Problems of Oriental Philosophy
INTERNATIONAL ACADEMIC SCIENTIFIC JOURNAL
ƏFRAND FİRUDİN OĞLU DAŞDƏMİROVUN XATİRƏSINƏ


 

N E K R O L O Q

 


ƏFRAND FİRUDİN OĞLU DAŞDƏMİROVUN XATİRƏSINƏ*



Jurnalımızın 2012-ci il buraxılışında oxucular tanınmış Azərbaycan alimi, filosof, ictimai xadim, fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının və Rusiya Federasiyası Pedaqoji və Sosial elmlər Akademiyasının akademiki Əfrand Firudin oğlu Daşdəmirovun 70-illiyinə həsr olunmuş məqaləmiz ilə tanış olmuşdular.

Hazırkı buraxılışda isə biz dərin kədər hissi ilə Sovet və post-sovet dövrü mənəvi mədəniyyəti və, ilk növbədə, Azərbaycan elminin parlaq nümayəndəsi Əfrand Daşdəmirovun əziz xatirəsinə həsr olunmuş nekroloqu dərc edirik.

Əfrand Daşdəmirov 12 mart 1942 ildə Bakıda ziyalı ailəsində anadan olub. Bakıda o, orta məktəbi və Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.1965-68-ci illərdə o, Moskvada SSRİ EA Fəlsəfəİnstitutunun aspirantı olmuş və 1968-ci ildə orada "Fərdi şüurun milli məqamları” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.

O zamandan bəri, şəxsiyyətin, fərdin və cəmiyyətin milli və beynəlmiləl şüuru, və bunların nisbəti, partiyalılıq, obyektivlik və tarixi həqiqətin nisbəti” problemləri, bu problemlərin müxtəlif aspektlərinin analizi bir alim və ictimai xadim kimi Əfrand Daşdəmirovun çoxşaxəli elmi yaradıcılığının və praktiki fəaliyyətinin ana xəttinə çevrilir.

70-ci illərdə Əfrand Daşdəmirov Fəlsəfə və Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq Tədqiqat İnstitutunun elmi işçisi vəzifəsini ifa etməklə eyni zamanda Bakı Ali Partiya Məktəbində fəlsəfə tarixi, tarixi materializm və estetika fənnlərindən dərs deyirdi. 1977-ci ildə o, "Milli varlığın milli və beynəlmiləl formaları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdikdən sonra alimin tədqiqat və tədris sahələrində fəaliyyəti ictimai-siyasi fəaliyyətlə birləşir. 1996-cı ildən Əfrand Daşdəmirov Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasının Milli və Federativ Əlaqələr kafedrasının professoru olaraq millət və milli münasibətlərin nəzəriyyəsi və tarixi, etno-siyasi elmlər, etnik psixologiya və millətlərarası ünsiyyətin mədəniyyəti fənnləri üzrə mühazirələr oxuyub; 1998-99-cu illərdə isə, RF Millətlər və regional siyasət işləri üzrəNazirliyinin Rusiya Xalqları İnstitutunda Milli münasibətlərin nəzəri problemləri şöbəsinə rəhbərlik edib.

Uzun illər ərzində, alim elmi-araşdırıcı və elmi təşviqi fəaliyyəti ilə üzvi surətdə birləşdirərək, metodoloğiya, konfliktologiya, milli ideya və milli psixologiya sahələrində müxtəlif məsələlərə həsr olunmuş məqalə və məruzə və yazılarla çıxış edirdi.

1979 ildə Əfrand Daşdəmirov, Bakıda nəşr olunan "Azərbaycan Kommunisti” ("Коммунист Азербайджана”) jurnalının baş redaktoru olmuşdur, 2002-ci ildə isə, Moskvada yaranan Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti seçilib və 10 il həmin təşkilatın nəşr orqanı "Azərbaycan Konqresi” ("Азербайджанский Конгресс”) qəzetinin baş redaktoru olub.

Dövrünün siyasət tarixinə Əfrand Daşdəmirov fəal ictimai-siyasi xadimi kimi də, daxil olmuşdur. O, dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü, Respublikada hakim dövlət və partiya vəzifələrinəseçilmişdir, Azərbaycanı SSRİ-nın mərkəzi, partiya və dövlət qurumlarında təmsil edir və fəaliyyətinə görə dəfələrlə Azərbaycanın və Rusiyanın orden və medalları ilə təltif olunmuşdu.

Əfrand Daşdəmirov 9 monoqrafiya və çoxsaylı elmi-nəzəri məqalənin müəllifidir. Alimin elmi və ictimai-siyasi fəaliyyətində Qarabağ münaqişəsi, Sovet hökumətinin fəal dəstəyi ilə Ermənistan tərəfindən Qarabağın işğalı problemi xüsusi yer tutur. Sovet və post-sovet dövründə Azərbaycan və Moskvada, Azərbaycanda yaşayıb fəaliyyət göstərən Əfrand Daşdəmirov münaqişənin elmi təhlili, Ermənistanın təcavüzkarlığının və münaqişədə SSRİ rəhbərliyinin rolunun ifşa ediməsi ilə mütəmadi çıxışlar edirdi. Onun Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi kimi erməni təcavüzünü pisləyərək SSRİ Ali Sovetinin sessiyasında və Sov.İKP Mərkəzi Komitəsinin katibliyinin iclasında çıxışları geniş yayılıb. 1990-cı ilin iyul ayında o, "Dağlıq Qarabağ. Millətlərarası münaqişə yenidənqurma kontekstində” məruzəsi ilə"Zakafqaziyanın cəmiyyəti və tarixi” mövzusunda Londonda keçirilən beynəlxalq konfransın plenar iclasında çıxış etmişdir. Qarabağ böhranı Əfrand Daşdəmirovun Azərbaycanın və Moskvanın mətbuat vəteleviziyasında daimi çıxışlarının mövzusu olmuşdu.

Alimin sonuncu, hələ çap olunmamış "Qarabağ: dünən, bu gün, sabah” adlı monoqrafiyasında, Qarabağ mövzusu əsasdır.

Azərbaycan aliminin tolerantlıq və demokratiya ideyaları ilə zəngin, çoxşaxəli yaradıcı irsi, sosial fəlsəfənin müxtəlif sahələrində dərinliyi vəhumanizminin genişmiqyaslığı ilə seçilən, müasir dövrdə son dərəcə aktual milli məsələ və milli münaqişə problemlərinə həsr edilmiş elmi tədqiqatları tam hüquqla XX əsrin ikinci yarısı – XXI əsrin əvvəllərinin elm fonduna daxil olmuşdur. Əfrand Daşdəmirov dövrümüzün mədəniyyət tarixində bir maarifçi-alim, həqiqi demokratik və humanist ideallarının təbliğatçısı kimi qalacaq. Onu şəxsən tanıyan həmkar vəyoldaşlarının yaddaşında isə, o, yüksək ziyalılıq və ləyaqət daşıyicısı, təvazökarlıq, xoşxasiyyətlilik və xeyirxahlıq nümunəsi kimi yaşayacaq.

Z. Quluzadə*

 



* A.Daşdəmirovun elmi irsi haqqında məlumat ilə http://orientalphilosophy.org/. internet-saytında tanış olmaq olar.

 

* Fəlsəfə üzrə elmlər doktoru, AMEA Fəlsəfə və Hüquq İnstitutunun "Fəlsəfə və ictimai fikir tarixi” şöbəsinin baş elmi işçisi, "Şərq fəlsəfəsi problemləri” jurnalının Baş redaktoru. Email: zumrudkulizade@hotmail.com

 


Author : admin | Date: 29-03-2016, 23:50 | Views: 562