Problems of Oriental Philosophy
INTERNATIONAL ACADEMIC SCIENTIFIC JOURNAL
ALBAN VƏ ERMƏNİ TARİXÇİLƏRİ ALBANİYA HAQQINDA

ALBAN VƏ ERMƏNİ TARİXÇİLƏRİ ALBANİYA HAQQINDA

 

Fəlsəfə elmləri doktoru  Zümrüd Quluzadə

 


 

Elmi ədəbiyyat və publisistikada Dağlıq Qarabağın Ermənistana aid olması haqda xeyli sayda əsassız və "əsaslandırılmış" iddialar mövcuddur. Onların məqsədi – guya tarixi Ermənistan və ermənilərin ərazi və etnik birləşməsini nəzərdə tutan bədnam "miatsum"un işğalçılıq siyasətinə elmi-nəzəri əsaslar gətirməkdir.

Bununla bərabər, birləşmə ideyasını təbliğ edənlər, adətən, Qarabağın Ermənistanın tərkibində olmasının həqiqi, tarixi hüquqa malik olduğu haqda iddiaya əsaslandığı qondarma tarixi hüquqa istinad edirlər.

Bu baxımdan, biz ictimaiyyətə və, ilk növbədə, dünya başçılarının siyasi oyunlarında istifadə edilməsi naminə günahsız insanların (qətlə yetirilmiş, şikəst olmuş, qullar və əsirlərə çevrilmiş, qarət edilmiş, torpaqlarından və evlərindən qovulub sürgün edilmiş) göz yaşlarını və qanını sel kimi axıdan "miatsum"-ideyasının müdafiəçilərinə alban və orta əsr erməni tarixçilərinin bəzi düşüncələrini və bunlarla bağlı Ermənistanı araşdıran müasir tədqiqatçıların şərhlərini xatırlatmaq istərdik.

Tərəfimizdən cəlb edilmiş yazılı abidələr və onlara dair şərhlər Moskvada XX əsrin 80-cı illərində nəşr olunmuşdurlar.

1976-cı ildə L.A.Xanlaryanın şərhləri ilə qədim erməni dilindən rus dilinə tərcümə edilmiş XIII əsr erməni tarixçisi Kirakos Qandzaketsinin "Ermənistanın tarixi” nəşr olunmuşdur.

Abidənin "Aşağıda hekayə şəklində gətirilən "Aqvank olkəsinin tarixinin qısa xülasəsi”” adlanan 10-cu fəslində müəllif yazmışdır: "İkinci hissədə isə, biz həmvətənlilər və həmdinlərimiz kimi, Aqvank ölkəsinin maarifçiləri haqqında fəsli yerləşdirmişik, xüsusən də, ona görə ki, onların başçıları ermənidillidirlər, bir çoxları ermənicə danışırlar... xalq bizlərlə birlikdə pravoslav dinində yaşayırdı, bunlardan isə belə qənaətə gəlinir ki, hər iki xalq haqqında birlikdə danışmaq gərəkdir” (adı çəkilən əsər, s. 132).

Beləliklə, Kirakos Qandzaketsi qətiyyətlə iman və dil (lakin, yalnız başçılarının dili, bütövlükdə xalqın deyil) cəhətindən bir birinə yaxın olan və fikrincə "haqqında birlikdə danışmaq gərək” olan iki ayrı xalqı qeydə alır.

Diqqətəlayiqdir ki, mənbənin tərcüməçisi və şərhçisi olan məşhur erməni tədqiqatçı-xanım L.A.Xanlaryan da, erməniləri və albanları iki ayrı xalq hesab edir.

Belə ki, gətirilmiş parçanı şərh edərək, L.A.Xanlaryan, daha da qədim erməni tarixi mənbəyə istinadən, iki xalqın (biz tərəfdən cizgilənib –Z.K.) tarixi dostluğunda diqqəti vurğulayır: iqtisadi və mədəni həyatlarının və siyasi talelərinin birliyi ilə şərtləşdirilmiş iki qonşu xalqın (kursiv bizimdir –Z.K.) dostluğu haqqında həmin ideya X əsr erməni tarixçisi Movses Kalankatvatsinin də, əsərindən keçir (X əsrin alban tarixçisi Moisey kalankatuyskiy nəzərdə tutulur).

Bu xalqın xristianlığı qəbul etməsi haqqında danışarkən sonuncu yazırdı: "Buna riayət edərək, Ermənistan və Aqvaniya (kursiv bizimdir –Z.K.) ölkələri bu günə dək yekdil qardaşlıq və harmoniyada yaşayırdılar” (Bax: "Aqvanların tarixi” Moisey Kaqankatvatsi, h. 1, f. 9).

Beləliklə, 3 tarixçinin yekdilliklə qəbul etdiyinə görə X, XIII və XX əsrin Ermənistan və Albaniyası – iki biri birindən fərqli xalqları olan ölkələrdir. Digər mənbələrdə də, bu mövqedən çıxış edilir.

XVII əsrin Orta əsr tarixçisi Arakel Davridjetsi öz "Tarixlər Kitabı”nın (erməni dilindən tərcümə, ön söz və şərhlər L.A.Xanlaryanın. Moskva, 1973 il) "Müqəddəs Vardapet Poqosun nəsihətlər və həyat tarixi” adlı 23-cü fəslində yazırdı: "Sonra Vardapet oradan getdi və Qavanlar ölkəsinə Qarabağa, Kötüklü adlanan bir yerə yola düşdü” (kursiv bizimdir –Z.K.)... (Adı çəkilən kitab, s.226).

Belə ki, zehni erməni ekspansionizmi ilə zəhərlənməmiş tarixçi açıq aşkar yazır ki, Qarabağ ermənilərin yox, aqvanların, yeri gəlmişkən isə, türk-Azərbaycan toponimlərə malik olmuş ("Kötüklü” – Azərbaycan dilində "kökə malik olan” deməkdir) ölkəsi olub.

Və yenədə L.A.Xanlaryan sübut edir ki, Aqvaniya Ermənistanın hissəsi olmayıb, və aqvanlar – ermənilər deyil. Həmin kitabın ön sözündə oxuyuruq ki, mənbənin müəllifi ermənilərlə qonşuluqda yaşayan gürcü, alban (biz tərəfdən cizgilənib –Z.K), fars, türk xalqları haqqında ətraflı danışır (Adı çəkilən kitab, s. 21).

Həmin fikri L.A.Xanlaryan erməni tarixi yazılı abidələrə istinad edərək şərhində təkrar edir: "qədimdən Ermənistan iki hissəyə bölünürdü – Kiçik və Böyük Ermənistana, onlar isə, öz növbələrində, daha kiçik inzibati vahidlərə ayrılırdı. Böyük Ermənistan, qədim erməni mənbələrə görə (biz tərəfdən cizgilənib –Z.K), Şərqdə – Xəzər dənizi, Atrapatakanla, Cənubda – Suriya, Mesopotamiya, Assuriya ilə, Qərbdə - kiçik Ermənistanla, Şimalda – Kolxida, İveriya və Aqvank ilə həmsərhəd olmuşdur (Bax: "Ermənistanın tarixi” Moisey Xorenskiy, s. 291, əlavə II)”.

Beləliklə, Albaniya nə Böyük, nə də ki, Kiçik Ermənistanın tərkibinə daxil deyildi, bu da, göstərilmiş konkret halda L.A.Xanlaryan tərəfindən V əsr erməni tarixçisi Movses Xorenatsiyə istinadən təsdiq edilir.

Albanların etnik şüuru və kimliyi, onların öz ərazisinin suverenliyinə əmin olmaları haqda XIII əsrin məşhur Alban hökmdarı Həsən Cəlalın nəslindən çıxan, Alban hökmdarları sülaləsinə məxsus olan Albaniya katolikosu Həsən Cəlalyan Yesainin "Alban ölkəsinin qısa tarixi (1702-1722)” adlı tarixi mənbə də, xəbər verir.

Belə ki, XX əsrin son on ilində siyasi səbəblərlə şərtləşən geniş şəkildə yer almış saxtakarlıqlara baxmayaraq V əsrdən XX əsrin 90-cı illərinə dək erməni yazılı tarixi dəfələrlə xəbər verirdi ki, albanlar və Albaniya nə etnik, nə də coğrafi baxımdan ermənilərin və Ermənistanın "əzəli tarixi" hissəsi olmayıb.

Gətirilmiş parçalar bu barədə məlumatsız olan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Eləcə də, bu yazıda təqdim olunanlar Qarabağın və Ermənistanın həqiqi tarixini bilməyən, və ya, bilmək istəməyən və öz iqtisadi və siyasi mənafeləri naminə tarixi saxtalaşdıran, Cənubi Qafqaza öz siyasi maraqlarının nüfuz dairəsindən və "Böl və idarə et” (Lat.: Divide et impera) qaydasından çıxış edərək yanaşan, öz və güclü xarici siyasətçilərinin girovuna çevrilmiş iki qonşu xalqın arasında qanlı müharibənin törədilməsinə təhrik edən savadlı tədqiqatçı, publisist və müxtəlif miqyaslı siyasətçilərə ünvanlanır.

Qarabağ presedenti, Qarabağın əks-sədası keçmiş "sosialist düşərgəsi"nin ərazilərində yayılmışdır. Sözlə ifadə oluna bilməyən və çox vaxt, yenə də, siyasi səbəblərdən bir dini istiqamət vermək cəhdləri ilə müşayiət edilən dövrümüzün qondarma etnik münaqişələrin dəhşətlərinə görə günahın böyük payı Qarabağ faciəsinin ideoloqlarının üzərinə düşür. Bu barədə hamı xəbərdar olmalıdır və, hamıdan əvvəl, Qarabağın Ermənistanla birləşməsinə qeyri-mövcud tarixi hüququnu müdafiə edən müasir siyasətçi və alimlər.


Author : admin | Date: 26-01-2016, 14:18 | Views: 801