əsas fəlsəfi düyün nöqtəsidir. Hürufiliyin ifrat dərəcədə insan mərkəzli olması, bu təlimin tənqidinə də yol açmışdır. B.Atalay yazır ki, mahiyyəti etibarı ilə hurufilik adəmpərəstliyin bir növüdür. A.Gölpınarlıya görə isə, hürufi inancının əsası, insanı Allahlaşdırmaqdır.
Düşünürük ki, Fəzlullahın yaşadığı dövrün, Mişel Fukonun (1926-1984) dili ilə desək, hakim epistemasını nəzərə alsaq, hürufiliyin antroposentrizminə müəyyən dərəcədə haqq qazandıracaq məntiqi cavablar da tapmaq mümkündür. Belə ki, hürufiliyin təlim şəklində meydana gəlməsinədək islam Yaxın və Orta Şərqdə iki böyük zərbə almışdır. İslam dünyası Qərbdən davamlı Xaç yürüşləri, Şərqdən isə qanlı monqol təcavüzü ilə qarşılaşmışdır. Fəzlullahadək onuntək minlərlə mütəfəkkir dinlər və dünyagörüşləri arası cüzi fərqlərin nələrə səbəb olmasının canlı şahidi olmuşdur. Bu cəhətdən, Yaxın və Orta Şərqdə bəlli hadisələrin fövqündə bilavasitə qurbana çevrilən insana baxışların dəyişməsi də təsadüfi deyil. Aldığı zərbələrdən lazimi nəticə çıxarmayan islam dünyası, artıq Fəzlullahın dövründə öz içində səngimək bilməyən münaqişələrə qərq olmuşdur. Eləcə də, islamın vahid olan Tanrısını bərabər bölüşə bilmədiklərindən, təlimlər, təriqətlər və məzhəblərarası çəkişmələr də xeyli dərinləşmişdir. Fikrimizcə, islam dünyasındakı bu yersiz mübarizələr fonunda vahid Tanrıya inam ideyasına da kifayət qədər xələl gəlmişdir. Bu cəhətdən düşünürk ki, hürufilik və onun kimi öz dövründə qısa bir müddətdə kütləvi şəkildə yayılmağı bacaran digər təlimlər (məsələn, bektaşilik, ələvilik, qələndərilik və s.), müəyyən mənada küskünlük, bədbinlik və ümidsizlik ruhundan doğan fəlsəfənin təzahürüdür. Mənəvi çöküşə qarşı hürrəm ruh aşılayan dünyagörüşü sistemləridir. Dövrünün qeyd olunan şərtlərini nəzərə aldıqda, hürufilik Tanrıya meydan oxuyan sırf bidətçi təlim yox, inamı qorumaq üçün israrla Tanrını aramaqda davam edən, hətta onu ilahiləşdirilən insanda belə seyr etməyin mümkünlüyünə inanan fəlsəfədir. Məsələyə bu məntiqdən yanaşdıqda, hürufilik və onun kimi digər bənzər islami təlimlərin ideyaları qəlblərdəki mənəvi boşluqları doldurmaq zərurəti ilə köklənmiş özünəməxsus inam təbliğatıdır. Bu mənada hürufiiyi islama qarşı çıxma yox, islamın incik qəlbləri tərk etməsinə qarşı bir ideologiya kimi də dəyərləndirmək olar. Bu cəhətdən düşünürük ki, hürufilik bəsit antroposenrtizmdən daha çox, XII əsrdən XIV əsrədək Jan Bodriarın (1929-2007) simulyakrına çevrilmək təhlükəsi ilə üzləşən islam Tanrısının axtarış istiqamətlərini genişləndirən fəlsəfi təlimdir. Məhz bu amil hürufiliyin fəlsəfi təlim olmasını iddia etməyə də əsas verən başlıca məqamdır. Çünki, orta əsrlər fəlsəfi təliminin axtarış imkanlarının daha sərbəst və dinlərdən fərqli olaraq daha əhatəli olması vacib şərtdir.
Düşünürk ki, Tanrının Tanrılığını inkar etmədən Tanrını Tanrıdan kənarda, insanda da tapmaqda israrlı olan hürufiliyin, ideya cəhətdən ortodoksal islamdan xeyli dərəcədə fərqlənən ələvilik, qələndərilik, Osmanlıda yeniçəri ocağının təriqəti hesab edilən bektaşilik və şiə Şəfəvi dövlətinin başlıca ideologiyası olan qızılbaşlıqda asanlıqla həll olması, hətta bilavasitə bu təlim və təriqətlərin nəzəri əsaslarına da güclü təsir göstərə bilməsi də bu məntiqə bağlıdır.
Hürufilik qeyri-islami, yoxsa islami təlimdir. Hürufilik təliminin tədqiqi ilə bağlı ədəbiyyatlarda tez-tez rast gəlinən ən mübahisəli məqamlardan biri də, bu təlimin qaynaqları, ideya mənbələri, eləcə də, digər dini, mistik və fəlsəfi təlimlər ilə əlaqəli olub-olmaması məsələsidir. Bir çox tədqiqatçılar hürufiliyə qeyri-islami mənbələrdən qaynaqlanan müəyyən ideyaların sirayət etməsinə toxunurlar. Hürufiliyin nəzəri əsasına təsir edən əsas təlim qismində isə, yəhudi mistikası olan kabballanı xüsusi olararaq qeyd edirlər. H.T.Norris Fəzlullahın hürufizminin Mühyiddin İbn Ərəbinin (1165-1240) vəhdəti-vücud təlininin təsiri altında olan “yəhudi sufisi” Avraam Əbulafiyanın (1240-1291) kabballistik təlimi ilə müəyyən oxşarlığının olduğunu qeyd edir. H.T.Norris həm də, hürufilikdə İsanın təbiətinin ilahi kəlimənin nadir vəyhi kimi dəyərləndirilməsinin, Faust Sosinin (Fausto Sozzini) (1539-1604) İsanının ilahi təbiətini inkar edərək, ilahi keyfiyyətlərin ona Tanrı tərəfindən bəxş edilməsi mühakiməsi ilə uyğunluğuna da toxunur.
Hürufiliyin islam ilə yanaşı, yəhudilik və xristianlıq kimi monoteist dinlər ilə də müəyyən ümumiliyə malik olması fərqli fikirlər doğurur. Tədqiqatçılar, hürufiliyin üç monoteist dini özündə birləşdirərək hər üçünün inancı əsasında formalaşmış təlim olduğu, müsəlmanlığa önəm verdiyi qədər xristianlığa da önəm verdiyi, “Cavidannamə”nin mətnində islam qaynaqları ilə yanaşı, “Bibliya”dan olan istinadların da öz əksini tapdığı, Fəzlullah Astrabadidə yaradılışın şərhinin Quran, eləcə də onun yəhudi və xristian sələflərindən fərqləndiyi, hürufilərin dəlil qismində yəhudi və xristian mənbələrinə istinadlarının, bu dinlərə olan meyldən deyil, öz təlimlərinin həqiqiliyini sübut etmək məqsədi daşıdığından irəli gəldiyi, Fəzlullahın xristianlıq və yəhudiliyə istinadlarının, hürufilik sistemini qurduqdan sonra istifadə edilən hazır materiallar qismində olduğunu irəli sürürlər.
Qeyd etmək lazımdır ki, islamdan öncəki monoteist dinlərdən olan yəhudilik və xristianlığın başlıca prinsipləri Quranda da ümumi şəkildə öz əksini tapır. Quranın bir çox ayələrində gəlmiş keçmiş çoxsaylı peyğənbərlər ilə yanaşı, bu dinlərin də peyğənbərlərindən söhbət açılır. Düşünürük ki, hürufilik təliminin ideya mənbəyi qismində islam ilə yanaşı, Yaxın və Orta Şərqdə meydana gəlmiş qədim monoteist dinlərə müraciəti də müəyyən anlamda məntiqi və qanunauyğundur. Çünki, digər monoteist dinlərə xitab hürufiliktək çoxsaylı islam təlimləri ilə yox, bilavasitə islam ilə, Quranın özündən başlayır. Bu amil hürufiliyin digər dinlərdən istifadə edərək hər hansı bir şəkildə islama qarşı olduğu və ya onlara istinad etməklə islamdan uzaqlaşdığı kimi mühakimələrə də xeyli dərəcədə aydınlıq gətirir. Düşünürük ki, məsələyə məhz bu məntiqdən yanaşdıqda hürufilik və digər monoteist dinlər arası bağlılıq sualına da kifayət qədər məntiqi cavab tapmaq olur. Digər tərəfdən, məsələyə fəlsəfi yanaşdıqda qeyd olunan monoteist dinlər formaca müxtəlif olsalar da, mahiyyətcə təxminən eyni sualar və metafizik problemlər ətrafında dönüb durur. Bu faktor da onlar arasındakı məyyən uyğunluğu qaçılmaz edir. Qeyd olunan monoteist dinlər arası əsas fərq, onların hər birində ehtiva olunan çoxsaylı ümumi məsələlərin müxtəsər və ya geniş kontestdə izahındadır. Eləcə də, fəlsəfə tarixində mövcud olmuş istənilən fəlsəfi təlimin konkret olaraq hər hansı bir din çərçivəsinə sığmadığının da şahidi oluruq. Əks halda əvvəldə də vurğuladığımız kimi, bu və ya digər təlimin müstəqil fəlsəfi təlim olması mümkün deyildir. Bu kontekstdə, inancı daha geniş mənada başa düşən hürufilərin, öz fəlsəfi təlimlərini konkret bir din və onun şərtləri ilə məhdudlaşdırmaqdan uzaq olduqları da müəyyən anlamda başadüşüləndir.
Fəzlullah “Cavidannamə”də digər səmavi kitabların bilavasitə göndərildiyi halda, Quranın Cəbrail ilə bilvasitə göndərilməsini Quranın üstün məziyyəti kimi görür. Hürufilik təliminin Nəimidən sonrakı nümayəndələrində də islamın şərtlərinə münasibət, hər hansı bir qarşı çıxma və ya zidd olmadan tamamən uzaqdır. Belə məqamlar bir çox hürufilərin əsərlərində də özünü açıq şəkildə göstərməkdədir. Hürufi şairi Misali (ö.1577) “Feyznamə” adlı əsərində yazır ki:
Aşiq olmaqdır Haqqa qılmaq namaz,
Aşiqi haqq isən eylə pəs niyaz.
Şeyx Əbül Həsənə (XV) görə, namaz, oruc ve hacc Haqqın zatının sirridir. Hürufilər həm də hesab edirlər ki, şəriət həqiqətin aynası olduğundan şəriət və onun qanunlarına ehtiramla yanaşmaq gərəkdir.
Düşünürük ki, hürufilik məzmunca olduqca sinkretik təlim olsa da, onun əsas ideya qaynağı islam mənəvi mədəniyyətinə xas elementlərdir. Hürufilərin dünyagörüşünün əsas düyün nöqtəsi, eləcə də, ümumi mizanı islam, islamın məzhəbləri və islamın fəlsəfi təlimləridir. İslamın əsas fəlsəfi təlimlərindən olan təsəvvüf və onun çoxsaylı təriqətləri kimi, hürufiliyin də məğzi islami prinsiplər ilə müqayisə edildikdə üzə çıxaraq aydınlaşır.
Hürufilik və təsəvvüf. Təsəvvüfün bəzi təriqətlərinin bir çox məsələlərdə hürufiliyə təsirləri açıq şəkildə görünsə də, hürufilər heç də özlərini sufilər hesab etməmişdirlər. Məsələn hürufi divan şairi Ərşi (1562-1621) yazır ki:
Sufi sanma ki, sufa mənsubuz.
Əhli fəzliz hürufa mənsubuz.
Hürufilik yolunu tumağı aşılayaraq, bu yolda qazanılan biliklərin təsəvvüf yolunda qazanılan biliklərdən daha önəmli olduğunu iddia edən Mühitiyə (d.1553) görə, Fəzlullahın elminə bələd olmadan qazanılan elm faydasızdır:
Ömrün olduqca ibadət qılsan ey zahid əgər
Fəzli Haqq elmisiz amalın qamu bihudədir.
Təsəvvüfün hürufilik təliminə təsirləri, hürufiliyin əsas nümayəndələrindən olan Nəimi və Nəsiminin irsində də özünü göstərir. Onların İbn Ərəbi tərəfindən əsaslı şəkildə sistemləşdirilərək fəlsəfi təlim şəklinə salınmış vəhdəti-vücud təliminin təsiri altında olduqları da məlumdur. Eləcə də, Nəsiminin hürufiliyə sufilik yolundan keçərək gəlməsi, hürufizm ideyalarını özünəməxsus şəkildə sufizm təlimləri ilə birləşdirməsi və bütün yaradıcılığı ərzində təsəvvüfün təsiri altında qalması da qeyd olunur.
Hürufilik ilə təsəvvüf, xüsusən də İbn Ərəbi ilə başlayan əkbərilik təriqətinin (məktəbinin) sistemli-fəlsəfi vəhdəti-vücud təlimi arasında mahiyyətcə əsaslı fərqlər də mövcuddur. Hürufilik ilə vəhdəti-vücud arasındakı birinci və ən əsas fərq təlimlərdəki Tanrı sualının qoyuluşundadır. Fəzlullah Nəimi yazır ki, Allahın zatına nişanə bizik. Hürufi şairi Mir Şərifə (XV əsr) görə, sifət zat ilə eynidir, ondan ayrılmazdır. Dəlalət edən ilə dəlalət olunan birdir. Seyid İshaqa (d.1369) görə, sifət və zat eyni olduğundan, nitq ilə natiqi də bir bilmək lazımdır. Hürufiliyin təsiri altında olan bektaşi şairi Balım Sultan (1457-1517) yazır ki, bizlər ənəlhəqq bəndələri olduğumuzdan zatı da sifətdən ayırmarıq.
Vəhdəti-vücud təlimində Tanrı sualı, eləcə də onun zatı və sifətləri məsələsinin qoyuluşu tamami ilə hürufilikdən fərqlidir. İbn Ərəbi yazır ki, Tanrı aləmi surəti ilə var edəndir. Onun zatı isə, mümkünlərin hər hansı bir xüsusiyyətləri ilə ifadə oluna bilməz. Davud Kayseriyə (1262-1350) görə, heç kim zat günəşini görə bilməz. Çünki bu məsələdə hər kəs kor və yanılma içindədir. Zat və üluhiyyət (sifətlər) münasibətinə aydınlıq gətirən Əbdülqani Nəblusiyə (1641-1731) görə, sifətlər zatın nə eynisi, nə də qeyrisidir.
Hürufilikdən fərqli olaraq vəhdəti-vücudda Tanrının zatı aləmdən münəzzehdir. Onun mənası məhrəmdir. Zat açılmaz və bilinməz sirdir. Vəhdəti-vücud təlimin şərtlərinə görə, Tanrının zatını aləmin keyfiyyətləri, xassə və xüsusiyyətləri ilə qiyaslayaraq dərk etmək mümkünsüzdür. Hürufilikdən fərqli olaraq zatın sifətlər ilə eyniləşdirilməsi, vəhdəti-vücud təliminin konteksti daxilində yolverilməz xətadır. Bu eyniyyət vəhdətin qırılması və vəhdəti-vücudun da pozulması deməkdir.
Hürufilik ilə vəhdəti-vücud arasındakı digər bir başlıca fərq aləm-mövcudluqlar məsələsinin qoyuluşundadır. Fəzlullaha görə, əşyanın həqiqəti Haqqdır. Əşyanı Allahın eynı bilmək gərəkdir. Hürufilikdən təsirlənən Qul Nəsimi (XVII) yazır ki:
Hər nə var aləmdə var, aləmdən istə Haqqı sən,
Nuri Haqqdır cümlə əşya, sanma qeyrullahı var.
İbn Ərəbiyə görə, aləm özlüyündə mədum (mövcud olmayan-Z.R.) olub vücud ilə mövcud olandır. Aləmin qayəsi Haqqın həqiqətlərini izhar etməkdir.
Hürufilikdə əşya ilə Tanrı eyni qəbul edilir. Bu təlimin konteksti daxilində yaradan yaradılan ilə eyniləşdirilir. Vəhdəti-vücudda isə, özlüyündə yoxluq olan aləm, Tanrının təcəllisində görünən izafi varlıqdır. Öz zatı etibarı ilə aləm zülmətdir. Təcəllilərdəki halı isə, şərtidir. Bu hal mahiyyətcə kölgə və ya aynadakı əks kimidir. Kölgə və əks isə, kölgə və əksin əsli ilə bir deyil. Hürufilikdən fərqli olaraq vəhdəti-vücudda aləm varlığı yoxluq, mahiyyəti zülmət, həqiqəti isə, görüntüdür. Həqiqət aləmin özündə yox, əksində olduğundan, kəsrətdən olan əşya və mövcudlar sadəcə saysız məzhərlərdən başqa bir şey deyildir. Hürufilikdən fərqli olaraq vəhdəti-vücudda Tanrını əşya ilə eyni sanmaq böyük günahdır. Çünki vəhdəti-vücud vücudiyyə (panteizm) deyil.
XVI-XVII əsrlərdə yaşamış hürufilərin aləm məsələsində vəhdəti-vücuda yaxınlaşdığını da görmək mümkündür. Qeyd olunan əsrlərdə yaşamış Mükimi yazır ki, dünya Allahın bir əlamətidir. Allahı bilmək üçün bir vasitədir. Aləm olmasa, Allah da bilinməz.
Adı gedən təlimlər arası üçüncü fərq insan məsələsindədir. Hürufilər əkbərilərdən fərqli olaraq insanı Tanrının surətinin təcəllisi yox, onun zatının məzhəri kimi dəyərləndirirdilər. Hürufi şairi Ərşiyə görə:
Xudanın zatına mirat sənsən
Oxu kim məzhəri ayət sənsən.
Vəhdəti-vücud görüşündən tamamilə fərqli, məzhər (zahir olan) ilə müzhiri (zahir edən) eyni bilən Fəzlullah yazır ki:
Məzhərəm məzhər ilə bir zatəm,
Görünən nəqş içində nəqqaşəm.
İbn Ərəbi isə yazır ki, insan Haqqın surətidir. Kamil insan isə, aləmin və Haqqın həqiqətlərini özündə toplayan varlıqdır.
Vəhdəti-vücud təlimində insan məcmadır. Tanrının surətini əks etdirən ən şəffaf aynadır. Tanrı ilə aləm arasında bərzəxdir. İnsan Tanrının surətinin ən kamil məzhəri olsa da, onun hürufilikdəkitək Tanrının zatına məzhər olması tamamilə imkansızdır. Əksinə, hürufilikdə isə, insanın ilahiləşdirilməsi qəbulediləndir və bu hal təlimdə olduqca açıq bir şəkildə özünü daima göstərməkdədir. Hürufilər tərəfindən Fəzlullahın ilahiləşdirilərək Tanrıya bərabər tutulması da buna birbaşa sübutdur.
Hürufizm, antropomorfizm və panteizm. Hürufilik ilə vəhdəti-vücud arasındakı müqayisədən də aydın olduğu kimi, hürufiliyə nisbətən vəhdəti-vücudun fəlsəfi özülü daha əsaslıdır. Vəhdəti-vücudda öz əksini tapan hər bir məqam təlimin konteksti daxilində özünəxas ardıcıl qanunauyğunluğa tabedir. Bu kimi məziyyətlərindən irəli gələrək vəhdəti-vücud konsepsiyası hürufilikdən fərqli olaraq, həm də daha məntiqidir. Kifayət qədər sistemli təlim olmasından mütəvali vəhdəti-vücud hürufilik ilə müqayisədə təqiblərə qarşı da daha dayanıqlı ola bilmişdir. Bu cəhətdən də, əkbərilik təriqətinə mənsub mütəsəffiflər tərəfindən sistemləşdirilən vəhdəti-vücud təlimi İbn Ərəbidən, Məhəmməd Salih Yaşıl Əfəndiyədək (1874-1954) böyük bir inkişaf yolu keçmişdir.
Hürufilikdə isə, bəzən son dərəcə ifrat mistik çalarlara malik elementlər, bu təlimə xas olan antropomorfizm və panteizm, eləcə də hürufilər tərəfindən təhrif edilən vəhdəti-vücud görüşü, hürufiliyin fəlsəfi əsasını bir qədər kölgədə qoymuşdur. Düşünürük ki, antropomorfizm və panteizmin də xas olduğu hürufilik mahiyyətcə daha geniş fəlsəfi bir təlim olsa da, məhz qeyd olunan bu amillərdən irəli gələrək xeyli dərəcədə mistik ünsürlər qazanmışdır. Antropomorfizm və panteizm hürufiliyi formca yetərincə səthiləşdirmişdir. Bu kimi məqamlar da, təlimin ana ideyalarının kəskin tənqidinə yol açan başlıca faktorlara çevrilmişdir.
Bütün bunlar ilə yanaşı vəhdəti-vücud ilə hürufilik arasındakı ən əsas fərq ondadır ki, vəhdəti-vücud Tanrı, aləm və insan bağlılığı məsələsini Tanrıdan insana hərəkət edərək həll edir. Hürufilik isə, bu ardıcıllığı pozaraq insandan başlayaraq Tanrıya doğru istiqamətlənir. Vəhdəti-vücud çoxsaylı fəlsəfi sualları özünə daxil etdiyi halda, əsasən sonadək varlıq problemi ətrafında cərəyan edir. Vəhdəti-vücuddan fərqli olaraq hürufiliyin bütün əsas sualları varlığı vəhdəti-vücuddakı varlığa bərabər insanın ətrafında dönüb durur. Bununla da hürufilik insan probleminə qapanaraq demək olar ki, bu problemin çərçivəsini tərk edə bilmir. Düşünürk ki, hürufiliyin islam dünyasında bidət elan edilməsinə yol açan ən vacib məqamlardan biri də budur.
Bununla belə, qeyd olunan bütün bu məsələlər hürufiliyin özünəməxsusluğuna xələl gətirmir. Təlimin orijinalığına şübhə etməyə də əsas vermir. Digər tərfdən, hürufiliyədək fəlsəfə tarixində hərf və rəqəm mərkəzli kifayət qədər başqa təlimlər də olmuşdur. Amma onlardan hər biri digərini eynən təkrarlamadığı kimi, hürufilik də özünədək mövcud olan təlimlərdən heç birini tam şəkildə təkrarlamamışdır. Düşünürük ki, hürufiliyin islamın bir çox təlim və təriqətlərinə sirayət edərək, öz fəlsəfəsi ilə onlara təsir edə bilməsi də bilavasitə orijinallığa sübutdur. Çünki, orijinal ideyaları olmayan hər hansı bir fəlsəfi təlimin digər təlimlərə qarışdıqdan sonra, onları da təsir altına alması mümkün deyil. A.Gölpınarlı da hürufiliyin öz dövrü üçün olduqca orijinal bir təlim olmasına şühbə etmir.
İmadəddin Nəsimidən sonra hürufilik. Meydana gəldiyi vaxtdan etibarən şiddətli təqiblər ilə üzləşən hürufilik müstəqil təlim qismində çox az bir müddət yaşaya bildi. Hürufiliyin öz əsas ideyalarını sərbəst şəkildə inkişaf etdirməyə kifayət qədər zamanı olmadı. Bu cəhətdən, Nəsimidən sonra hürufilik ideyaları tənqidlərdən qurtulmaq üçün islamın digər təlim və təriqətlərinə sintez etməli oldu. Hürufi ideyalarının digər təlim və təriqətlər tərəfindən qəbul edilməsində isə, Nəsiminin rolu xüsusidir. Nəsiminin aydın türk dilində yazılan şerlərinin güclü poetik üslubu hürufiliyin mahiyyətini geniş kütlələr üçün daha anlaşılan etdi. Məhz bu cəhət hürufilik ideyalarının qələndərilik, bektaşilik, ələvilik, qızılbaşlıq, nöqtəvilik, həmzəvilik və s. kimi təlim və təriqətlər tərəfindən mənimsənilməsinə imkan yaratdı. Nəsiminin ələvi və bektaşi ədəbiyytında qəbul edilən yeddi böyük şairdən biri hesab edilməsi də təsadüfi deyil. Ə.Ocaq yazır ki, Nəsiminin demək olar ki, bütün qələndəri zümrələri tərəfindən müqəddəsləşdirildiyi, divanından əl kitabı qismində istifadə edilərək, içindəki bəzi parçaların isə, qələndəri ayinləri olaraq oxunduğuna XVI-XVII əsrlər Avropa səyyahlarının əsərlərində də rast gəlmək olur. Nəsiminin məşhurluğu Azərbaycandan Anadolu və Orta Asiya, Anadoludan isə Yaxın Şərq və Balkanlara qədər yayıldı. Hürufilik ideyaları Balkanlarda yenicə meydana gələn bir çox islami təriqətlərə də güclü təsir etmişdir. XVI əsrdə Bosniyalı Həmzə Bali (XVI) tərəfindən qurulan həmzəvilik adlı batini təriqət və bu təriqətin ən tanınmış nümayəndələrindən olan şair Hüseyin Laməkani (ö.1625) də hürufilik ideyalarından təsirlənmişdir. Nəsiminin poetik monizminin böyük alban şairi Naim Fraşeriyə (1846-1900) təsiri də məlumdur.
Nəticə. Hürufilik qısa zaman kəsiyində müstəqil təlim kimi mövcud olmasına baxmayaraq, yetərincə bənzərsiz və mahiyyətcə özünəməxsus bir fəlsəfi sistemdir. Qaynaqları etibarı ilə hürufilik kifayət qədər sinkretik bir təlim olsa da, onun əsasını təşkil edən əsas mənbə islam və bu monoteist dinin fərqli təlim, təriqət və məzhəbləridir. Hürufilikdə vəhdəti-vücud təliminin təsirləri duyulsa da, bu təsirlər sonadək düzxəttli də deyil. Belə ki, hürufilərin görüşlərində vəhdəti-vücud əsasən vəhdəti-mövcud kimi şərh edilmişdir. Nüvəsini ilahiləşdirilən insan konsepsiyası təşkil edən hürufilikdə, bəzi son dərəcə mistik çalarlı məqamlar da nəzərə çarpmaqdadır. Antropomorfizm və panteizm fonunda təlimin əsas ideyaları istər forma, istərsə də strukturca islam dininə zidd görünsə də, həmin dövrdə islam aləmində bu ideyaların meydana gələrək törəməsini şərtləndirən tarixi amillər də mütləq şəkildə nəzərə alınmalıdır.