Problems of Oriental Philosophy
INTERNATIONAL ACADEMIC SCIENTIFIC JOURNAL
Zümrüd Quluzadə "KITABI DƏDƏ QORQUD" DASTANI HAQQINDA

 

Zümrüd Quluzadə, fəlsəfə elmləri doktoru

 


BIR DAHA AZƏRBAYCAN TARİXŞÜNASLIĞININ MƏXƏZLƏRİ OLAN "KITABI DƏDƏ QORQUD" DASTANI VƏ  ABBASQULU AĞA  BAKIXANOVUN "GÜLÜSTANI-İRƏM" ƏSƏRI HAQQINDA 

 


          Gətirilən problemlər barədə dəfələrlə yazmışam, lakin bugünədək yazdıqlarımız cavabsız qalır. 

 





 

 


Təqdim edilmiş məqalə müəllifin “Kitabi Dədə Qorqud” eposu işığığnda Azərbaycanın elmi tarixinin təkmilləşməsinə yönəlmiş silsilə məqalələrindən biridir. Məqalənin digər məqsədi –  Azərbaycan tarixçilərinin diqqətini Abbasqulu ağa Bakıxanovun “Qafqazın Şərq hissəsi” tarixi – “Gülüstani – İrəm”  əsərinin tədqiqat konsepsiyasına istiqamətləndirməkdir. Məlumdur ki, A.Bakıxanovun qədim dövrlərdən XIX əsrin əvvəlinə qədər Qafqazın şərq hissəsinin tarixinə həsr edilmiş kitabı Çar Rusiyası EA akademikləri M.F.Brosse və B.Dorn tərəfindən çox yüksək qiymətləndirilmişdi. Akademiyanın Tarix-Filologiya Bölməsinin 16 may 1845-ci il tarixli iclasının protokolunda qeyd edildiyi kimi, “akademiklər M.F.Brosse və V.Dorn bakılı polkovnik Abbasqulu ağa Bakıxanovun yazdığı “Qafqazın Şərq hissəsinin tarixi” haqqında çox maraqlı məlumat vermişlər: “Orada (A.Bakıxanovun kitabında – Z.Q.) müxtəlif coğrafi yerlər haqqında çox mühüm məlumatlar və ən qədim dövrlərdən bizim günlərə qədər Şirvanın və Dağıstanın tarixinin elmi icmalı verilir, beləliklə, onun kitabı Qafqaz ölkələrinin tarixinə və coğrafiyasına qiymətli əlavə ola bilər, heç şübhəsiz, kitab diqqətə və bəyənilməyə layiqdir”.  Azərbaycan tarixi ilə bağlı bir sıra konkret məsələlərin mübahisəli olmasını nəzərə alaraq məqalədə istifadə etdiyimiz “tarixi məxəz” anlayışı haqqında məlumat verməyi məqsədəuyğun bilirik. Belə ki, “tarixi məxəz” anlayışının məlum olduğu kimi, müxtəlif məna parametrləri var. Ən geniş mənada “tarixi məxəz” keçmiş haqqında məlumat daşıyıcısı olan maddi və mənəvi abidələrinin məcmusunu əhatə edir. Arxeologiyadan musiqişunaslığa qədər elmlərin tədqiqat obyekti olan bu abidələr vəhdət və bütövlükdə ayrı-ayrı xalqların coğrafi, siyasi, etnik, dil və mənəvi mədəniyyətinin müxtəlif sahələrini ehtiva edən mənzərəni yaradır.  Tarixi məxəzlərin müəyyən qismi yazılı şəkildə mövcuddur. Yazılı irs – xüsusən qədim dövr və Orta əsrlərin müxtəlif formalara malik məxəzləri məzmunlarının özünəməxsus ensiklopedizmi, rasional və irrasionalın – fantastika və mifin ehtivası və dəyər meyarlarının subyektiv və obyektivliyinin vəhdəti ilə səciyyələnərək cəmiyyət tarixinin obyektiv bərpası üçün əvəzedilməzdirlər. Tarixi öyrənərkən yazılı məxəzlərə səciyyəsindən asılı olmayaraq, istər müxtəlif rəsmi sənəd, (müqavilə, fərman, hesabat və s.), dini abidə (əvvəlcə şifahi, sonra isə yazılı şəkildə təsbit edilmiş), istərsə də coğrafi, ədəbi, tarixə dair və s. əsərlər olsun istinadın elmi əhəmiyyəti və aktuallığı inkaredilməzdir. Tarixi coğrafiyanı, siyasi, etnik və mədəni tarixi, o cümlədən, Azərbaycanın qədim və orta əsrlər tarixini təsvir və təfsir edən Azərbaycan tarixçiləri məlum olduğu kimi, "Gilqameş” (Bilqamıs) dastanına", Qurana, Tövrat, İncil, "Odisseya",  Nizaminin "Xəmsə"si, eləcə də tarixə dair yunan və erməni müəlliflərinin yazdıqları çoxsaylı tarixlə bu və ya digər şəkildə bağlı əsərlərə müraciət ediblər.Elmi ədəbiyyatda tarixi məxəzlər arasında tarixi informasiya daşıyıcıları kimi xarakterizə olunan mühüm milli-tarixi hadisələrdən bəhs edən geniş mənzum və ya mənsur rəvayətlər, təhkiyələr və ümummilli tarixi əhəmiyyətə malik hadisələri təsvir edən dastanlar xüsusi yer tutur. Türk xalqlarının mühüm milli-tarixi hadisələrindən bəhs edən oğuz-türk dilində Azərbaycanda yaradılmış "Kitabi Dədə Qorqud" (bundan sonra KDQ) dastanı da artıq uzun əsrlərdən bəri yazılı irsə daxil olmuş bu dastanlar sırasına daxildir. Əvvəlcə folklor əsəri kimi meydana çıxmış KDQ dastanı məzmun, forma və mədəniyyət tarixlərindəki əhəmiyyətinə görə sonradan qələmə alınan Şərq və Qərb mənəvi mədəniyyət tarixinin analoji  dastanları kimi, yazıda təkamül nəticəsində müəyyən forma və məzmun sabitliyi qazanaraq o da digər yazılı məxəzlər kimi, maddi və mənəvi tarix haqqında özünəməxsus tarixi informasiya daşıyıcısına çevrilmişdir.Lakin fikrimizcə, Azərbaycan tarixşünaslığında tarixi məxəz kimi KDQ dastanının potensial imkanlarından hələ də lazımınca istifadə olunmayıb. Məlumdur ki, KDQ dastanının müəyyən dərəcə salnamə üslubunda Şimali Azərbaycan (Qafqaz Albaniyası) ərazisində ictimai toplum şəklində yaşayan oğuz türklərinin dili, mentalitlərini formalaşdırmış dinləri, etik təsəvvürləri, digər qonşu etnos və din nümayəndələri ilə qarşılıqlı münasibətləri, siyasi strukturu, sosial-iqtisadi münasibətləri və nəhayət, bu toplumun sərhədləri, sərhədlərin mühafizəsi, vassalları və s. haqqında məlumat verir. Qeyd etməliyik ki, Azərbaycan ərazisində dövlətçilik tarixinin dəqiqləşdirilməsinin tarixi məxəzlərindən biri kimi KDQ dastanının yerinin elmi müzakirələri zamanı Azərbaycanın bəzi peşəkar tədqiqatçıları, o cümlədən, tarixçiləri tərəfindən KDQ dastanı tarixi məxəz kimi qəbul edilmirdi. Tarixi məxəz kimi, KDQ dastanına inamsızlığın səbəbi, dastanın bədii əsər –– dastan statusu və fantastika və mistika elementlərini ehtiva etməsi göstərilirdi. Məhz bununla əlaqədar məqaləmizi ümumiyyətlə dastanlara və o cümlədən, KDQ dastanına tarixşünaslıq məxəzi kimi müraciət olunmasını əsaslandırmaqdan başladıq  və  Azərbaycanda dövlətçilik tarixinin tədqiqində tədqiqatçıların tarixi məxəz kimi KDQ dastanına qarşı iddialarının elmi cəhətdən qeyri-obyektivliyini sübut etməyə çalışacağıq. Müasir Azərbaycan Respublikası ərazisində vaxtilə xanlıq  formasında Oğuz-Türk dövlətçiliyi olduğunun etirafı və ya təkzibinin Azərbaycan-Alban dövlətçiliyi ilə yanaşı Oğuz-Türk dövlətçiliyinin tanınmasının Azərbaycan tarixi və Azərbaycan mədəniyyət tarixinin təfsirinə ciddi dəyişikliklər edə biləcəyini və bu sahədə çoxsaylı saxtalaşdırmaların üzə çıxarılmasında əhəmiyyətli ola biləcəyini nəzərə alaraq, biz yenə də artıq neçənci dəfədir ki, tədqiqatçıları KDQ dastanının məlumatlarını ciddi elmi müzakirə etməyə çağırırıq.

Təkrar edirik ki, KDQ dastanında Şimali Azərbaycan ərazisində yığcam (kompakt) şəkildə yaşamış oğuz-türklərin etnik mənsubiyyəti, sosial və siyasi ierarxiyası, mentaliteti, dini-dünyagörüşü təsəvvürləri barədə dəqiq məlumatlarla yanaşı, oğuzların dövləti və bu dövlətin mövcudluğunun sübutu olan – Oğuz Xanlığının sərhədləri də göstərilib. Sərhədlərdən biri, dastana görə, oğuzlara hər il bac-xərac verən Gürcüstan dövləti ilə olan sərhəddir. KDQ dastanına görə, bu sərhəd xəttində Gəncə və Bərdə şəhərləri yerləşirdi ki, dastanda göstərildiyi kimi, burada Oğuz Xanlığının sərhədlərini qorumaq üçün oğuz bahadırı Bəkil öz adamları ilə birlikdə qərarlaşdı (Bax: KDQ dastanının İmranın oğlu Bəkil haqqında fəsli; "Kitabi Dədə Qorqud" Ensiklopediyası, C.1, s.138). İkinci sərhəd, yenə də eposa görə, Dəmir Qapı Dərbənddən keçirdi. Tədqiqatçılar qarşısında həmin dövlətin nə zaman mövcud olduğunu müəyyənləşdirmək vəzifəsi durur.Azərbaycan tarixinə dair əsərlərdə göstərildiyinə görə, VI - VII əsrlərdə Alban katolikosu iqamətgahı (551-ci il) və Alban çarlığı paytaxtı (630-cu ildən) Bərdədə yerləşirdi. Deməli, belə olduqda bu dövrdə Bərdə oğuzlara məxsus ola bilməzdi və Bəkil Bərdədə Oğuz xanlığının sərhəddini qoruya bilməzdi. Məntiqə əsasən, Qafqaz ərazisində Oğuz-Türk Xanlığı VI-VII əsrlərdən ya əvvəl, ya da sonra mövcud olmuşdur. Fəqət, bu xanlığın həmin dövdən sonra mövcudluğunu Azərbaycanın orta əsrlər tarixi haqqında nisbətən ətraflı məlumatlar vermiş istər ərəb, istərsə də erməni tarixçilərinin qeydlərinin olmaması istisna edir. Dastanın islamaqədərki dövr ərzində yarandığını isə onda oğuz- türklərin sosiomədəni həyatı haqqında verilmiş hərtərəfli məlumatlar sübut edir. Onun yaranma dövrünün qədimliyini dastanda təsvir olunmuş cəmiyyətin səciyyəsi ilə bərabər, onun Qərbin "Nibelunqlar haqqında nəğmə", "Roland haqqında nəğmə" və s. bu kimi məşhur orta əsr dastanları ilə müqayisədə dini ideologiyanın təsirinə, daha az dərəcədə məruz qalması da təsdiq edilir.* Şərqi Qafqaz ərazisində alban dövlətçiliyinə qədər Oğuz Xanlığının olub və ya olmaması və bu xanlığın zamanı və digər parametrləri haqqında suallara Azərbaycan arxeoloqları və dil tarixçilərinin tədqiqatlarının nəticələrinin dastanda əks olunmuş mədəniyyətlə, xüsusən onun şamanlıq və totemizm ilə bağlı layları ilə müqayisəsi nisbətən qəti cavab verə bilər. Xatırladaq ki, dastanda oğuzların cəmiyyət və dövlətinə Qam oğlu Qam (Şaman oğlu Şaman) Bayandur xan başçılıq edirdi.Cənubi Qafqaz tarixinin bir çox problemlərinin mübahisəli olduğuna rəğmən, təəssüf ki, tarixi məxəz olan KDQ dastanının Şimali Azərbaycan ərazisində xanlıq formasında qədim Oğuz-Türk dövlətinin mövcudluğu haqqında verdiyi məlumatlar, bölgənin həm siyasi, həm də mədəni tarixinin təfsirini müəyyən dərəcədə dəyişdirə biləcək bu günədək ciddi elmi araşdırmaların obyekti olmayıb. Bunu və KDQ dastanının mötəbər tarixi məxəz olmasına inamsızlığı nəzərə alaraq, zənnimizcə, Azərbaycan tarixçilərinin KDQ dastanında Oğuz Xanlığının mövcud olması barədə məlumatların düzgünlüyünə olan şübhələrinə bir daha qayıtmaq məqsədəuyğundur.  2009-cu ildə  AMEA-nın İctimai Elmlər Bölməsinin iclasında bu problemin müzakirəsi zamanı yuxarıda deyildiyi kimi, bəzi Azərbaycan tarixçiləri dastanda mifologiya və fantastika elementlərinin təzahürü və dastanının ədəbi əsər olmasını qeyd edərək  onda verilən məlumatların mötəbərliyini sinxron eyni vaxtda yazılmış tarixi əsərlərdə olan məlumatlarla təsdiq olunmasını vacibliyini qeyd etdilər. (Hərçənd bu cür sərt tələb, məlum olduğu kimi, onlar tərəfindən istifadə olunan bütün digər tarixi məxəzlərə qarşı heç də irəli sürülmürdü). KDQ dastanında yazılmış məlumatların sinxron yazılı tarixi məxəzlərədə öz təsdiqini tapmasına gəldikdə, təbii, bu məxəzləri tapmaq tarixçilərin problemidir. Bircə onu qeyd edə bilərəm ki, Oğuz Xanlığının mövcud olduğu dövrü müəyyənləşdirməmiş, tarixçilərin bu xanlığın mövcudluğunu o dövrdə yazılmış tarixi məxəzlərlə təsdiq etməsi tələbinin məntiqi əsası yoxdur.Bununla əlaqədar hörmətli Azərbaycan tarixçilərinə xatırlatmaq yerinə düşər ki, onların qədim və erkən Orta əsr Qafqaz və Azərbaycan tarixinin tədqiqi zaman istifadə etdikləri yazılı tarixi abidələrin məlumatlarının obyektivliyini həmişə də digər abidlərlə sinxron təsdiqini verməyiblər. Bu məxəzlərin mötəbərliyini müəyyənləşdirmək məqsədilə zamanca eyni və ya yaxın dövrdə mövcud olan tarixi məxəzlərlə onların müqayisəli təhlili hələ ki, aparılmayıb.Deyilənlər, ilk növbədə, Azərbaycan tarixçilərinin klassik məxəz kimi qəbul etdikəri erməni və alban tarixinə dair əsərlərə aiddir və əksər tədqiqatçılar həmin əsaslanaraq Azərbaycanın elmi tarixini yaratmağa cəhd göstərib və göstərirlər. Lakin Azərbaycan tarixçilərini nədənsə tarixi məxəz kimi yalnız KDQ dastanında mifoloji və fantastik məzmunlu məqamlar həyəcanlandırır.  Deyilənləri nəzərə alaraq, Azərbaycan tarixçilərinə Azərbaycan tarixini təsvir və bərpa edərkən əsərlərinə son dərəcə geniş isnad etdikləri müəlliflərin - Moisey Kalankatlı və Favstos Buzandın kitablarına müraciət etməyi təklif edirik. Favstos Buzandın "Ermənistan Tarixi" adlı əsərindəki dolaşıq və əsaslandırılmamış məlumatlar tanınmış Azərbaycan tarixçiləri tərəfindən nəinki özlərinin fundamental monoqrafik tədqiqatlarında, həm də “Azərbaycan Tarixi”nin müxtəlif illərin akademik nəşrlərində, o cümlədən onun sonuncu 7-cildlik nəşrində dəfələrlə təkrarlanır. Burada Azərbaycandakı etnogenetik proseslər izah edilən zaman, yeri gəlmişkən, yalnız Favstos Buzandda rast gələn etnik vahidlərin “poxlar”, “balasiçlər” kimi adlarından istifadə olunduğunu görürük (qulağa xoş gəlsin deyə bəzi müəlliflər həmin adları, müvafiq olaraq, «puхlar», «pахlar», «balasisilər» və s. kimi verirlər).Azərbaycan və Qafqazın etnoqraf və tarixçilərindən adları çəkilən etnik vahidlərin mövcudluğu, onların dili, ərazisi, sosial və mənəvi həyatı barəsində məlumat alınması, bu etnonimlərə digər tarixi əsərlərdə onların rast gəlib-gəlmədikləri haqqında hər hansı əlavə məlumatın eşidilməsi Azərbaycan və bütövlükdə Qafqaz xalqlarının etnik tarixi üçün zəruridir.Azərbaycan tarixçilərinin Favstos Buzandın "Ermənistanın tarixinə" istinadları ilə bağlı onların diqqətinə çatdırmağı məqsədəuyğun hesab edirik ki, tarixçilərimizin mötəbər yazılı tarixi məxəz kimi ciddi-cəhdlə qəbul etdikləri Favstos Buzandın "Ermənistan tarixi" adlı əsər, erməni alimlərinin yazdıqları kimi, ilkin olaraq "Povest" və ya "Hekayələr" adlanırdı, yenə də erməni tarixçiləri, yazırlar ki, Favstos Buzandın "Ermənistan Tarixi" deyilən əsəri fantastik uydurma və möcüzələrin şərhi ilə doludur. Belə ki, F. Buzandın əsərinə giriş məqaləsinin müəllifi olan N.S. Xaçikyan göstərir ki, heç bir yazılı məxəzlərə malik olmadan "...tarixçi F.Buzand erməni xalqının zəngin folkloru, əfsanə və rəvayətləri, matəm mahnıları və epik dastanlarından, o cümlədən "Fars müharibəsi" dastanından geniş istifadə edib” . Oxuculara və eyni zamanda, hörmətli tarixçilərə Moisey Kalankatlının "Aluank ölkəsinin tarixi”ndən bəzi məlumatları xatırladaq. Ola bilsin, bu məlumatlar Azərbaycanın növbəti tarixini hazırlayarkən tarixçiləri öz elmi mövqelərinin, xüsusilə KDQ dastanına münasibətlərinin düzgünlüyü üzərində düşünməyə məcbur edə. Belə ki, "Aluank ölkəsinin tarixi”nə müqəddimədə Adəmdən başlayaraq Nuha qədər albanların nəsil şəcərəsi verilir və bunun arxasınca Bibliya rəvayətləri əsasında (I kitab, I- II fəsillər) Yafət və onun nəslinin şəcərəsi gəlir. I kitabın IV fəslində oxucuya bəşər övladının yaranışından “Yafətin nəvə-nəticələrindən Aran adlı birisinin” dünyaya gəlməsinə qədər baş vermiş hadisələrdən xəbər verilir: “...onun (Aranın) oğlundan Uti, Qardman, Çavdey, Qarqar knyazlıqlarının tayfaları törəyib”. Möcüzə və fantastik əfsanələrlə adı çəkilən əsərin I kitabının VII, X, XXIII fəsillərində, II kitabının V, VI, XVI, XXIX və b. fəsillərində, həmçinin “Vəftizçi İohannın vicdanlı başı haqqında...” adlı Əlavədə tanış ola bilərsiniz.M. Kalankatlının əsərindən müəyyən məqamları şərh edən, onun tərcüməçi və şərhçilərindən biri, erməni tarixçisi Ş.Smbatyan yazır : "Beləliklə, əminliklə demək lazımdır ki, Movses Kalankatlı  məlumatlarını onun dövründə çox yayılmış, zaman dolandıqca bir çox təfərrüatını itirmiş və nəzərəçarpacaq dəyişikliklərə məruz qalmış şifahi rəvayətlərdən əxz edirdi". Yenə də Moisey Kalankatlının "Aluank ölkəsinin tarixi” abidəsinin nəşrinə ön sözdə Ş.Smbatyan yazır : “... o, (М.Kalankatlı), özündən  əvvəlki erməni tarixçilərinin - Movses Xorenatsi,Yeqişe, Lazar Parpetsi və Petros Sünetsinin əsərlərindən, həmçinin bir sıra erməni katolikoslarının – Güt Araxezatsi (461-478), İohannes Qabelenatsi (557-574), Abraham Albatanetsi (607-615), Maştots Yeliardetsi (897-898) və b. yazılarından, müxtəlif dastan və əfsanələrdən, övliyaların tərcümeyi-halından geniş istifadə edilib.”Lakin KDQ dastanının, dastan olması və fantastik məqamları Azərbaycan mütəxəssislərində orada deyilənlərə şübhə və inamsızlıq yaradır. KDQ-dəki folklor və mifoloji məzmunlu məqamlara şübhə və inamsızlıqla yanaşan Azərbaycan tarixçiləri erməni və alban tarixşünaslığının məlumatlarının mötəbərliyinə isə qeydsiz – şərtsiz inanırlar və analoji səciyyəli erməni xalqının əsərlərinin mötəbərliyi şübhə altına alınmır.        



  Gətirilən problemlər barədə dəfələrlə yazmışam, lakin bugünədək yazdıqlarımız cavabsız qalır.  Təqdim edilmiş məqalədə biz Azərbaycan və başqa ölkələrin tarixçilərinin diqqətini yalnız KDQ dastanına deyil, həm də, mübaliğəsiz, əsəri dünyanın hər bir xalqının tarix elminin qürur obyekti ola bilən, Azərbaycanın məşhur tarixçi və mütəfəkkiri Abbasqulu Ağa Bakıxanovun əsəri "Gülüstani-İrəm"ə - "Qafqazın Şərq hissəsinin tarixi"nə yönəltməyi zəruri hesab edirik.  Postsovet Azərbaycanının tarix elmi nümayəndələrinin Azərbaycan  tarixinin yeni tədqiqat metodologiyasını, onun yeni konsepsiyasını,  intəhasız axtarışlarını nəzərə alaraq Abbasqulu Ağa Bakıxanovun özündə yüksək elmiliklə yüksək tolerantlığı birləşdirən tarix konsepsiyasını xatırlatmaq istərdik. Əsərdən, elmi fənn kimi tarixin konsepsiyasının əsasını təşkil edə biləcək bir fraqment gətiririk. “Gülüstani-İrəm"ə ön sözündə A.Bakıxanov yazırdı: “Əxbar kitabları və asari-ətiqə qalıqları heç bir ölkədə keçmişdə vaqe olan işləri lazımi tərtib və təfsil ilə ifadə edə bilməz. Xüsusilə bu ölkə tayfaların gediş-gəlişi və istilası üzərində həmişə iğtişaş və qarışıqlıq meydanı olmuşdur. Bir çox kitab, tarixi sənədlər və maddi mədəniyyət asarı məhv və tələf olmuşdur. Başqa millətlərdən heç birinin tarix kitabları da bu məsələləri layiqlə izah etmir. “Bununla bərabər, “öyrənilməsi tamamilə mümkün olmayan bir şeyi tamamilə də tərk etmək olmaz” kəlamının məzmununca bu işə lazım olan vasitələrdən mümkün olanını ələ keçirib dağınıq məsələləri bir-birilə əlaqələndirdim. Mövcud əsərləri nəql və rəvayət olunan xəbərlərlə tutuşdurdum . Tarix yazmaqda lazım gələn qaydalara riayət etdim: mətləbləri müxtəsər və sadə ibarələrlə yazdım, tədricə diqqət etdim və hadisələr arasındakı rabitəni gözlədim, (bütün bəşəriyyəti vahid ailə, Yer kürəsini isə ümumi vətən sayaraq) millət təəssübündən və vətən tərəfdarlığından çəkindim. Hər bir mətləbi mötəbər sözlər, cürbəcür kitablar və məktublar, sultanların fərmanları, sikkələr, asari-ətiqələrin qalıqları və əhalinin bir məzmunlu müxtəlif təqrir və bəyanları ilə mümkün dərəcədə əsaslandırmağa çalışdım. İxtilaflı yerlərdə əlamət və nişanələrə istinad və əqli ehtimallara müraciət etdim . Səciyyəvidir ki, ön sözdə A.Bakıxanov istifadə etdiyi çoxsaylı məxəzlərə toxunaraq, xüsusi olaraq vurğulayır ki, “Başqa millətlərdən heç birinin tarix kitabları da bu məsələləri layiqlə izah etmir”. Bu sətirlər sanki KDQ dastanının gələcək tədqiqatçılarına ünvanlanmışdır.Qaldırılan məsələlərin müzakirəsinin, elmi aktuallığı ilə yanaşı, çoxaspektli mənəvi-siyasi əhəmiyyətinin inkaredilməzliyini nəzərə alaraq onların yəni dövlətçilik tariximiz, etnogenezimiz və tarixşünaslıq konsepsiyamız ilə bağlı ciddi müzakirəsinə hələ də ümidimi itirmirəm.



[1] Гюлистан-и Ирам. — Б.: Элм, 1991. — 304 с. — ISBN 3-8066-0236-2.

[2] Həmin ildə problemin müzakirəsi xahişi ilə mən AMEA-nın Prezidentinə xüsusi məktubla (Bax: О значении эпоса «Китаби Деде Коркут» в восстановлении научной картины истории Азербайджана) müraciət etmişdim. Məktub (З. Кулизаде “Концептуальные проблемы социокультурного развития” (конец XX начало XXI вв.) Баку. Элм.  1999. 309-310).

[3] Əsərin qədim erməni dilindən tərcüməsi və ona yazılan kommentarilər M.A.Gevorgyana məxsusdur. Əsər S.T.Eremyan redaktəsi və N.S.Xaçikyanın giriş məqaləsi ilə 1953-cü ildə Yerevanda nəşr edilib. Azərbaycanın bunuda xatırlatmağa dəyər ki, ermənişünasların internetə yerləşdirdiyi məlumatdan aydındır ki, Favstos Buzandın əsəri ermənişünaslıqda dəfələrlə epos kimi səciyyələnib və ədəbiyyatşünaslıq əsərlərində ona erməni epsounun nümunəsi kimi baxılıb. Bax: Obeqyan Manın “Erməni eposu və qədim erməni ədəbiyyatının qısaldılmış tarixi” Yerevan, 1923 s.22-24. (Erməni dilində); Obeqyan Man. “Qədim erməni ədəbiyyatının tarixi”. Cild. 1.s.150-156.Yerevan, 1948; Faustoz Buzance “Erməni mifologiya, arxeologiya, tarix və ədəbiyyat tarixi araşdırmaları” toplu, Moskva 1898 – ci il. S.266, 274. (N.O.Eminin Şərq dilləri Lazorev İnstitutunun Etnoqrafik Fondu, buraxılış II.). Yenə də bax: Erkən Orta Əsr erməni tarixləri (O tarixlər ki, Azərbaycan tarixçiləri onlardan tarixi məxəz kimi istifadə edirlər. – Z.Q.) erməni tarixçisi Xalatyantsın yazdığı kimi, məlum olduğu kimi, eposların materialları ilə doludur. (Bax: Q.R. Xalatyants Moisey Xarenskinin “Ermənistan tarixində erməni eposu” tədqiqat ədəbiyyatında göstərilir ki, tarixi abidənin tərkib hissəsi kimi, epos Moisey Xorenskinin “Ermənistan tarixi”nin I və II hissəsinin III, VI, VIII, IX, XI, XII, XIII, XIV, XV fəsillərində iştirak edir.) Bax: “Şərq dilləri Lazorev İnstitutunun Şərqşünaslıq üzrə əsərləri”. Buraxılış XIV. Bu məsələ ilə əlaqədar daha müfəssəl məlumatı “Kitabi Dədə Qorqudu” tarixi məxəz kimi lazımincə dəyərləndirməyib erməni tarixlərinə istinad edən Azərbaycan tarixçiləri və Azərbaycan oxucuları internetdən tapa bilrlər.

http://www.krotov.info/acts/05/armen/buzand_07.htm

http://www.vostlit.info/Texts/rus14/Buzand/pred.phtml?id=283

[4] Смбатян Ш. В. Предисловие.  Мовсес Каланкатуаци. История страны Алуанк / Пер. Ш. В. Смбатяна.— Ереван: Матенадаран, 1984.

[5] Смбатян Ш. В. Предисловие.  Мовсес Каланкатуаци. История страны Алуанк / Пер. Ш. В. Смбатяна.— Ереван: Матенадаран, 1984.

[6] Tarixçi alim nəql və rəvayətlərin tədqiqata cəlb edilməsini ən azı mümkün hesab edir.

[7][7][7] A. Bakıxanov. Gülüstani-İrəm. Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, Bakı – 2000. Tər.ed.M.Əsgərli. file:///C:/Users/admin/Documents/Gulustani%20irem.pdf

Author : Admin | Date: 2-06-2015, 21:54 | Views: 0