Problems of Oriental Philosophy
INTERNATIONAL ACADEMIC SCIENTIFIC JOURNAL
Ümumvəhdət fəlsəfəsi və müasir elm

ÜMUMVƏHDƏT  FƏLSƏFƏSI VƏ MÜASIR ELM:

XXI ƏSR. ELMI KƏŞFLƏR VƏ FƏLSƏFƏNIN ANLAYIŞ-KATEQORIAL  APARATININ  MƏZMUNU HAQQINDA TƏSƏVVÜRLƏRIN TƏSHİHİ

Fəl.e.d. ZÜMRÜD QULUZADƏ

 

  Bir fenomen kimi  varlıq və onun inkişaf qanunauyğunluqlarının mürəkkəbliyi və rasional idrakın imkanlarının məlum məhdudluğu fəlsəfi konsepsiyaların və elm və fəlsəfənin əsas anlayışlar aparatının məzmununun formalaşmasını, o cümlədən "xaos", "dərkolunmaz", "paranormal"  və s. bu kimi məfhumların ortaya çıxmasını tarixən şərtləndirmişdir. 

Təbiət və dəqiq elmlər  (astronomiya, fizika, kimya, genetika, tibb, psixologiya və s.), həmçinin mənəvi mədəniyyət tarixi sahəsində ən son kəşf və fərziyyələr, materiyanın  kodlaşması, Hiks bozonu, plazmoidlər, "qanın xəritəsi" və s. və i.a. vəhdətdə kəsrət və kəsrətdə vəhdət təşkil edən varlıq və onun idrakı haqqında fundamental təsəvvür və anlayışların məzmununa əsaslı surətdə yenidən baxılması zərurətini yaradır. Əldə edilmişvə günbəgün edilməkdə olan elmi nailiyyətlər  "varlıq", "yoxluq", "maddi", "ideal (qeyri-maddi)", "obyektiv", "subyektiv", "xaos", "paranormal"," inkişaf ","etnos", "tarix" əxlaq, hüquq və s. bu kimi kateqoriyaların məzmununa keyfiyyətcə yeni baxış tələb edir.

Müasir elmin varlığın idrakı sahəsində əldə etdiyi biliklərdən  və elmi və fəlsəfi təsəvvür və anlayışların qarşılıqlı təshih prosesinin universallığından çıxış edərək rasional-irrasional idrakın inkişafının indiki mərhələsində, ola bilsin, belə bir iddia etmək məntiqi olardı ki, əzəldən real-irreal, maddi-ideal (qeyri-maddi), dərkolunan- dərkolunmaz varlıq ən adekvat surətdə materialist, idealist və dualist fəlsəfi konsepsiyalar ilə deyil, maddi və ideal (qeyri-maddi) başlanğıcların ümumvəhdəti  konsepsiyası ilə anlana  bilər.

Deyilənlər kontekstində varlıq və idrakın əsas prinsipləri haqqında bir təlim  kimi, elmi tədqiqatların (xüsusilə fənlərarası araşdırmaların) ümumi metodologiyası olaraq məhz maddi və ya ideal (qeyri-maddi) başlanğıcın təzahür formalarının (Allah, ruh, ideya, maddinin formaları) və ya ilkinliyinin məcburiliyi vurğulanmayan, ümumvəhdət konsepsiyasının dialektika, komparativistika və anlayışların məzmununu müəyyənləşdirdikdə zaman birmənalılıq və radikalizmdən uzaqlaşdıran L.Zadənin  "qeyri-səlis məntiq"inin metodoloji prinsiplərinin birlikdə götürülməsinin elmi cəhətdən əsaslandırılmasının önəmliliyi xüsusi aktuallıq kəsb edir.

 Həmin konsepsiyanın təqdim olunmuş redaksiyasının prioritetliyi qlobal mənəvi mədəniyyət  tarixində onun müxtəlif özünüifadə formalarının mövcudluğu,  müasir elmin nailiyyət və fərziyyələri, həmçinin bu konsepsiyanın idrakın gələcək inkişafının fəal surətdə stimullaşdırılması üzrə potensial imkanlara malik olması ilə  təsdiq edilir.

    Yeni fəlsəfi dünyagörüşünün formalaşmasının əsasını təşkil edən müasir elmin inkişafı alimlərin  anti-humanist nəticələrə gətirib çıxaran və "ziyan vurma" prinsipinə uyğun olmayan kəşflər üçün mənəvi və hüquqi məsuliyyəti barəsində  təsəvvürlərə yenidən baxılmasını, onların  təkmilləşdirilməsini tələb edir. Bəlkə də XXI əsrdə beynəlxalq hüquq və məhkəmə kimi institutlarla analogiya üzrə alimlərə aid tabu və tələbləri ehtiva edən beynəlxalq əxlaqi senzura institutunun yaradılması məqsədəuyğu olardı.

Müzakirə edilməsi üçün təklif olunmuş ümumvəhdət  konsepsiyası AMEA-da 2010-cu ilin mart və may aylarında keçirilmiş elmi-nəzəri seminarlarda geniş müzakirə edilib   İnternetdə (www.orientalphilosophy.org)  əksini tapıb və  dünyanın müxtəlif ölkələrindən olan 500 mindən çox ziyarətçi onunla tanış olub. 2011-ci ildə "Rusiya Fəlsəfə Cəmiyyətinin Xəbərləri"nin 1-ci nömrəsində («Вестник Российского Философского Общества», №1) mənim «О философской концепции всеединства в свете современной науки (поиск методологии)» - "Müasir elm nöqteyi-nəzərindən ümumvəhdət  fəlsəfi konsepsiyası haqqında. (Metodologiya axtarışı")) adlı  məqaləm dərc edilib.  2012-ci ildə IV Ümumrusiya Fəlsəfə Konqresində f.e.n. G.Seyidovanın «Философская концепция всеединства в исследованиях современных азербайджанских ученых» ("Müasir Azərbaycan alimlərinin tədqiqatlarında ümumvəhdət fəlsəfi konsepsiya")  adlı məruzəsində bu konsepsiya haqqında məlumat  təqdim olunub.

    Çox istərdik ki, hal-hazırda keçirilən seminarda natiqlər  ümumvəhdət  konsepsiyasının varlığın ümumfəlsəfi idrak nəzəriyyəsi, yəni elmin ümumfəlsəfi metodologiyası kimi tanınmasının  məqsədəuyğunluğu  barəsində də fikirlərini bildirsinlər.

 
Z. Quluzadə, fəlsəfə elmləri doktoru

Author : Admin | Date: 16-06-2014, 14:53 | Views: 0