Problems of Oriental Philosophy
INTERNATIONAL ACADEMIC SCIENTIFIC JOURNAL
Dr. Cavad Heyət

 

 Azərbaycanın adı və hüdudları

 Cavad Heyət

 

Zəngin şəxsi keyfiyyətlərə malik gözəl insan, elm adamı, Paris Beynəlxalq Cərrahlıq akademiyasının üzvü, tanınmış publisist və ədəbiyyatşünas, məşhur cərrah və türkoloq alim Cavad Heyət özünün elmi və ədəbi fəaliyyətində hər zaman azərbaycançılıq ideologiyasını əks etdirmişdir. Cavad Heyətin elmi tədqiqatlarında və pulisistik məqalələrində qələmə aldığı əsas fikirlər özünün təsis etdiyi "Varlıq” jurnalında öz əksini tapmışdır. Bu jurnal illərdiki bütün dünyada Azərbaycanı və sahib oldugumuz böyük mədəniyyətin təbliğini öz çiyinlərində daşımışdır. O, İslam inqilabının qələbəsindən sonra cərrahiyyə fəaliyyətinə davam etməklə yanaşı, bir sıra azərbaycanlı yazarlarla bərabər "Varlıq” jurnalını nəşr etməklə ,orada Azərbaycan dili və ədəbiyyatı haqqında bir sıra silsilə elmi ədəbi məqalələrə geniş yer ayırmışdır.

C. Heyət irsinin daim yaşaması və bu  məqalələrin geniş oxucu kütləsinə təqdim olunması üçün ictimai və elmi fəaliyyətində hər zaman onun yanında olan Baxşəli Zülfinin təşəbbüsü ilə doktorun "Varlıq” jurnalında dərc olunmuş məqalələrini toplu halında "Dilimiz, Ədəbiyyatımız və Kimliyimiz Ugrunda” sərlövhəli kitab şəklində nəşr etdirdik. Fikrimizcə bu kitab hər bir tədqiqatçının müraciət edə biləcəyi və çox asanlıqla suallarına cavab tapa biləcəyi ensiklopedik xarakterli kitabdır. Özünün də ön sözdə qeyd etdiyi kimi, "Bu məqalələri Arazın şimalında yaşayan bacı- qardaşlarımızın oxumaları həm lazım, həm də faydalıdır. Bu məqalələrdəki mətləbləri başqa mənbələrdə tapa bilməzlər. Mən bunları hazırlamaq və yazıb nəşr etdirmək üçün bir ömür əmək sərf etmişəm və bir çox sıxıntılara dözmüşəm”.

Həyatını bütün Türk dünyasının maariflənməsinə həsr edən alimin anadan olmasının 90 illiyi ilə bağlı anma tədbiri may ayında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik fondunda keçirildi. Tədbirdə Bilik fondunun icraçı direktoru Oktay Səmədov, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev, "Şərq Fəlsəfəsi Problemləri” jurnalının təsisçisi və baş redaktoru Prof. Dr. Zümrüd Quluzadə, AMEA Əlyazmalar İnstitutunun elmi işçisi, C. Heyətin "Mən və Atam” xatirələr kitabını fars dilindən tərcümə edən Əkrəm Bağırov, yaralı yerimiz olan cənub mövzularını işıqlandıran filologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Məmmədli və AMEA nın gənc alimləri doktorla bağlı xatirələrini bölüşüb, səhiyyədə və ədəbiyyat sahəsindəki fəaliyyətlərindən və şəxsi məziyyətlərindən danışıblar.

 "Dilimiz, Ədəbiyyatımız və Kimliyimiz Ugrunda” kitabı tərtib edərkən diqqətimizi çəkən yazılardan biri "Azərbaycanın adı və hüdudları” başlıqlı məqalə oldu. Məhz bu məqalədə görkəmli alim Azərbaycan adının mənşəyi barədə müxtəlif fikirdə olan müəlliflərin bu haqda düşündüklərini xronoloji ardıcıllıqla sıralamışdır. Doktor Cavad Heyət bu yazısında sərhədlərimizə göz dikən, Azərbaycanın adı və sərhədləri ilə bağlı heç bir tarixi əsasa dayanmadan  qərəzli fikirlər söyləyənləri bir qədər düşünməyə vadar etmişdir.

 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi

Aysel Acalova (Zülfi)

 

 

Azərbaycanın adının mənşəyi haqqında müəlliflərin fikirləri müxtəlifdir.

Bəzi tarixçilər həmin adın bu ölkədə olan atəşkədələr və odla əlaqədar yarandığını yazırlar və deyirlər ki, azər (atur, atər) pəh-ləvi dilində «od» deməkdir və pat (pad-bad) «keşik çəkən – ke-şikçi və qoruyan» deməkdir; kan, ya gan da (ərəbcə tələffüzü – can) «yer» və ya nisbət şəkilçisidir. Yəni atəşkədələri qoruyan yer. Ərəblər gəldikdən sonra «g» səsi «c» kimi tələffüz olunduğu-na görə, «Azərbaycan» demişlər. Böyük islam tarixçisi Təbəri (226-310 hicri) və Yaqut Həməvi bu fikri müdafiə etmişlər.

Əski tarixçilərin çoxu Azərbaycan sözünü Atropat və ya Aturpataya bağlayırlar. Məşhur yunan coğrafiyaçısı Strabonun (eramızdan əvvəl 63-cü il – eramızdan sonra 19-cu il) yazdığına görə, Atrupatis Üçüncü Dariyuş zamanında Kiçik Midiya və ya Azərbaycanın (Satrap) valisi imiş. İsgəndər İrana hücum edib Hə-xamənilər sülaləsini yıxdığı zaman o, İsgəndərlə anlaşaraq öz əya-lətini qorumuş və orada padşah kimi səltənət qurmuşdur. Zaman keçdikcə bu əyalətin adı onun adı ilə məşhur olmuşdur.

Bəzi müəlliflər isə Azərbacan adının türk mənşəli olduğunu yazırlar. O cümlədən Məhəmməd Hüseyn ibn Xələf Təbrizi 1062-ci hicridə Hindistanda nəşr etdirdiyi «Burhani-qate» lüğətində ya-zır: «Quyənd, vəqti ke, ağuz (oğuz) an vilayət gereft, səhra və mərğzare ocan ke, yeki əz məhale velayete-Azərbaycan əst, ura xoş aməd və fərmud ke hər yek əz mərdome-onca yek damən xak beyavərənd və anca berizənd və xod benəfse yek damən xak avərd və berixt; təmaməte-leşkər və mərdom hər yek daməni xak beyavərdənd və berixtənd, poştəye-əzimi behəm rəsid, name-an poşte ra Azərbayqan kərd».

Sonra Azərbayqanı belə mənalandırır: «Çe azərbe-loğəte-tork beməniyə-bolənd əst və bayqan be-məniyə-bozorqan və mohtə-şəman» («borhane qate», I cild, səh.24). Tərcüməsi: Deyirlər, oğuz (oğuz) o vilayəti alanda oranın bir bölgəsi olan Ocanın çölü-nü bəyəndi və buyurdu, hər kəs bir ətək torpaq gətirib oraya tök-sün, özü də bir ətək torpaq gətirib tökdü. Bütün qoşunu və xalqı bir ətək torpaq gətirib tökdülər, böyük bir təpə oldu, o təpənin adı-nı Azərbayqan qoydular. Sonra Azərbayqanı belə mənalandırır: Azər türk dilində «uca» deməkdir və bayqan da «böyüklər» və «möhtəşəmlər» deməkdir.

Azərbaycan alimi Mirəli Seyidov Azərbayqan sözünün az-ər-bay-qan sözlərinin tərkibindən əmələ gəldiyini düşünərək onun mənasını belə izah edir: «az» əski türk tayfalarından birinin adıdır və gültəkin abidəsində də ona işarə olunmuşdur. Eyni zamanda az uğur və xoşniyyət deməkdir. Ər türkcədə «İnsan, kişi və mərd (qəhrəman)» deməkdir. Ər sözü başqa sözlərin sonuna gələrək «el-tayfa» adlarını törədir. Məsələn: Xəzər (Xə-zər), Qacar (Qac-ar), macar (mac-ar), avar (av-ar); bay «bəy», «qəbilə başı», «ha-kim» və «zəngin» deməkdir. Gan//qan sifət və fel şəkilçisidir (alışqan – adət eləyən). Ayrıca azər «mübarək» mənasında da iş-lənilmişdir.

Mirəli Seyidova görə, Azərbayqan insanın güclü atası və ya mübarək güclü ata deməkdir.

Hüdud: Azərbaycanın özünün tarixi keçmişində siyasi-coğrafi və etnik bir vahid kimi formalaşarkən müxtəlif dövrlərdə qurulan dövlətlər zamanında hüdudu etnik dəyişikliklərə məruz qalmış və buna görə də, tarixçilər tərəfindən onun haqqında müxtəlif rəva-yətlər yazılmışdır. Həmin məsələ bugünkü alimlər və tarixçilər arasında fikir ayrılığına və münaqişələrə səbəb olmuşdur. Lakin dövrumuzdə dəb olan milli-qövmi təəssübkeşlik və bəzi siyasi məsələlərdə bu elmi-tarixi münaqişəyə siyasi rəng və mahiyyət vermişdir.

Bu son qrupdan bəziləri iddia edirlər ki, guya Arazın şimalı heç vaxt Azərbaycan yox, Arran adlanmış və Azərbaycan adı ilk dəfə müsavat höküməti 1918-ci ildə qurulduğu zaman siyasi məqsəd və İrana təcavüz niyyəti ilə verilmiş və 1920-ci ildə bolşeviklər iş ba-şına gələndən sonra da bu ad eyni siyasi məqsədlə saxlanılmışdır.

İslamdan əvvəl ölkə Həxamənilər zamanında Kiçik Midiya adlanırdı və Şərq hüdudu Xəzər dənizi Dərbəndinə qədər uzanar, Dərbənd madları partlardan ayırarmış. Həxamənilərdən sonra bu-ranın adı Atropatan olmuş və daha çox Cənubi Azərbaycanla məh-dudlaşmışdır.

Sasanilər zamanında (h 224 m 652-ci illər) Azərpatkan və sonralar Azərbayqan adlanmışdı və şimali hüdudu dəyişirdi, bu da Xəzər türklərinin hücumları və cənuba doğru irəliləmələri və geri çəkilmələri ilə əlaqədardı (Zəki Vəlidi Toğan, «İslam ensiklopedisi»). Sasani padşahlarından Ənuşirəvan (531-579) Şirvanı və Dərbəndi alandan sonra oralarda Dərbənd və Şirvan qalalarını tikdirdi və bütün məntəqəni Azərbaycan adı ilə idarə etməyə başladı.

1929-cu ildə İ.A.Paxomovun yazdığı «Dərbəndin pəhləvi yazı-ları» adlı məqaləsində dərbəndin divarlarında 553-cü ildə həkk edilmiş yazıdan məlum olur ki, Azərbaycanın şimal sərhədləri Dərbəndə qədər çatırdı. Ənuşirəvan zamanında İran dövlətinin maliyyat təhsildarı və qəl’ələrin naziri özünü Azərbaycan Maliyyə İşləri müfəttişi kimi təqdim etmişdir («İslam ensiklopedisi», «Azərbaycan» maddəsi, Zəki Vəlidi Toğan, İstanbul). Ziya Bünya-dovun «Azərbaycan VII-IX əsrlərdə» kitabında apardığı araşdır-malardan məlum olur ki, miladın III əsrində Sasani dövlətinin tər-kibinə daxil olan ölkələrin bir qismi (Cənubi Azərbaycan, Ermə-nistan, Arrani və s.). Birinci Ərdəşirin zamanında Azərbaycan si-pəhbudu adı altında Şimali sipəhbudluğunu təşkil edirdi.

İslam orduları bu ölkələri fəth etməzdən əvvəl Arran, yəni Araz çayı ilə Kür çayının arasında qalan bölgə Albaniyə (Ağvan) adlanırdı. Alban dövləti miladdan qabaq III-II əsrlərdə quruldu və Strabona görə, 26 qəbilədən təşəkkül etmiş və 26 ləhcədə danışar-dılar. Albanların çoxu miladın IV əsrinin əvvəllərində məsihi (xristian) oldular.

İslamdan sonra şimalın vəziyyəti dəyişdi. Buna rəğmən islam müəllifləri arasında da Azərbaycanın sərhədləri haqqında fikir ayrılığı vardır. İslam tarixçilərindən Yə’qubi, Bəl’əmi, Məs’udi, İbn Əsirr və «Bürhane-qate»nin müəllifi Hüseyn ibn Xələf Təbrizi Azərbaycanın sərhədini Dərbənd bilmişlər.

Yə’qubi (IX əsr) «Əl-buldan» kitabında Azərbaycanın sərhəd-lərini zəncandan Vərasan Arazın şimalına aparıb Beyləqan və Bər-dəni Yuxarı Azərbacan adlandırmışdır («Əl-buldan», səh.46).

Səmanilərin vəziri Məhəmməd Bəl’əmi (1053 il əvvəl) Təbəri (839-923) tarixindən tərcümə, təlxis və iqtibas şəklində farsca yazdığı «Bəl’əmi tarixi»ndə «fəthə Azərbayqan və Dərbəndə Xəzəran» fəslində Azərbaycanın hüdudları barədə belə yazmışdır: «Və əvvələ hədd əz Həmədan girənd ta be Əbhər və Zənqan birun şavənd və axərəş be-Dərbəndə Xəzəran və dərin Miyan hər şəhri kə həst, həme ra Azərbayqan xanənd». Tərcüməsi: «Hüdudu Həmədan, Əbhər və Zəncandan başlayır. Və sonu Xəzərlərin Dərbəndinə qədər uzanır. Bu arada olan hər bir şəhər Azərbayqan adlanır». Sonra 42-ci səhifədə yazır ki, «bu yerlərin hamısı türklərin əlində idi» («Tarixe-Bəl’əmi», doktor Cavad Məşkur tərtib etmiş, Tehran, 1337 şəmsi).

Məs’udi hicri IV əsrin birinci yarısında yaşamış və yazdığı «Muruc-üz-zəhəb» kitabında Arrandan Azərbaycanın şəhərləri kimi söz açmışdır.

İslam dünyasının böyük tarixçisi İbn Əsir yazdığı «Əl-Kamil» adlı iri həcimli tarix kitabında Şirvan və Arranı Azərbaycanın bir parçası saymışdır. O, Şirvan və Arranın padşahı Fəzlun Şəddadi haqqında belə yazır: «Fəzlun kurd idi və Azərbaycanın bir hissəsi-nə əl tapıb oranı öz mülki etmişdi».

Həmdulla Mustofi 740-cı ildə Azərbaycan şəhərlərini və sər-hədlərini belə izah edir: «Sərhədləri İraqe-əcəm, Muğan, Gürcüstan və Ermənistandır. Şəhərləri Təbriz, Ucan…, Gərgər, Naxçıvan, Əcnan, Ordubad və Makuyədir».

Hicri 1062-ci ildə Hindistanda Məhəmməd ibn Xələf Təbrizi tərəfindən yazılan «Bürhane-qate» farsca lüğət kitabında Arran sözünün qabağında belə yazılmışdır: «Name velayətist əz Azərbaycan ke Gəncə və Bərdə əz ə’male-an əst». Tərcüməsi: «Arran Azərbaycanın bir vilayətidir ki, Gəncə və Bərdə onun şəhərlərindəndir».

Kərim Öndər mərakeşli məşhur coğrafiyaçı və xəritə çəkən Şərif İdrisinin (493-560) çəkdiyi bir xəritəyə işarə edir ki, bu xəritə 1928-ci ildə alman alimi Konrad Miller tərəfindən Ştudqartda nəşr olunmuşdur. Bu xəritədə Qafqaz dağları ilə Kür çayı arasındakı (Şirvan) yerlərə «Ardı Azərbaycan» və Kür ilə Araz arasında olan hissəyə «Ardı Azərbaycanın qalanı» və Cənubi Azərbaycana «Biladi-Azərbaycan» adı verilmişdir.

XVIII əsrin sonlarında Gürcüstan hakimi İrakli zamanında Tiflisdə rus qarnizonunda xidmət edən İdil Ural türklərindən bir zabit Azərbaycan xanlıqlarının əskəri qüvvələri, daxili vəziyyətləri və siyasi əlaqələri barədə bir monoqrafiya yazmış və 1884-cü ildə Kiyevdə nəşr edilmişdir. Bu monoqrafiyada İran (Cənubi Azərbaycan) və Şimali Azərbaycan xanlıqlardan vahid Azərbaycan xanlıqları kimi söz açmışdır. Paniranistlərin nəşr etdirdiyi «Bərrə-sihaye-tarixi» jurnalında dərc olunmuşdur ki, bir az diqqətlə baxanda bizim fikrimizi sübut edir. Məsələn, Səfəvilər dövrünə aid olan 1703-cü ildə Əlimurad xan tərəfindən verilmiş fərmanda Azərbaycanda Avropa xaçpərəstlərinin yaşadığı yerlər göstərilir: xaçpərəstlərin yaşadığı Azərbaycan vilayətləri sırasında Şirvan, Qarabağ, Təbriz, Gəncə və Naxçıvanın adı çəkilir.

Həmin fərman 1764-cü ildə Kərim xan Zənd tərəfindən eyni ilə təkrar edilmişdir. (Bax: Şövkət Tağıyeva, Azərbaycanın tarix və mədəniyyətinin burjua saxtalaşdırıcılarına qarşı, Bakı, 1978).

Rusiya şərqşünaslığının təməlini qoyanlardan biri, professor Mirzə Kazım bəy Kazan və Peterburq universitetlərində dərs verdiyi zaman «Türk dillərinin tətbiqi qrammatikası» adında bir dərslik kitabı yazıb Kazan universitetində nəşr etdirmişdir. Bu kitabda Azərbaycan türkcəsini iki ləhcəyə – Cənubi (İran) və Şimali (Qafqaz) bölmüşdür.

Adolf Berje Qafqazın türkcə yazan şairlərinin şerlərini bir məcmuə şəklində «Azərbaycan şairlərinin şerləri» adı ilə Leypsinq şəhərində 1847-ci ildə nəşr etdirmişdir. Azərbaycan ədəbiyyatı tarixinin atası sayılan Firidun bəy Köçərlinin (1863-1920) 1903-cü ildə Tiflisdə rus dilində Qafqaz türk şairləri barədə çıxardığı monoqrafiyasına «Azərbaycan türklərinin ədəbiyyatı» adı verilmişdir.

Məhəmmədəli Tərbiyət özünün «Daneşməndane-Azərbaycan» kitabında Arazın şimalından olan 96 alim və şairi təqdim etmişdir.

Əllameyə-Dəhxoda öz məşhur «Lüğətnamə»sində Arran qarşısında yazmışdır: «Azərbaycanın bir parçasıdır».

Şəmsəddin Sami 1898-ci ildə nəşr olunmuş 4 cildlik «Qamus-ül-ə’lam» kitabında Nizami sözünün qarşısında yazmışdır: «Azərbaycanın Gəncə qəsəbəsində nəş’ət etməklə Nizami Gəncəvi kimi tanınır».

Yuxarıda gətirdiyimiz sənədlər sübut edir ki, Arazın şimalında qalan ölkənin adı 1918-ci ildə Musavat partiyasının əksəriyyəti ilə və Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə qurulan müstəqil Azərbaycan dövlətindən çox-çox əvvəl Azərbaycanın bir hissəsi kimi nəzərdə tutulub. Azərbaycan sözü də o tayda yaşayan xalqın ana yurdu, vətəni kimi canına hopmuş və müqəddəsləşmişdir.

Bu tarixi sənədlər göstərir ki, Arazın şimal və cənub hissələri ən azı islam dövründə coğrafi və siyasi bir vahid kimi sayılmış və əhalinin arasında sıx mədəni və etnik bağlılıq olmuşdur. Və vəziy-yət səlcuqlu türklərin XI əsrdə İrana və Azərbaycana gəlmələri ilə yeni bir mərhələyə girmişdir. Bir tərəfdən Səlcuq dövlətinin tə-şəkkülü ilə – məhəlli hökümətlər aradan qalxmış və Arazın hər iki tərəfi vahid hökumətə  tabe olmuş və professor Bartoldun yazdığı kimi, «Arran bilavasitə Azərbaycanla birləşmişdir».

Türklərin (oğuz türklərinin) Azərbaycanın hər tərəfinə gəlib yerləşmələri ilə müxtəlif dil və ləhcələrin, hətta əskidən yerləşmiş olan türk ləhcələrinin yerinə oğuz-Azərbaycan türkcəsi yerləşmiş və zaman keçdikcə inkişaf etmişdir. Bu vəziyyət moğullarla gələn iki milyon türkün Azərbaycanda yerləşməsi ilə təkmilləşmiş və Aranın adı da unudulmuşdur. Belə ki, Əmir Teymurun qoşun-keşliyi sırasında, habelə Ağqoyunlu, Qaraqoyunluların tarixlərində Arranın adına rast gəlmirik; yalnız Qarabağdan danışanda Arran Qarabağı yazılmışdır.

Bununla belə başda Strabon olmaqla bəzi tarixçilər Arran-Şir-van və Azərbaycanı ayrı-ayrı ölkələr kimi nəzərdə tutmuşlar. Biz Arran və Şirvan adlarını inkar etmirik, lakin buna inanırıq ki, çox qədim zamanlarda bunlar ayrı-ayrı ölkələr və vilayətlər şəklində idarə edilsələr də, islamdan sonra daha çox vahid hökümətə tabe olmuşlar və müsəlman türkləri gəlib bu yerlərdə oturaq həyat tər-zinə başladıqdan sonra o tay-bu tay bir-birinə qarışıb qaynamış və vahid millət, xalq kimi formalaşmış və eyni dil, eyni din və mədə-niyyətə sahib olmuşdur. Tarixdə heç bir zaman bir çay təbii-etnik bir sərhəd olmamış, çünki çayın ətrafında yerləşən ellər-obalar kənd və şəhər qurduqları vaxt çayın ətrafında, yəni hər iki tərəfin-də qurmuşlar. Araz da belə çaylardan biri olmuşdur. Lakin 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsindən sonra onun ətrafında qurulan şəhərlərin yarısı Rusiya imperatorluğuna keçmişdir. Bu məsələ kommunist rejimi iş başına keçib, dəmir pərdə asıldıqdan sonra ikiyə bölünmüş bir xalqı və ailələri ömür boyu bir-birindən ayırmış və tarixi Azərbaycan faciəsini yaratmışdır. İndi bu şəhər-lərin əhalisini ayrı-ayrı soy və millətdən saymaq ağıl və məntiq-dən uzaq deyilmi?

İranda Əhməd Kəsirəvi və onu izləyənlər belə iddia etmişlər ki, guya bütün tarix boyu Azərbaycanın sərhədi Araz çayı olmuş, Arazın o tayı Arran və Albaniyə adlanmış, hətta xalqının da çoxu cənubdan başqa (Yafəsi – türk) olmuş; İran Azərbaycanının əhali-si əslində fars olmuşdur və ancaq moğollar İrana gəlib İlxanilər hökümətini qurandan sonra apardıqları türkçülük siyasəti nəticə-sində xalqın dilini türkləşdirmişlər.

Bu uydurma nəzəriyyə pəhləvilər zamanında təsadüfi olaraq irəli sürülməmişdir. Pəhləvi şahları və onların ətrafında toplaşan ifrat millətçi panfarsislər iranlılığı farslıqla eyni şey elədikləri üçün İranda fars dilini yaymaqla bərabər, başqa dilləri, xüsusilə türk dilini məhv etməyi özlərinə siyasi-mədəni proqram seçmişlər. Bunların millətçiliyi ariya irqinə (ariya irq adı yox, dil qrupunun adıdır) dayandığı üçün ariya irqindən olmayan türkləri yabançı görmüşlər, tarixin və «Şahnamə»nin də təsiri ilə türkləri özlərinə düşmən saymışlar. Ona görə də uydurma nəzəriyyələrlə iranlı türkləri türk deyil, türkləşmiş iranlı qəbul etmişlər. Və nəticədə onlara dillərini unutdurub farslaşdırmalarını özlərinə milli bir vəzifə saymışlar. 57 il elə bir siyasəti İranda həyata keçirə bilsələr də, o taya, əlləri çatmadığı üçün oranı Azərbaycan yox, başqa ölkə (Arran) saymağı məsləhət görmüşlər.

Belə bir farslaşdırma siyasəti İranda həyata keçirilən zaman o tayda, yəni Şimali Azərbaycanda yaşayan qardaşlarımız müstəqil və azad olmasalar da, yenə öz dillərini, mədəniyyətlərini rəsmi şə-kildə işlədib rəsmiləşdirmişlər. Bu məsələ Pəhləvi rejimi və nəzə-riyyəsi tərəfdarlarını gözə batan tikan kimi narahat etmiş, hələ Sovet imperiyasının təcavuzkar siyasəti də bunlar üçün yaxşı bir bəhanə olub, Nəticədə İranın bütövlüyünə və istiqlalına türk dili-nin — Sovet kommunist dilinin təhlükə olduğunu qəti sayaraq öz şovinist və qeyri-məş’ru, qeyri-insani siyasətlərini məş’ru və İra-nın məsləhəti kimi qələmə verməyə davam etmişlər. Bu çirkin və iyrənc siyasət islam inqilabı və pəhləvilərin qaçmalarından sonra bir müddət qüvvətdən düşdüsə də, son illərdə yenə canlanmağa başlamışdır. Pəhləvi dövrünün adamları və təbliğatçıları qılıqlarını dəyişərək hökümət müəssisələrinə girmişlər və ya orada bir müd-dət səssiz qaldıqları halda yenidən irqçilik və panfarsist təbliğatı aparmağa və əski uydurma hekayələri yaymağa və təbliğ etməyə başlamışlar.

Bunlar SSRİ-nin dağılması, Azərbaycan və digər müsəlman-türk millətlərinin azadlığa və istiqlala qovuşmalarını yaxşı qarşıla-mayıb, hələ müstəqil Azərbaycan Cümhuriyyətini İrana təhlükə kimi görürlər. Və İranla Azərbaycan Cümhuriyyətinin, əlaqələri-nin inkişaf və genişlənməsinə əllərindən gələn qədər maneçilik törədirlər.

Biz özümüzü onlar qədər iranlı və onlardan çox İrana bağlı bil-diyimiz halda, gün kimi aydın və aşkar olan həqiqətləri də dana bilmirik. Biz Arazın şimal hissəsini də Azərbaycanın bir parçası bilirik, lakin o tayın xalqını yalnız azərbaycanlı adını daşıdığı üçün yox, bəlkə hər şeyləri — dil, din və məzhəb, mədəniyyət, ənənə və tarixləri də bizimlə eyni olduğu və qısa sözlə, bir xalqın ikiyə bölünmüş parçaları olduğumuz üçün onları özümüzə qardaş bilirik və sevirik.

İndi bir az da Arranın nə demək olduğu və hüdudları barədə izahat verəcəyik: Arran ərəblərdən əvvəl Alban, Albaniyə adlanır-dı. Və Şimali Azərbaycanın yarısını təşkil edirdi. Arran Kür və Araz çaylarının arasındakı yerlərdir, Kürün şimalındakı qalan his-səyə Şirvan deyilmişdir. Arran — isti yerə (aranlıq), qışlaq demək-dir. Və Muğan (dəştə Muğan) onun mühüm hissəsidir. Muğanın yarısı bu tayda və yarısı o taydadır. O cümlədən Arazın cənubunda qalan Astara, Lənkəran, Meşkinşəhr də Arrandır. Hər halda Arran Şimali Azərbaycanın bir hissəsidir və onun hamısını təmsil edə bilməz. Arazın şimal hissəsinə qədimdən Arran, Şirvan və Qarabağ deyilməsi onların birgə olaraq Azərbaycan adlanmasını inkar etmir. Bu barədə daha geniş yazmaq olar, lakin məqalənin həcmi imkan vermir ki, bu məsələ haqqında daha ətraflı danışaq.

 

«Ədəbiyyat» qəzeti 1994-cü il №9 (2912)

 

 

 

Author : Admin | Date: 31-05-2015, 15:38 | Views: 361