Problems of Oriental Philosophy
INTERNATIONAL ACADEMIC SCIENTIFIC JOURNAL
MUĞAMATIN (Məqamat) FƏLSƏFƏSİ

 


MUĞAMATIN FƏLSƏFƏSİ

 

- XXI əsr dünya mədəniyyətində İslam mədəni bölgəsi xalqlarının bədii və o cümlədən, musiqi təfəkkürunün tarixən ayrılmaz hissəsi olan muğamata marağın dirçəlişini;

- muğamatın fəlsəfə və ilk növbədə bölgə mədəniyyətinə xas eqzo - və ezoterik səciyyəli "vəhdət əl-vücud” təlimi ilə üzvü bağlılığını;

- muğamat fenomeninin və adı gedən əlaqənin fəlsəfi əsasının elmi-nəzəri təsvir və təfsirinin musiqişünaslıqda birmənalı olmadığını nəzərə alaraq Sizə təqdim etdiyimiz saytımızda

"Muğamatın fəlsəfəsi”

adlı xüsusi rubrika açmaq qərarına gəldik.

Rubrikanın məqsədi — mütəxəssisləri və muğamatı sevən ziyarətçilərimizi imkan daxilində musiqişünaslıq və fəlsəfədə muğamata dair mühüm aktual və mübahisəli elmi-nəzəri problemlərlə tanış edərək, onlara bu sahədə sərbəst şəxsi mövqelərini bildirmək üçün şərait yaratmaqdır.

Problemə daxil olmaq naminə sizi aşağıdaki suallar üzərində düşünərək mövqe bildirməyə dəvət edirik:

1. Muğamatın musiqişünaslıqda regional və etno-milli musiqi fenomenləri kimi təriflərə malik olmasını nəzərə alaraq, bu fenomenlərin ümumi və xususi, cins və növ əlamətlərinin müəyyən edilməsi vacibdirmi? Bölgə və etno-milli musiqi mədəniyyətinin janrları olan muğamatın elmi təriflərini necə təsəvvür və təklif edərdiniz?

2. Muğamatın musiqi sistem olaraq quruluşu və fəlsəfi-etik ideyalarına ayrılmaz hissələr kimi baxmaq olarmı?

3. Muasir muğamat elminin terminologiyasının təshis edilməsi (korrektəsi) və müəyyən dərəcədə vahid şəklə salınmasının (unifikasiyanın) məqsədəuyğunluğuna münasibətiniz necədir? "Məqam", "muğam", "muğamat", "pərdə", "dəstgah", "muğam ailəsi", "dövrə" (dövr) və s. bünövrəvi anlamların məzmunlarının və bu məzmunların fəlsəfi aspektlərinin, müxtəlif etno-milli muğamat terminlərinin müqayisəsi yolu ilə təshis edilməsi elmi baxımdan məqsədəuyğundurmu?

4. Muğamın və muğamatın "ənənəviliyindən” və ya "ənənəliyindən” bəhs etmək daha düzgündür?

5. Muğam, muğamatın fəlsəfi qaynaqları və muğamatın təkamülü haqqında elmi ədəbiyyatda olan mövqələrə münasibətiniz necədir?

6. Milli-etnik və o cümlədən, Azərbaycan muğamı/muğamatı dedikdə onlara necə tərif verərsiniz?

7. Muğamat fəlsəfəsində dinilik, mistika, dünyəvilik, sensual, rasiyonal və irrasiyonalın vəhdətini qəbul etmək düzgündürmü?

8. Müxtəlif cəmiyyətlərdə, xüsusən sosiyalist və müasir post-sosiyalist cəmiyyətlərdə muğamat elmində muğamatın fəlsəfəsinə münasibətin səbəb və nəticələrini necə dəyərləndirirsiniz?

9. Muğamat fəlsəfəsinin Orta əsrlər və Yeni dövr Şərq fəlsəfi poeziyasının əsas prinsipləri ilə əlaqəsi və vəhdətini necə görürsünüz?

10. Üzeyir Hacıbəyli, Əfrasiyab Bədəlbəyli və digər sovet dövrü musiqişunaslarının Azərbaycan muğamatının fəlsəfəsinin adını belə çəkməmələri yolu ilə Azərbaycan muğamatını repressiyadan xilas etmələrinin tarixi zərurətini dərk edərək muğamatın müasir dövrdə fəlsəfə ilə əlaqəsinin tədqiqinin vacibliliyinə münasibətiniz... Müasir muğamatın fəlsəfəsini necə görürsünüz?

11. Müxtəlif (Şərq, Qərb) etno-milli və bölgə dini-ruhani musiqisi ilə muğamatın ideya və forma baxımından ümumi və fərqli cəhətlərinin tədqiqinə münasibətiniz…

12. Post-sovet dövründə Azərbaycan və regional muğamatın fəlsəfəsinin inkişaf perspektivlərini, onları dinə və dünyəviliyə təmayüllüyünü necə proqnozlaşdırırsınız?

13. İnstrumental-vokal iləyanaşı, instrumental-rəqs və ya instrumental-vokal-rəqsdə muğamat fəlsəfəsinin izharı mümkündürmü?

14. Rəqslə müşayiət edilən 12 Uyğur muğamatının Çin mədəniyyətinin təsiri ilə bağlamak olarmı?

15. Perpsektivdə mövcud etnik, o cümlədən Azərbaycan muğamatı da daxil olmaqla, muğamat dəstgahında instrumental-vokal sintezlə yanaşı instrumental-vocal-rəqs vəhdətini necə görürsünüz?

16. Musiqi və xüsusi muğamat lüğət ensiklopediyalarında anlayışların(terminlərin) fəlsəfi məzmunu açıqlanmalıdırmı?

17. Muğamat fəlsəfəsinin dünya muğamatşünaslarının birgə elmi tədqiqinin aktuallığı və bu məsələnin təxirə salmadan təşkil edilmesinə münasibətiniz…


Author : Admin | Date: 14-08-2015, 19:02 | Views: 408