Problems of Oriental Philosophy
INTERNATIONAL ACADEMIC SCIENTIFIC JOURNAL
Lütfəli Rəhim oğlu Ələsgərzadə ilə vida mərasimində

Mərdanov Misir Cumayıl oğlu

AMEA-nın müxbir üzvü (2017), AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor. 

 

 

Lütfəli Rəhim oğlu Ələsgərzadə ilə vida mərasimində çıxışı.

 

Hörmətli mərasim iştirakçıları! Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının möhtəşəm salonunda Dünyanın ən böyük alimlərindən biri, qeyri səlis məntiq nəzəriyyəsinin banisi, həmyerlimiz Lütfəli Rəhim oğlu Ələsgərzadə ilə vida mərasiminə toplaşmışıq. Burada məndən əvvəl qeyd olunanları təkrar etməmək məqsədi ilə, bu böyük alimin elmi yaradıcılığının müəyyən məqamlarını diqqətinizə çatdırmaq istərdim.

Elm tarixində dahi alimlər adətən daha konkret şəkildə aşağıdakı meyarlarla səciyyələndirilirlər: məhsuldarlığa, yəni çap olunmuş əsərlərin həcminə, elmi ideyaların uzunömürlülüyünə, nəzəriyyələrin məzmununun orijinallığına və inqilabiliyinə görə.

Əvvəla onu deyim ki, dünya şöhrətli bir riyaziyyatçı alim kimi, onun əsərlərinə isnadların sayı 179901-ə, hirş indeksi isə 104-ə bərabərdir. Fəxr olunmalı haldır ki, həmyerlimiz dünyada alimlər arasında birincilər sırasındadır.

Bu dahi şəxsiyyəti xarakterizə edən əsas xüsusiyyətlər - onun böyük istedadı, qeyri-standart təfəkkürü, problemə unikal yanaşma qabiliyyəti, ənənəvi təsəvvür və çərçivələri şübhə və təxəyyül ilə aşması, tədqiqatda latent (gizli) məqamları aşkar etməyə imkan verən çılğın tədqiqatçı intuisiyasıdır. Məhz bu keyfiyyətləri və hədsiz işgüzarlığı ona nəinki humanitar və təbiət elmlərində böyük təsir edən, hətta qərarların qəbul edilməsi və idarəetmə nəzəriyyəsi sahəsində fundamental təsəvvürləri kökündən dəyişdirən inqilabi nəzəriyyələr yaratmağa, məşhur Viner məsələsini əsaslı surətdə genişləndirməyə imkan verdi.

Başqa bir qürur verici məsələ, Lütfizadə 1957-ci ildə 36 yaşında ABŞ-ın Kolumbiya Universitetinin professoru işləyərkən, həmin dövrdə Kibernetika elminin atası hesab olunan görkəmli alim Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyanın Berkli Universitetinə dəvət olunur və orada "Kompyuter elmləri və elektrotexnika” kafedrasına rəhbərlik etməyə başlayır. O, 1963-cü ildə idarəetmə nəzəriyyəsini kökündən dəyişən "vəziyyətlər fəzası” yanaşması nəzəriyyəsini irəli sürür və "Xətti sistemlər nəzəriyyəsi” monoqrafiyasını çap etdirməklə sistem nəzəriyyəsi, avtomatik idarəetmə və onların tətbiqləri sahəsində dünyanın məşhur alimi kimi tanınırdı.

1965-ci ildə Lütfi Zadə, ona dünya şöhrəti qazandıran, dünya elmində inqilab hesab olunan "Qeyri səlis məntiq nəzəriyyəsinin” əsaslarını işləyib təqdim edir. Onun qeyri-səlis məntiqini obrazlı şəkildə belə izah etmək olar: "Aristotel məntiqi" ilə mühakimə yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, "Zadə məntiqi" isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Bu nəzəriyyə insanı dünyanı daha rəngarəng görməyə, qavramağa və bununla da gərgin dünyanı daha da gərginləşdirməməyə, özünün və başqalarının həyatını yüngülləşdirməyə çağırır və yollarını göstərir.

Aristotelə görə, bir müddəa ya doğru, ya da yalan ola bilər. Lütfi Zadəyə görə isə, hər bir müddəanın doğruluq dərəcəsi doğru və ya yalan arasında kəsilməz qiymətlər alır. "Zadə məntiqi"ndə real həyatı daha dürüst inikas etmək qabiliyyəti var, bu məntiqdə tolerantlıq daha çoxdur. O sübut etdi ki, dünya yalnız ağ və qara rənglərdən ibarət deyil. Ortada çoxlu sayda naməlum ölçülər, rəqəmlər, hələ öz işarəsini, adını qazammamış anlayışlar var.

Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir: "təəssüratlar nəzəriyyəsi", "sistemlər nəzəriyyəsi", "sözlə işləyən kompyuter nəzəriyyəsi", "optimal süzgəclər nəzəriyyəsi" və "soft kompyutinq".

Lütfi Zadənin elmdəZ-çevirməkimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir.

Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ınMilli Kosmik Tədqiqatlar Mərkəzi(NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasındayaponalimləri tərəfindən ilk dəfə olaraq süni-intellektə malik robot hazırlanıb Alter adlı robotTokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib.

Onu da qeyd etmək lazımdır ki, professor Lütfi Zadə böyük alman alimi Maks Plankdan sonra dünyada yeganə alimdir ki, hələ sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz var.

Maraqlıdır ki, Lütfizadənin dostları arasında Amerika Prezidentləri Ruzvelt, Nikson, Amerika alimi Riçard Bellman, böyük rus alimləri Lev Pontryaqin, Andrey Kolmoqorov və məşhur musuqişünas Rostropoviç kimi insanlar olmuşdur.

Qədirbilən xalqımız və dövlətimiz Dünya şöhrətli həmyerlimizin əməyini həmişə yüksək qiymətləndirmiş, hər il dünyanın müxtəlif ölkələrində onun adı ilə bağlı keçirilən beynəlxalq konfranslarda riyaziyyatçı alimlərimiz iştirak etmiş, ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə o, 2011-ci ildə Dostluq ordeni ilə təltif edilmiş, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmiş, 1997-ci ildə Bakı Dövlət Universitetinin Fəxri doktoru adına layiq görülmüş, 2016-cı ildə Nizami Gəncəvi adına qızıl medulla təltif edilmişdir.

Hörmətli mərasim iştirakçıları bu günkü vida mərasimində Azərbaycan Respublikasının prezidenti, çox hörmətli İlham Əliyevin iştirakı onun elmə və alimə hörmətinin bariz nümunəsidir. Fürsətdən istifadə edib cənab prezidentə Azərbaycan riyaziyyatçıları adından minnətdarlığımı bildirirəm.

Lütfizadə vətəni Azərbaycanı çox sevir, Dağlıq Qarabağ problemi və bu problemin həlli yolunda atılan addımları diqqətlə izləyirdi. O, hər zaman deyirdi: Azərbaycan mənim doğma vətənimdir. Mən həmişə Azərbaycanın uğurlu gələcəyi barədə düşünürəm və bu istiqamətdə son illərdə irəliyə doğru atılan hər bir addım məni sevindirir.

Hörmətli mərasim iştirakçıları! Lütfizadə dogma vətəni Azərbaycanda cəmi üç dəfə olmuşdur. Bu günkü səfər onun vətənə son səfəridir. Bundan sonar o, vətən topağında əbədu uyuyacaq, ruhu daim şad olacaqdır. Vətən torpağında rahat yat böyük insan. Allah rəhmət eləsin!

.


 

 

 

 

 

 

Author : admin | Date: 2-11-2017, 17:31 | Views: 47