Problems of Oriental Philosophy
INTERNATIONAL ACADEMIC SCIENTIFIC JOURNAL
Razim Əliyev: Şumer Yaranış Fəlsəfəsindən İbn Ərəbi Sufizminədək

AYNA MOTİVİ

Şumer Yaranış Fəlsəfəsindən İbn Ərəbi Sufizminədək

Razim Əliyev


Şumer-türk dünyagörüşü əsasında Yaranış problemlərini araşdırarkən apardığım modelləşmə müəyyən etməyə imkan verdi ki, Dünyanın yaranmasını, Kainatın xəlq olunmasını anlamağa çalışan qədim insanlar Aynanı-Güzşünü dünyanıdərkin açarı ola biləcək bir simvol, metafora kimi qəbul etmişlər. Məhz buna görə də mistik–mifik düşüncədə Ayna motivi geniş yer tutmaqdadır. Yaranış haqqında türk və Şumer düşüncəsində, eləcə də bundan bəhrələnən digər qədim xalqların mifologiyasında Güzgü-ayna geniş şəkildə dərketmənin təməl elementi səviyyəsində özünü göstərir. Yaranışın bünövrə substansiyaları, həm də Şumer allahlar panteonunun əsasını təşkil edən dörd ünsür - SU, GÖY, HAVA və İŞIQ (An, Enki, Enlil və Nusku) elementləri ilə dünyanın ilkin mifoloji mənzərəsini formalaşdırdıqda 4 şəffaf elementdən ibarət kürrə, sfera alınır. Bu sferanın mərkəzindən keçən müstəvi su səthi AYNA kimi sonrakı mərhələdə formalaşan Dünyanın-Ulduzlu göyün (kosmosun) inikasını yaradaraq Kainatın yarı real, yarı ideal olan tam, bütöv mənzərəsini əks etdirir..Buradan alınan mühüm nəticə ondan ibarət idi ki, "Yer üzərində nə varsa hamısı Yuxarı dünyanın,Ulduzlu Göyün şəkili(kölgəsi),əksi, inikasıdır”. (Razim Əliyev Məxfilik qrifi,yaxud mif, fəlsəfə, din və dil düyünü. Bakı, "Ziya Nurlan” 2002. Səh. 25) Mifoloji düşüncənin əsasını təşkil edən bu cür yanaşma müxtəlif yazılı və şifahi mənbələrdə, adət ənənələrdə özünü göstərir. Bir neçə misalı nəzərdən keçirək:

1. Dünya güzgülü evdir, hər yerə düşür üzün

Ona görə hər zaman sənə tərəfdir gözün.

.................................................

2. Surətpərəstlər kimi olub özünə aşiq,

Öz əlinlə göy kimi güzgü tutursan yazıq!

(N. Gəncəvi "Sirlər xəzinəsi səh. 50. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı 1947)

3. Sağış (məhşər) günündə ayna görklü

Ayna günü oxuyanda xütbə görklü.

(Kitabi Dədə Qorqud səh.13. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 1962.)

4. "Uzundonlu (rahib) güzgüsünü gölə düşürmüş, gündüz yana-yana ağlayır, gecə sıtqıya-sıtqıya ağlayır”- deyir. (Orxon Yenisey abidələri. Ə.Rəcəbov, Y.Məmmədov Bakı, Yazıcı nəşriyyatı, 1993, səh.197.)

5. Toy mərasimlərində, gəlin köçürülərkən (həyatın başlanğıcı-Yaranış) Güzgüdən ritual elementi kimi istifadə;

6 .Ölüm ,dünyadan köçmə (həyatın sonu) ritualı zamanı güzgüdən istifadə elementləri, yaxud qədim qəbirlərdən tapılan güzgülər.

Sadaladığımız elementlər formalaşdırdığım "Güzgü konsepsiyası”nın ərsəyə gəlməsində mühüm amil olmuşdur. Yuxarıda gətirdiyimiz misallar qədim düşüncədə həyatın başlanğıcının və sonunun, Kainatın yaranışının və məhvinin (məhşərin) Güzgü ilə, Ayna ilə sıx bağlantıda qəbul edilməsindən xəbər verir. Bunlar həm də göstərir ki, Güzgü qədim türk-şumer təfəkküründə və bu təfəkkürün, dünyabaxışın nəticəsi, təcəssümü olan mədəniyyətdə əhəmiyyətli yer tutmuşdur. Buna görə də Güzgü konsepsiyası qədim mədəni-tarixi irsin öyrənilməsinə açar verir, mistik- mifoloji dünyagörüşlə bağlı min illər boyu məxfi, gizli saxlanan dünyagörüş xəzinəsinə daxil olmağa bələdçilik edir. Bu istiqamətdə apardığım araşdırmalar nəticəsində ərsəyə gələn kitablar və elmi məqalələr göstərir ki, Güzgü konsepsiyası həm də mifoloji kodun acarı kimi müvəffəqiyyətlə ozünü təsdiq edir. Onun ən başlıca tərəfi simmetriya yaratmasındadır. Belə ki,qədim kahin və Maqlar Aynanın inikas, simmetriya yaratmaq qabiliyyətindən məharətlə istifadə edərək kodlaşdırma aparmışlar. (Məsələn antropoloji və ya zoomorfik sturukturun simmetrikliyindən istifadə edilərək insan və heyvan üzünün,yaxud bədəninin simmetriya xətti böyu yarısından, insan əllərinin birindən, çevrənin simmetriklik əlamətindən kodlaşdırmada istifadə edilmişdir. Güzgü əksi üsulu ilə yazılmış Etrusk yazılarını, əks tələffüzlə formalaşdırılan onomastik terminləri və jarqon ifadələri də bura aid etmək olar). Bunların hamısının kod acarı isə inikas yaradan, simmetryiyaya tamamlayan aynadır.

Ayna şumer dövründən günümüzədək mistik- mifoloji düşüncədə gah mifoloji mətnin əsası, ideya-informasiya sütunu kimi, gah əsas çəkisini, mahiyyətini gizlədən, cüzi hissəsi üzdə ğörünən nəhəng ayzberq kimi, gah da parıltısı hərdən görünüb yox olan sirli təzahür kimi özünü göstərsə də, mifik təfəkkürdə aynanın yerini müəyyənləşdirməyə çalışarkən araşdırıcılarin diqqəti əsasən Yunan mifologiyasının Narciss obrazı üzərində cəmləşmişdir. Narcissin özünə vurğunluğu önə çəkilmiş, onun qədim türk-şumer təfəkkürü üçün xarakterik olan dual-ikili xarakteri, əksetmə və inikas ilə bağlı keyfiyyətləri çox vaxt diqqətdən kənarda qalmışdır. Şərq nağıl dünyasında çox-çox qədimdən önəmli yer tutan Güzgü obrazı ilə müqayisə və paralellər aparılmamışdır.Bütün bunlar Narciss haqqında mifə başqa nəzərlə yanaşılmasını tələb edir. Türk –şumer Yaranış təsəvvürləri ilə Narciss haqqında Yunan mifini müqayisə etdikdə bunların eyni təməl üzərində bərqərar olduğunu asanlıqla görmək olur. Şumer-türk yaranış modelində dünyanın da, insanın da cövhəri 4 ünsürün ilkini sayılan SU ilə bağlıdır. Narcissin anasının Su ilahəsi Yiriopa, atasının çay tanrısı Kefiss olması bu mifin xaraktercə türk-şumer yaranış təsəvvürlərindən qaynaqlandığını aydin göstərir. Narcissin kökünün, mayasının Su tanrısı və Su ilahəsi ilə əlaqələndirilməsi onun gələcək həyatında həlledici rol oynayan özünəvurğunluğun başlıca "səbəbkarı” Su –Aynadır. Burada da türk şumer Yaranış rəvayətində olduğu kimi əksetmə və inikas əsas amildir. Lakin bu yeganə dəlil deyil. Narcissə aşiq olan gözəl Eko ilə oğlanın söhbəti,mükaliməsi də əkslik üzərində qurulub. Onların dialoqu belə təsvir olunur:

Narciss: Burada kimsə var?

Eko: Var?

Narciss: Sən kimsən?

Eko: Kimsən?
Narciss: Bura gəl!

Eko: Gəl!

...........................

Buradan görünür ki, əks səda, exo şəklində təqdim olunan bu dialoq əslində Narcissin öz səsi, daha doğrusu səsinin əks sədası ilə mükaliməsidir.Bə aydin başa düşmək olur ki, EKO adı bir termin kimi işlənən EXO - əks səda anlayışının özüdür.(İnikas, əkslik qaydasına görə EXO elə "oxumaq” sözünün bir az dəyişilmiş "OXE” ifadəsinin əksidir). Yəni, Narciss bir halda öz səsi, əks sədası ilə danışırsa, digər halda Suda öz xəyalı ilə münasibətdə olur, şəkilini görüb ona vurulur. Burada da səslə əks sədanın,özü ilə sudakı şəklinin duallığı özünü göstərir.Lakin "Eko”nu-Exonun məhəbbətini rədd edən, onu qəbul etməyən Narciss əslində eşitmə orqanı ilə, eşitmə duyğusu ilə bağlı inikas təzahürünü qəbul etmir. Çünki dialoqdan gətirdiyimiz misaldan görünür ki, əks səda (Exo) tam inikas demək deyildir.Burada söz çevrilmir, əks olunub qayıtdıqdan sonra sadəcə təkrar olunur. Görüntü ilə yaranan inikasda isə şəkil, xəyal bir simmetriya xəti üzrə cevrilir, sağ və sol biri birini əvəz edir, digər xətt üzrə(baş-ayaq, yaxud, yuxarı aşağı) dəyişməz qalır. Buradan da əşya ilə xəyal arasında tam,bütöv duallığa uyğun mənzərə alınır. Narcissin suda (Aynada) görüb vurulduğu xəyal həm özüdür, həm də özü deyil. (Mifoloji mətnlərdə Narciss, yaxud Narkizz şəklində işlənən bu termin əslində Nərgiz deməkdir. Özünə-öz əksinə vurulan və bu uğursuz məhəbbət nəticəsində məhv olan oğlanın yerində bitən bihuşedici ətirli çiçəklərin də Nərgiz adlanması bunu bir daha təsdiqləyir). Müqayisələr apardıqca bu əfsanənin həqiqətlə xəyal, reallıqla ideallıq, maddiliklə qeyri-maddilik-ruh arasında olan duallığı əks etdirmək üçün gərəkli olduğu anlaşılır. Bu, rədd edilən Eko ilə (Səs və əks səda, exo misalında) oz səsinin ayrılmazlığının (vəhdətinin-səs yoxdursa əks-səda da yoxdur, əşya yoxdursa şəkil də yoxdur) lakin, onların vəhdətdəki tənhalığının, təkliyinin obrazlı çəkildə, simvollarla verilməsinin nümunəsidir. Buradakı ayna obrazı isə real-ideal,həqiqət və xəyal maddi və ruhi varlıqlar arasında həm sərhəddi, həm də körpünü, bağlılığı, onlar arasındakı mövcudluq və qeyri mövcudluq hallarını göstərir. Aynada görünən xəyal həm insanın, əşyanın eynidir, özüdür, həm də eyni deyil,başqasıdır. Bunların mahiyyətini isə Sufi metaforası, sufi güzgüsü ilə bağlı bilgilərlə müqayisədə daha asan başa düşmək olur.

Təsəvvüfdə aynaya davamlı müraciətin olduğu məlumdur.Sufi təlimində ayna simvolu tətbiqinin banisi hesab edilən İmam Əl Qəzalinin, sonra isə onun davamçısı İbn Əl Ərəbinin görüşlərində ayna bir metafora kimi mühüm yer tutur. Beləliklə, öz dünyabaxışlarında bu simvola daha çox yer verən İbn Ərəbinin Ayna ilə bağlı görüşlərini qısaca nəzərdən keçirək və müqayisələr aparaq.

İbn Ərəbi Ayna metaforu haqqında fikir və düşüncələrini əsasən özünün "Fusüsul Hikem” adlı əsərində şərh etmişdir. Bu əsərində o, Yaranış haqqında deyir: "Allah aləmi örnəksiz bir şəkildə son dərəcə gözəl və kamil yaratmışdır; çünki Allah gözəli sevər və ondan başqa gözəl yoxdur. Demək ki, Allah özünü sevmiş, sonra özünü başqasında görməyi sevmiş və iradə etmişdir..Bunun üçün də aləmi öz gözəlliyinin surətində yaratmış, ona baxmış, baxışın özünü məhdudlaşdırdığı kimsənin sevməsi kimi onu sevmişdir” (Bu fikir heç nəyə və heç kimə ehtiyacı yoxkən Allahın aləmi yaratmaq ehtiyacının nədən doğduğu barədə ənənəvi suala cavab çərçivəsində ifadə olunmuşdur, yəni,Aləmin Yaradılışının səbəbi Allahın özünü, oz gözəlliyini başqasında görmək istəyindəndir). Bu fikirləri şərh edən Azad Öztürk ozünün İbn Ərəbinin Ayna metaforu (simvollizm) yazısında qeyd edir: "Buradan aydın olur ki, başqasında özünü görmək istəyi aləmin ayna mahiyyətində yaradılmasını tələb edir. Aynaya baxmanın doyumsuz ləzzətini hamımız bilirik. Bu özümüzə olan sevgimizin bir nəticəsidir.(Narcissin özünə vürğunluğu ilə səsləşmə. R. Ə.) Burada psixoloji bir saplantıdan kənar varlığın özünə qarşı duyduğu qarşıqoyulabilməz cəzbdən bəhs edilməlidir. Ayna vasitəsilə varlıq mübtədası yenə öz surətini görərək özünün məlumatına çatmaqdadır”.

(Azad Öztürk "İbn Ərəbinin Ayna metaforu (simvolizm) 11 yanvar 2015. Ezoterizm və Mistisizm, Mədəniyyət, incəsənət, Sosiologiya və Teoloji, Təsəvvüf və Sufizm).

Orta əsr İslam dünyagörüşünə aid bu kiçik parçada min illər öncəki türk- Şumer mifoloji yaranış elementlərini asanlıqla görmək mümkündür. Bunlar: Mifoloji mətnlərdəki "Allah suda oz əksinə baxıb insanı yaratdı” fikrinin, yaxud Kainatın mifoloji yaranış modelindəki 4 şəffaf ünsürlə formalaşan, Nizami Gəncəvinin təbirincə desək "güzgülü evin” modelini əks etdirir. Burada Göy qübbəsi yarımsferanın aşağıdan SU ilə qapanması nəticəsində suda əks olunan səma yaranışın ilkin obrazı olmaqla, İbn Ərəbi görüşləri ilə qəribə şəkildə səsləşir. Azərbaycanın digər filosof şairi Ə.Xaqani görüşlərində bu daha da konkretliyini tapır.

Fələk çadırımdır, torpaq döşəyim,

Göz yaşı içdiyim sudur müxtəsər.

(Ə.Xəqani seçilmiş əsərləri, Azərbaycan SSR EA nəşriyyatı-Bakı 1956 səh.172)

Ə.Xaqaninin yaranışın ilkin mərhələsini türk-şumer baxışlarına uyğun təşvir etməsini (Şəkil 1,2) İbn Ərəbi görüşləri ilə müqayisə etdikdə bu ideyaların eyni mənbədən qaynaqlandığını asanlıqla görmək olur. Lakin təbii ki, həm Ə.Xaqani, həm də N.Gəncəvi İbn Ərəbidən müəyyən qədər əvvəl yaşadığından Yaranış və Dünyanın(Allahın) dərki ilə bağlı Azərbaycan şairlərinin görüşlərinin formalaşmasında İbn Ərəbi təsirinin olması qəbuledilməzdir. İbn Ərəbi görüşləri monoteizm düşüncələrinə uyğun yaradıcı- Allahı dərk etmə yönündə Ayna metaforunu tətbiq edir. Burada Ayna bir simvol kimi Allahın yaratdığı Aləm və İnsan obrazının yerindədir. Yəni, Aləm və insan Allahın güzgüsü, daha dürüstü Aynadakı əksi,inikası obrazındadır. Burada varlığın ikiləşməsi nəticəsi alınır. Bu dualizm real və ideal, gerçək və xəyal, maddilik və ruhilik, varlıq və yoxluq ifadələri ilə idrak edilən vəhdəti- vücud anlamını, fəlsəfi yanaşmasını ortaya qoyur. Əslində bu yanaşmada monist teologiya dualist yanaşma olmadan öz həllini tapa bilmir. Dualist yanaşma vəhdəti –vücud anlamı ilə qədim türk-şumer dünyabaxışından monoteist anlama keçilməsini təmin edir. Çünki, Allah yaratdıqlarından qabaq-Aləmsiz, adamsız, aynasız təkdir, yeganə varlıqdır. Və bu zaman vəhdəti-vücuda yer qalmır. Əgər vəhdət və vücud sözlərinin mənasına diqqət yetirsək bunu asanlıqla başa düşmək olur. Yəni, birincisi, TƏK varlığın vəhdəti olmur. Vəhdət, vahidləşmə iki və daha çoxa aiddir. İkincisi, cədd, təməl substansiya, zat, cövhər mənasını verən vücud birdən artıq olmasa vəhdətə gəlməkdən, vahidləşməkdən danışmağa yer qalmazdı. Zatın, ilkin substansiyanın təməl varlığının birdən artıq olmasının minimum variantı isə ikilik, duallıqdır.

 

Şəkil 1 Şəkil 2

 

Aydın başa düşülür ki, məşhur sufi müdriki Şeyx Əkbər ləqəbi qazanmış İbn Ərəbinin Ayna simvolu ilə bağlı baxışları qədim türk-şumer dünyagörüşünə əsaslanır. Bunu İbn Ərəbinin digər fikirləri də təsdiq edir. Onun "Ayna simvolu bilən ilə bilinənin birliyini əks etdirir” deyimi Ayna qarşısındakı obyektin-varlığın (bilənin) özü ilə aynada görünən xəyalın (bilinənin) arasındakı münasibəti əks etdirir. Və burada o fikir vurğulanır ki, Allah özünü zatı olaraq varlıq aynasında bilməsi üçün yaradılışınreallaşması lazımdır. Türk-şumer mifoloji modelində yaranış ilkin dörd substansiyadan birinin-Enlilin(Havanın) göy qübbəsini üfüq xətti boyunca kəsib ayırmasından sonra baş verir. (Çünki Zamanın başlanğıcı bu andan hesablanır) Buna qədər isə, üfüqdən aşağıda yastı su-Ayna səthi olsa da, hələ Günəşi, Ayı, Ulduz və Planetləri yaranmamış olan Göyü əks etdirmək funksiyasını yerinə yetirə bilmir. Çünki, SU-Güzgü qarşısında yerləşən Göy və Hava (Göy qübbəsi) şəfafdır və şəffaf olan obyektin şəkli alınmaz. Yəqin buna görədir ki, Yaranışın ilkin mərhələ Aynası cilasız,əks etdirməyi bacarmayan Güzgü kimi təqdim olunur. Burada daha bir fərq görünür. Təsəvvüf təliminin baniləri yaradan (bilən) məfhumunu Allah sözü ilə ifadə edir və o tək, vahiddir. Türk-şumer modelində isə ilkin varlıq kimi SU(Ayna) Göy, Hava və İşıq yaradıcı keyfiyyətindədir. Lakin, qədim təsəvvürlərə görə onlar özləri də tanrıdır və Şumer Allahlar Panteonunun əsasını, "Ali şürasını” təşkil edirlər. Araşdırmalarımız göstərir ki, həmin ünsürlərin, xüsusilə Göy və İşığın vəhdəti gələcək monoteizmin mənbəyi olmuşdur. Belə ki, 4 ünsür modelində bu ünsürlərin hamısı şəffafdır, gözəgörünməzdir;(biri- birinə çevrilə bilən və bir ünsür kimi təzahür edə biləndir) onlar zamanın başlanəıcından qabaq mövcud olduqları üçün zaman xaricindədirlər, həmişəyaşar, ölümsüz varlıqlardır. Təkcə Goy və işıq (Yaxud, işıqdan, təkcə cisimsiz varlıqdan ibarət sfera) kimi təzahür etdikdə həm zaman xaricində olmaq,həm də laməkanlıq keyfiyyətləri ilə Mütləq varlıq keyfiyyətləri göstərirlər. (Bunları isə A.Eynşteynin nisbilik nəzəriyyəsinə bələd olmadan başa düşmək olmur).

Tətqiqatçılar İbn Ərəbi və İslam ariflərinin Allahın özünü iki şəkildə bildiyini söyləmişlər. Birincisi Zatın özü-özünü bilməsi kimi; Yəni Haqq aləmlərə möhtac deyil. İkincisi isə Zatın ad və sifətlər deyə izah edə biləcəyimiz aləm aynasında özünü bilməsi kimi.Yəni ilahi adlar baxımından Haqq aynalara bənzər.

İbn Ərəbiyə görə, İnsan Allahın, Allah isə insanın aynasıdır. Lakin, Ayna: "Zati məqamı gözə bənzər. Upanişadlarda ifadə edildiyi kimi,görünən şeyləri görən göz göprünməzdir. Bilinən şeyləri bilən ağıl bilinə bilməz. Bu baxımdan güzgü oz bilinə bilməzliyi içərisində bilinə bilən sonsuz və tək şeydir.” Gəlinən nəticələrdən biri bundan ibarətdir ki, "Varlığın” görünə bilməsi üçün mümkün aynasına ehtiyacı vardır. Əks halda Saf Varlığı görüb dərketməmiz qeyri mümkündür. Elə isə mümkün, aynaya baxan insan ilə güzgü arasında görünən surətə bənzər. O nə görəndir, nə də ondan başqadır! Mümkün sübutu baxımından Haqqın eyni də deyil, ondan başqa da deyil. Elə isə Mümkün varlıq nisbi olandır. Baxdığımız bu məqamlar Azad Öztürkün İbn Ərəbi baxışlarında Mütləq, Zəruri varlığın dərki baxımından istifadə olunan Ayna simvolu ilə bağlıdır. Burada da Türk-şumer yaranış modelindəki real- ideal nisbiliyi özünü göstərməkdədir. Sufi baxışlarında Yaradanın, Aləmin, konkret mənada insanın dərki, Yaradan (Zəruri) və Yaranan (Mümkün) münasibətləri və bu yöndə bir metafora kimi güzgünün rolu baxımından maraqlı məqamlar çoxdur. Belə məqamlardan bəzilərinə diqqət yetirən türkiyəli araşdırıcı Umit Sayqi "Lacanın Ayna mərhələsi və İbn Ərəbinin Ayna metaforu üzərinə bir müqayisə” adlı yazısında qeyd edir ki:”Ənənəvi sufi baxış bucağında insan bütün aləmin bir mikro forması idi.Fiziki halı ilə təbiəti, ruhən də ilahi olanı təmsil edirdi. Yəni, təbiətdə olan dörd ana elementi həm fiziki, həm də metoforik olaraq daşıyırdı. Bunlar torpaq, hava, su və atəşdir”. Lakin, burada asan nəzərə çarpan fərq ondadır ki, dörd ana element şumer yaranış modelində təkcə təbiəti təmsil etmirdi. Onlar eyni zamanda əvvəl qeyd etdiyimiz kimi Şumer tanrıları, ilahi varlıqlar idi. Zənnimizcə türk-şumer yaranış modeli əsasında formalaşdırdığımız Güzgü konsepsiyası ilə Sufi təlimindəki Ayna simvolunun bağlılığını əks etdirən nəzərdən keçirdiyimiz məqamlar bəs edəcək qədərdir. Güzgü konsepsiyası ilə İbn Ərəbi Aynası arasında apardığımız müqayisə və paralellər bir tərəfdən bunların eyni mənbədən qaynaqlandığını ortaya qoyur, digər tərəfdən buradakı mücərrədliyi aradan qaldırmağa imkan verir.Fərq ondadır ki, şumer-türk modelində ilkin və həmişəyaşar substansiya kimi təbiət ünsürlərinin rolu, funksiyası həm güzgü (SU) həm də güzgü qarşısındakı obyekt(GÖY,sonra isə ulduzlu GÖY) obrazında təsvir olunursa, İbn Ərəbinin Vəhdəti-vücud fəlsəfəsində bilən (Allah) və bilinən (Aləm, İnsan) ayna obrazında qarçı-qarşıyadır.Əgər peripatetik fəlsəfə üçün xas olan təbiət elementlətinin ilahiləşdirilməsi xüsusiyyətini nəzərə alsaq (Türk-şumer strukturundakı təbiət elementlərinin elə şumer allahları olmasından əvvəlcə bəhs etmişdik) hər iki modelin eyniliyi bir daha özünü göstərir.

İlkin Yaranışın, başqa sözlə Kainatın, Aləmin simmetrikliyini Ayna obrazı ilə insanların beyinlərinə hər vəchlə döyəcləyən bu cür baxışlar komplesi bəşəriyyətə başa salmağa şalışır ki, sirli dünyanın, əlçatmaz, dərkedilməz dünyanın acarı elə simmetriyaya tamamlayan Aynadır, Güzgüdür. Bunu simmetriya üsulu ilə, güzgü qaydası ilə kodlaşdırılan elə həmin üsulla da kodu açılan yüzlərlə qayaüstü təsvir, qədim yazı, onomastik termin və ifadələr deməyə əsas verir.

Yaranış modeli və "Güzgü konsepsiyası” Sufi təlimində Allah (Yaradan) və Yaranan (Aləm-Kainat) münasibətlərindəki mücərrəd məqamların konkretləşdirilməsinə də imkan yaradır. Həm də, dərin maraq doğuran odur ki, bütün bunlar Yaranış haqqında ən müasir baxışlarla heyrətamiz dərəcədə səsləşir. Bu mənada bu yazını akademik V.İ.Vernadskinin aşağıdakı fikri ilə bitirmək istərdik:” Simmetriya prinsipi XX əsrdə getdikcə yeni sahələri əhatə etdi və etməkdədir. Kristalloqrafiya, bərk cisim fizikası sahəsindən o kimya sahəsinə, molekulyar proseslərə və atom fizikası sahəsinə daxil oldu. Şübhə yoxdur ki,onun təzahür etməsini biz əhatə olunduğumuz daha uzaq elektron dünyasında tapacağıq, ona Kvant anlayışı tabe olacaqdır ".(Simmetriya prinsipi. Moskva Nauka 1978, səh. 5).

Kristalloqrafiya sahəsində görkəmli Azərbaycan alimi Xudu Məmmədovun "...biçimi simmetrik olan quruluşlar daha yaxşı yadda qalır və daşıdığı bilginin bərpa olunmasını asanlaşdırır” fikri bəlkə lap əski çağlardan fəhm edildiyindəndir ki, gələcəyə ünvanlanan informasiyaların kodlaşdırılması simmetriya üsulu ilə aparılmışdır?

 


Author : admin | Date: 27-01-2016, 23:59 | Views: 1 680