Problems of Oriental Philosophy
INTERNATIONAL ACADEMIC SCIENTIFIC JOURNAL
EZOTERIZM

EZOTERIZM BIDƏTƏ QARŞI:
ƏBDÜRRƏHMAN ƏL-BISTAMI

Deni Qril
Professor,
IREMAM – Ərəb-İslam dünyasının tədqiqi üzrə elmi-tədqiqat İnstitutu,
Fransa, gril.denis@gmail.com


Açar sözlər: Ezoterizm, ekzoterizm, bidət, Əbdürrəhman əl-Bistami.

Bidət dedikdə dindarlığın küfr sayılaraq imtina etdiyi inanc və əməllər nəzərdə tutulur. Haqqında söhbət açacağımız müəllif XV əsrdə Bursada yaşayıb və yuxarı dairələrə yaxın elmi və dini elitanın nümayəndəsi olub. Onun öz əqidəsinə kifayət qədər sadiq olduğu görünür. Bununla belə, onun İbn Arabi məktəbinin nümayəndəsi olması, ezoterizmə, o cümlədən də hərflərin mahiyyətinə maraq göstərməsi, bəzən isə baş verə biləcək hadisələr barədə bəyanatları üləmaların qəzəbinə səbəb olub. Onun özü də bəzən bidətçi hesab edilən təriqət adamlarını lənətləməkdən çəkinməyib. Onun əsərlərinə maraqdan əlavə, Bistami timsalında biz bidət və küfr anlayışlarının nisbi olduğunu görürük.
Əbdülrəhman bin Məhəmməd bin Əli bin Əhməd əl Hənəfi əl Bistami haqqında bildiyimiz əsas məlumat Daşköprüzadənin “Şaqaiq əl-Nümaniyyə” əsərindəki qısa qeyddən ibarətdir1. O Antioxdan idi. Bistami soyadı bu sözün İran mənşəli olmasından əlavə, həm də dini şəcərədən xəbər verir (bu barədə sonra söhbət açacağıq). Bütün ənənəvi islam elmlərinə bələd olan bu şəxs özünü bir tərəfdən Quranın tədqiqi və həyata tətbiqinə (xüsusən də sehrli xanalara - qəvvas əl hüruf və ilm əl vəfq val təsvir), digər tərəfdən də gələcək hadisələrin (əl təvarix), tarixin və xronologiyanın öyrənilməsinə həsr etmişdi. “Qəribə” elmlərə və gizlinlərə olan marağı onu Suriya, Misir və müsəlman Qərbinə səyahətə sövq etdi. Bəlkə də onun elm adamları arasındakı nüfuzu Bursaya – Osmanlı dövlətinin paytaxtına gətirib çıxarıb. Şəhərin alimləri onu böyük hörmət və izzətlə qarşılayıb və Taşköprüzadənin göstərdiyi kimi, Molla Şəmsəddin əl-Fənari ondan mistika haqqında məlumatlar almışdır. O ömrünün sonunadək Bursada qalıb və İstanbulun fəthindən bir il sonra 858/1454-cü ildə vəfat edib. Daşköpüzadənin özünün yazdığına görə, (968/1561) böyük hissəsi avtoqraflardan ibarət olan əsərlərinin bir qismini Bistamiyə göstərərək məsləhət almaq ona nəsib olur. Qeyddə Bistaminin əsas marağını ifadə etmək üçün “qəribə elmlər” ifadəsi işlədilir.
Tərifəlayiq hal kimi müəllif Bistaminin əsas maraq dairəsini bildirmək üçün “qəribə elmlər” ifadəsini işlədir. Onun gizli elmlərə marağını göstərən əsərləri bu gün də əlyazma şəklində qalır. Burada yalnız çox da tanınmayan bir ədəbi əsər istisna təşkil edir3. “Məkkənin fəthi zamanı duyulan müşk qoxusu” traktatı Bistaminin ədəbi, intellektual və ruhani kimliyini çox gözəl formada ortaya qoyur və əsər ciddi araşdırmaya cəlb edilməlidir. Burada qısa şəkildə müəllif özünün lənətlədiyi bidətçilik barədə məlumat verir. Digər traktatlar əsasən hürufiliyə və cəfrə (hərflər vasitəsi ilə fala baxma) həsr edilib. Bununla belə, kitablar müəllif və onun yaradıcılığı barədə kifayət qədər məlumat ehtiva edir.
“Fəvaih” əsəri qafiyəli nəsrlə yazılmış risalələr toplusudur. Risalələrin strukturuna bəzən kiçik beytlər əlavə olunub ve çox sadə dildə tərtib edilib.

Müəllif ad çəkmədən böyük bir şəxsin sifarişini yerinə yetirdiyini bildirir. Lakin Brokelmanın dediyinin əksinə olaraq, bu şəxs Sultan deyil. Nə olursa olsun, Bistami ərəb dilini çox gözəl bildiyini və hərtərəfli dünya görüşünə malik olduğunu ortaya qoyub. Ədəb ənənələrindən çıxış edərək o, gözəl bir yazı üslubu və zəngin söz ehtiyatına malik olduğunu və islam mədəniyyətinə yaxından bələd olmasını ortaya qoyub. beləcə onun üçün üləmalar cərgəsinə daxil olmaq və yüksək rütbəli dövlət məmurlarının yanında yer almaq çox da çətin olmayıb.
Başqa sözlə, XIII əsrin ənənələri əks etdirilən əsərlərə müvafiq olaraq tərtib edilmiş bu kitab Bilad əl-Rumda (Yunan torpağı) intellektual və ruhani elitaya təsir göstərməkdə davam edir. kitabda İbn Arabi birbaşa və dolayı formada tez-tez xatırlanır4. Bəs “Fəvaih əl-Miskiyyə fi’t fəvatih əl-Məkiyyə” başlığı bizə futuhat əl məkiyyə (Məkkə surələri) başlığını xatırlatmır? Müəllif bütün möcüzələrin istinad nöqtəsi kimi Kəbəni götürür. Burada möcüzələr ortaya çıxıb, yerlə göy arasındakı əlaqə məkanı və dünyanı yönəldən müqəddəslər də burada yaşayıb.
İbn Arabidən fərqli olaraq müəllif öz planını ətraflı şəkildə açıqlayır: onun kitabında yüz fəsil nəzərdə tutması işin ensiklopedik mahiyyətindən xəbər verir. Bizcə müəllif qeyri-iradi olaraq hicri 844-cü ildə, 62 yaşında 30-cu fəsildə dayanıb. Bu məlumata əsasən biz onun 782/1380-ci ildə doğulduğunu söyləyə bilərik5.
“Fəvaih əl-Miskiyyə”də 3 əsas istiqamət ayırd edilir:
1. İbn Arabinin təsiri ilə sufi düşüncəsi bu əsərdəki ezoterik fikirlərə çox güclü, lakin həlledici olmayan səviyyədə təsir edib. Müəllif oxucunu bəzi (dindən) sapmalar və praktik məsələlər, xüsusən də zikr barədə məlumatlandırıb.
2. Hürufilik elminin xüsusi inkişaf formaları bütün əsərlərdə müxtəlif formalarda əks edilir: nəzəri, ruhani, praktik. Məsələn, tibbi işlər.
3. Taşköprülüzadənin də qeyd etdiyi kimi, burada tarix, xronologiyaya, antik elmi irsə və elmlərin təsnifatına maraq görünür. Klassik ədəbiyyatın ənənəsini davam etdirən bu kitab islama daxil olmuş çox sayda fars, hind, çin, yunan ənənələrini ehtiva edir.
Bistaminin ensiklopedik layihəsi çox geniş olub, sonuna çıxmaq çətindir. Etiraf etmək lazımdır ki, Bistaminin məntiqi bəzən bizi çaşdırır. Bu əvvəlcədən tərtib edilmiş mətnlərdən ibarət adi bir kitab ola bilməz. Bu hal Bistaminin “Fəvaih əl-miskiyyə”sini digər əsərlərlə, xüsusən də hürufizmə dair işlərlə tutuşdurduqda daha aydın görünür. Bu əsərin orijinallığı onun məzmunundan daha çox, bütün məzmunun əsas bu fikir ətrafında cəmlənməsidir: hərflər haqqında elm bütün biliklərin açarıdır və əl-Hakim ət-Tirmizinin İbn Ərəbiyə istinadən dediyinə görə, başlanğıcını peyğəmbərdən götürür6.
Bistami ezoterizm-hermenevtika ənənəsinə sadiq qalır ki, bu da sufizm və hürufiliyə söykənir. İxvan əs-Səfa risaləsindəki fikirlərə istinad edərək, o öz nitqlərində dəfələrlə “sufilər arasındakı saflıq qardaşları və hürufiliyin ardıclıları olan sadiq dostlar” (İxvan əs-səfa min əl-sufiyyə və min əl-hərfiyyə)7 ifadələrini işlədir. Din adamlarının bu iki kateqoriyası bir-birindən fərqlənsələr də, onları ümumi ideya birləşdirir – ilkinliyə aparan birbaşa bəyan (kəşf).
Onun yazdığına görə, hürufilik elminin ustadları bilikləri qavrama üsuluna görə sufilərlə müqayisə edilə bilər. Lakin birincilər daha incə biliklər, əsaslı sirlər, daha fərqli duyum və özlərinə xas olan terminologiya onlardan seçilirlər. Onlar Quran sirlərini, əvvəlcədən xəbər vermə, hərflərin arasındakı əlaqəni, səma cisimlərinin hərəkətini “sehrli xana”ların köməyi ilə qavrayırlar. Onlar həmçinin müqəddəs adlar haqqında elmdən, onların mənəvi təsirindən, faydasından vs. xəbərdardırlar”.8
Kitabın növbəti sonuncu hissəsində isə hürufilik elmindən qaynaqlanan 68 elmin adı çəkilir. Bu da göstərir ki, müəllif bu elmi bütün biliklərin başlanğıcı və sonu hesab edir.
Bistami sufizm və hürufiliyə necə və kimin təsiri ilə gəlib? O özü bu barədə birinci fəva ih əl miskiyyə deyil, ikinci hürufilik elminə həsr edilmiş Kəşfu’l-əsrar əl-hüruf və vəsf məani hüruf kitabında məlumat verir9. Təriqət alimlərinə həsr edilmiş fəsildə o, özünün 3 əsas qola mənsub olduğunu bildirir. O, Əbülhəsən əl-Durki ilə birgə Nəcməddin Kübra cərəyanına qoşulub. Bu işdə Nurəddin əl-İsfaraini vasitəçilik edib. Onun əsas ustadı isə özünün yazdığına görə hicri 807-ci ildə vəfat etmiş hələbli Şəmsəddin Məhəmməd b. Əhməd əl-Ətanidir10. Bu şeyx, Abdullah əl-Balyaninin (vəfatı təqribən 686/1288) və bir neçə Bistami nisbəsi daşıyan alimlər tərəfindən, o cümlədən sonuncusu əl-Ətani vasitəsi ilə Sürhəvərdiyyə təriqətinə gəlib. Bu şəxslərin da bir ucu birbaşa olaraq İmam Cəfər Sadiqə gedib çıxır11. Bu şəcərə alimin və onun ustadlarının götürdüyü Bistami adının mənşəyini izah edir. əl-Ətaninin müəllimlərindən olmuş Şeyx Əbdül Hadinin isə Səfəvilərin əcdadı olan Şeyx Səfiyəddinə gedib çıxır (735/1334).12 Əbdürəhman Bistami yaradıcılığında bir çox yollar çarpazlaşır ki, bunların da səbəbləri ətraflı şəkildə öyrənilməlidir.
Hürufilik elminə gəldikdə isə, Bistami əsasən 2 şəxsdən bəhrələnib: İbn Ərəbi və Şəms əl din Buni13. Qeyd etdiyimiz kimi, Fəvah əl miskiyənin 3-cü fəslindən yeddinci fəslinə qədər yazılış tərzinə görə Futuhat əl məkiyyənin 6 və 12 arası fəsilləri ilə oxşardır. Bu kitablarda hətta başlıqlar da bir-birinə bənzəyir. Şübhəsiz ki, Bistami tez-tez müraciət etdiyi Bunidən çox bəhrələnib14. Hürufiliyin bütün praktik məsələlərinə görə o, Buniyə borcludur. Burada hürufilik elminin dünyagörüşü barədə məlumat vermək yerinə düşər. Bizim yazdığımız və ya tələffüz etdiyimiz hərflər yalnız işarələrdən ibarət deyil. Onların hər birinin rəqəmlərlə ifadəsi, əşyalarla və səma cisimləri ilə əlaqəsi, bizim yaşadığımız dünya və səmavi aləmdəki gerçəkliklərlə əlaqəsi var. Bu əlaqələrə Səmavi kitabda (Quran) və yerdəki reallıqlarda rast gəlmək mümkündür. Bu əlaqələrə əşya və canlıların adında, hərf birləşmələri və onların xarakterində, xüsusən də müqəddəs və mələk adlarında rast gəlmək mümkündür. Sehrli xanalar (avfaq) hərflərdə gizlənən mənaları, bu dünyada mövcud olan, Quranda göstərilmiş lakin bizə məlum olmayan gizlinləri, varlıqların sirlərini qavramağa imkan verir. Bu elmin təsiri həm fiziki (şəfa tapma, müdafiə, gələcəyi bilmə), həm də mənəvi (müqəddəs adları zikr edərək insan ruhu yuxarı aləmə qovuşa bilər) ola bilər.
Hürufilik elmi Qurandan, kosmik biliklərdən, din alimlərinin dəfələrlə müraciət etdiyi adət-ənənədən, hətta kimyagərlikdən bəhrələnir. İbn Arabi bura İslamın səs, yazı və rəqəm simvolikası vasitəsi ilə qavranmasına dair bir sıra fəlsəfi və hermenevtik məsələləri daxil edib. Buni isə, məsələnin mənəvi mahiyyətindən kənara çıxmadan bu təlimi kosmoloji baxımdan inkişaf etdirib15. Qədim dünyanın böyük şəhərlərinin birində dünyaya göz açan Bistami Buni və Arabidən bəhrələnərək yeni təkliflər irəli sürür: o hürufilik elmini yalnız mənəvi, elmi və hermenevtik deyil, həm də tarix və ədəbiyyatın sintezi kimi qəbul edir və bura Ədəbiyyatın universallığını və ensiklopedik xüsusiyyətlərini də daxil edirdi. Bütün bunlar o zaman üçün çox geniş yayılmış qafiyəli nəsrlə yazılan “Fəvaih əl-miskiyyə” əsərində öz əksini tapıb.
Bistami eyni zamanda apokaliptik mətnlərə (cəfr və məlahim), ezoterik ədəbiyyata, xüsusən də hansısa sülalələrin taxta çıxması və Mehdinin zühuru ilə bağlı olan şifrəli mətnlərə diqqət yetirib16. Anadoluya gəldikdən sonra o, biliklərini burada tətbiq etməyə başlayır, 810-cu ildə isə Akşehirdə “Bayquşların Rum xarabalıqlarında söhbəti” traktatını qələmə alır17. Müəllifin bu cür tarixi mövzulara marağı özünü Fəvaih əl-Miskiyyə əsərində qabarıq göstərir18. Fütuhatın birinci fəsindən (biliklər fəsli) bəhrələnərək o, başlanğıc və son, dünyanın yaranması və sonu, Konstantinopolun fəthi və Romanın tutulması barədə məlumat verir. O dövrün təsəvvürünə görə, müsəlmanların Romanı tutması ilə Mehdi və İsa peyğəmbər zühur edəcək, Yəcuc və Məcucun tam məhvi ilə olacaqlar. Axirət dünyasına aid bu fikir peyğəmbər ənənələrində də əks olunur "Həqiqətən Əziz və Cəlil olan Allah hər yüz ilin əvvəlində bu ümmətin dinini bidətdən ayıracaq, yeniləyəcək (elm sahibi) bir şəxsi göndərir"19. Ekzoterik, ezoterik və esxotolojik dünyagörüşlərini birləşdirən Bistami bu şəxslərin adlarını çəkir: Ömər b. Əbdüləziz, əş-Şafi, ət-Təbəri, İsfahani, Gəzzali, Fəxrəddin ər-Razi, İbn Dəqiq əl-İd, İbn Cəmaə (h.733)20. IX əsr (hicri) barədə ətraflı məlumat verməyən Bistami Həzrəti Mehdinin 10-cu əsrdə zühur edəcəyini iddia edir. Bistamiya görə zamanın gerçək sahibi qütbdür. Başqa sözlə, bu qütb müqəddəslərin iyerarxiyası, daha dəqiqi isə Məhəmməd peyğəmbərdən(sav) südur edir. O, beləliklə, İslamın səhih və sonradan əlavə olunmuş hədislərini qarşı qarşıya qoyur. Apokaliptik ənənələrin bir-birilə qarşılıqlı əlaqələrini qavramaq üçün insanın ölümü və ruhun ölümdən sonrakı vəziyyəti barədə fəsli oxumaq lazım gəlir21. Növbəti fəsil isə bir-biri ilə əlaqəsi olmayan 2 məsələdən bəhs edir. Bu hökmdarlar üçün bir növ güzgü sayıla bilər: ədalətin bərpası və hərb sənəti də daxil olmaqla yaxşı idarəçilik22. Sonra isə əfsanəvi şəhərlər barədə məlumat verilir. Bu 2 fəsil arasında əlaqə varmı? bəlkə də Allah dini mərkəzlər olmuş bu şəhərlər vasitəsi ilə yerdəki hökmdarları idarə edir və onların siyasətini ilahi istəklə uyğunlaşdırır?
Hürufilik elmində xüsusi inkişaf bir birindən fərqlənən 2 əlavə fəsildə izah edilir. Birinci fəsil bu təlimin mənəvi əsaslarından bəhs edir: Lövhi Məfhuz və onun islamda yeri, uca Allahın adları. İkinci hissə daha çox fəlsəfə tarixi və dünyəvi şüuru məsələsinə həsr olunub. Hermes Trismegistdən başlayaraq Zərdüştə qədər bütün yunan filosoflarının adları tibb tarixinə aid “həkim nəsilləri barədə informasiya mənbələri” (uyun əl-ənba fi tabaqat əl-ətibba) fəslində xatırlanır23. Kitabın fəsillərindən birinə məşhur kitablardan birinin adını verərək, Bistami bir çox ədəbi və elmi ənənəni davam etdirdiyini göstərir. O iddia edir ki, yunan elmi sonunda hürufilik elmi ilə nəticələnməlidir. O, həmçinin dünyaya gəldiyi Antiox şəhərinin antik ənənələrin ötürülməsindəki rolunu da vurğulayıb.
Son 3 fəsildə isə Bistami dünyagörüşünün doktrinal istiqamətləri əks etdirilib. Burada ilk olaraq ortodoksal sufizmin apologiyasından bəhs olunur. Müəllifə görə, sufizm özünün də aid olduğu 4 istiqaməti var: Bistamiyə, Cüneydiyyə, Sürhəvərdiyyə və Qədiriyyə. Bu cərəyanların baniləri ezoterik bilik sahibləridir və onların bütün bu bilikləri hürufilik elmində cəmlənib. Sufi böyükləri özlərini birmənalı şəkildə “Hürufiyyat ustadları” adlandırmırlar. Buna görə də onlar hürufilərin bidətçiliyini təhlükəli hesab edirlər. Bistami kitabının axırdan əvvəlki fəslini bu məsləyə həsr edir və Ibn Teymiyyəyə iqtibas edərək fəslin adını belə qoyur: “Allahın dostları və şeytanın dostları arasındakı fərq”. Onun fikrincə elə hürufiliyin banisi ezoterizmdə şeytanın təcəssümüdür. O, həm batıni, həm də zahiri həqiqət ehtiva edən ilahi qanunu və vəhyləri tapdalayıb. Bistami fikrini Qəzalinin İsmaili cərəyanının Batiniyyə təriqəti barədə sözləri ilə əsaslandırır24.
“Əgər yalan meşəsinin şiri və səhvlər tələsinin kaftarı Allah qullarını qorxudursa, o zaman Xürrəmilərin və Qərmətilərin yolunu tutmuş Fəzlullah əl Astrabadi deyir: “Batıni işarələrin qavranılması sayəsində biz Vəhylərin kənar mənalarını duya bilirik. Ağılla dərk edilə bilən ideyalar bizə mətn formasında ortaya çıxır”. Beləcə şeytan onu ziddiyyətli fikirlər girdabına salıb və o, çətin ayələrin mənasının xaricinə çıxıb”.
Xürrəmiyyə dedikdə İranda islamın ilk illərində ortaya çıxmış Abu Müslüm tərəfdarlarının qatıldığı neoməzdəki hərəkatı nəzərdə tutulur. Abbasi hakimiyyətinə qarşı olan Xürrəmilər hərəkatının ən parlaq dövrü Babəkin vaxtına təsadüf edir. Babək özü isə 213/838-ci ildə edam edilir25. Abbasiləri silkələyən hürufi və qərmətilərlə sufizmi müqayisə edən Bistami ezoterik izah ilə xarici formanı rədd edib axirət həyatını gözləyən bir təriqətin yaratdığı ikiqat təhlükəni ortaya qoyur. Bistami hürufilərin bəzi fikirlərini isə çox sərt şəkildə tənqid edir. Məsələn, o fikrini oxucuya bu cümlə ilə çatdırır:
“Sağlam dəvə qotur dəvəyə fəsad yetirə bilməz, lakin qotur dəvə sağlam dəvəni xəstələndirə bilər.”
Belə bir şiddətli tənqiddən sonra Bistami təkrarən hürufiliyin Məhəmməd peyğəmbər və səhabələr dövründən bəri İmam Mehdinin zühurunu gözləyən nümayəndələrinə nəzər salır. Əsərin son fəsli isə sufizmin həqiqi və yalançı tərəfdarlarına həsr edilib: Bir tərəfdə artıq qeyd etdiyimiz ortodoksal nümayəndələr gəlirsə, digər tərəfdə populyar təriqətlərin (kütləvi yol) ardıcılları dayanır: Məlamiyyə, Qələndəriyyə, Heydəriyyə, Haririyyə, Yunusiyyə, Zəkəriyyə, Ədəviyyə, Xürrəmiyyə, Rifaiyyə, Heyraniyyə, Sistaniyyə, Bədəviyyə və digərləri. Bistami bu siyahıya yalançı müəllimləri, fırıldaqçıları, babalarının nüfuzundan istifadə edən heç bir dərəcəsi olmayan irsi şeyxləri və özləri xəstə olduğu halda qəlblərin həkimi olduğunu iddia edənləri də aid edir. Müəllif bu qəbildən olan insanları “böyük yolun quldurları” (hərfi mənada yolkəsənlər) adlandırır və hesab edir ki, onlar səmimi insanları haqq yolundan döndərirlər26. Özü də ezoterist olan Bistami sufiləri ağır şəkildə tənqid edir və iddia edir ki bu təlim böyük ustadların ənənələrinə söykənmir. O, İranı, Suriyanı və Anadolunu dolaşan dərvişlərə də hörmətlə yanaşmır.
Bistami bidəti və ya sinkretizmi başa düşməkdə bizə necə kömək edir? O hər şeydən əvvəl bu 2 cərəyanla qarşı qarşıya dayanır. Onun tənqidi bir tərəfdən XV əsr Anadolusunda hökm sürən ab-havanı əks etdirir, digər tərəfdən üləmaların da qəbul etdiyi balanslı sufizm axtarır. Beləcə, o ziyalılar və ruhanilərin ortaq məxrəcə gəlməsi üçün çalışır.
O, hürufiliyi kəskin surətdə tənqid etsə də, onu bütün sapmaların səbəbi kimi görsə də, onun ezoterik və hermenevtik dünyagörüşündə hürufilərlə üst-üstə düşən məqamlar da var. İbn Ərəbinin təliminə görə (Bistami də bunu qəbul edir) dünya Allahın qüdrət əlamətidir və insan bunun ən gözəl sübutudur. Peyğəmbər bu əlamətin tam zahiri formalar, xüsusilə insanlar arasındakı mərkəzində qərar tutub və həm ilahi, həm də bəşəri mövcudiyyəti təmsil edir.Profitologiya, angelologiya və kosmologiyanın əsasında zahiri formalar və xüsusən insanlara və onların ali prinsiplərinə rəhbərlik edən vəhdətə əsaslanır. İlahi qanunlara qarşı laqeydlik yolverilməzdir. İnsana ilahi xüsusiyyətlər aid etmək, onları İmam səviyyəsinə yüksəltmək inanclı adamların peyğəmbərin qoyduğu yoldan sapmasına, dini və dünyəvi işlərin bir-birinə qarışmasına gətirib çıxarır. Beləliklə də, Bistamiyə görə, hürufilik siyasəti daha çox mənəvi və doqmatik planda təhlükəlidir.
Bəs islamaqədər və islamdansonrakı bütün elm və mədəniyyətin hürufilik ətafında birləşdirilməsinin səbəbi nədədir? Bütün köhnə və yeni biliklərin bu təlim ətrafında birləşdirilməsi özü sinkretizmin bir forması deyilmi? Burada bir birinə bağlı olan 2 məsələni ayırd etmək lazım gəlir. Birinci, mədəni məsələ. Müxtəlif mədəniyyətlərə aid olan biliklər sadə dildə və klassik üslubda ədəb adı ilə ifadə olunur. Bistami də bu ənənədən kənara çıxmır və Osmanlı xanədanına xidmət edən elitar ziyalı kütləsinin tələblərinə cavab verir. Digər, dini istiqamət isə çoxsaylı ənənələrə söykənir. İbn Arabidə olduğu kimi, Bistami də vəhylər yolu ilə gələn islamla qədim dövrdən qalmış ənənələri hürufilik vasitəsi ilə bir birinə yaxınlaşdırır. Bu elmin ilahi əsası olması üçün o, vəhy yolu ilə gəlməlidir, çünki onun əsası ilahi yazılar və kosmosda izləri olan Lövhi-Məfhuzdadır. Sinkretizmlə yanaşı, inteqrasiya və sintezdən də danışmaq lazımdır. Tədqiq etdiyi elmlərin “qəribəliklərini” qeyd edən, Bursa elmi dairələrində öz çəkisi olan Bistaminin əsərlərində Osmanlı dəsti xətti hakim idi. Bistaminin iradəsindən asılı olmadan dini, ortodoksal və bidətçilik məsələlərinin siyasi səhnədə bir-biri ilə toqquşması mürəkkəb ruhani həyatın bir parçası idi. Onun qarşı çıxdığı təriqətlərlə onun dövründə ortaya çıxmış cərəyanlar başqa bir planda onun dünyagörüşündə əksini tapırdı.


Ədəbiyyat:

1. Beyrouth 1395/1975, p. 31. Sur Bistami, voir, Brockelmann, GAL, II, p. 231-2, S. II, p. 323-4; Ziriklî, al-A’lâm, IV, p. 91; Kahhaleh, Mu’jam al-muallifîn, V, 184-5; EI, I, p. 1286; Encyclop Iranica, IV, p. 182-183; DIA. VI, p. 218-219: Toufic Fahd, la divination arabe, Paris 1987, p. 228-230.
2. Manâhij al-tawassul fî mebâhij al-tarassul, en marge du Jinân al jinâs de Salah al-Dîn al-Safadî, Le Caire 1299/1882
3. Əslində bu başlıq Xarəzmin böyük alimi Nəcməddin Kubranın “Fəvaih əl-camal və fəvatih əl-cəlal” əsərindən qaynaqlanır. Bax: Fritz Meyer, “Nəcməddin Kubranın “Fəvaih əl camal və fəvatih əl cəlal” əsəri”, Wiesbaden, 1957; Paul Ballanfat: “Najm al-Din Kubra, Les eclosions de la beaute et les parfums de la majeste”, Nimes 2001. İbn Arabinin dominantlığı aşkar hiss edilsə də, Nəcməddin Kubraya edilən istinadlara, onun Anadolu sufizmə və Bistaminin bağlı olduğu cərəyanlara təsirini də qeyd etmək lazımdır.
4. BN arabe 6520 f. 164
5. Bax. Tirmidhi, Khatm al-awliya’, ed. O. Yahya, Beyrouth, 1965, p. 363 ou Sîrat al-awlıya’, ed. B. Radıke, Beyrouth, 1992, p. 58. Göstərilən əsərlərdə hürufilik elmi (ilmə’l-hüruf) 4 müqəddəs elmdən və hikmət prinsiplərindən biridir..Tirmizinin “Müqəddəslər haqqında elm” (ilməl evliya) adlı traktatı hürufilik elmini xatırlatmaqla başlayır. Bax: Genevıeve Gobillot, Le lıvre de la profondeur des choses, Vılleneuve d’Aseq, 1996, chap. VII “le langage”.
6. O, həm mənfi, həm də müsbət mənalarda bu termini işlədir, qətiyyən hürufi istilahından istifadə etmir.
7. Fawa’ıh al-mıskıyya, f. 131b.
8. Ms BN fonds arabe 2686, 216 f. Le texte a ete compose en 845 H., un apres les Fawaıh
9. Bu yolla özünə hörmət qazanan Bistami Killizî nisbəsini götürür. Killiz Hələb və Antiox arasında, Azazın tabeliyində bir ərazidir. Bax: Yâqût, Mu’jam al-Buldân. Beyrouth, 1957. IV, p. 476.
10. Sur lui voir l’introductıon de Mıchel Chodkiewicz a Awhad al-Dın Balyani, Epitre sur l’Unıte Absolute, Parıs 1982.
11. Bax: Kashf asrâr al-huruf f. 110-5.
12. Sur Ibn Arabî et la scıence des Lettres, on pourra consulter le chapıtre VIII du volume collectıf sous la dırectıon de Mıchel Chodkiewicz: Ibn Arabî, Les İllumınations de la Mecque, Parıs, 1988. T. Fahd, la divination arabe, p. 320-2, 237.Sur la scıence des Lettres, voir Ibn Khaldun, Shıfa’ al-sâ’îl li-tahdhîb al-masâ’il, ed. M.Tanji, İstanbul 1958, p. 63-68; trad. R. Perez, La Voie et la Loi ou le Maître et le Jurıste, Paris, 1991, p. 184-91.
13. Sa Durrat al-âfâq fî ‘ilm al-huruf wa l-awfâq est un commentaıre de la Lam’a nuraniyya fî l-awrâd al-rabbaniyya de Buni, cf. GAL suppl. I, p. 910, № 7 (indıcation de Mıchel Chodkiewicz)
14. Bax. Paul Kraus, Jabir İbn Hayyân, Contribution a l’histoire des idees scientıfıques dans l’islam, Paris, Les Belles Lettres, 1986; Pierre Lory, Alchimie et mystique en terre d’islam, Lagrasse 1989.
15. Bax. EI artıcles Djafr, Malhama et Malâhim (T.Fahd) et T.Fahd, La divination arabe, p. 219-228.
16. D. Grıl, “l’enigme de la Shajara al-nu’maniyya fı l-dawla al-uthmaniyya, attrıbuee a İbn Arabî” dans Les traditions apocalyptique au tournant de la chute de Constantinople (B.Iellouch et S. Yerasimos ed.) Varia Turcica XXXIII, Paris-Montreal, 1999, p. 144-5
17. Bax. M. Chodkiewicz, Les İlluminations de La Mecque, p. 46-69.
18. Abû Dâwûd Sunan, malâhim I, ed. M.Muhyî l-Din al-Hamîd, Beyrouth s. d., I,p. 109; al-Sakhâwî, al-Maqâsid al-hasana, Beyrouth, 1985, p. 203-4
19. Səkaviyə görə, bu siyahıdakı şəxsləri Əhməd ibn Hənbəl bu ənənəni şərh etmək üçün daxil edib.
20. Qırmızı, qara, yaşıl və ağ rənglər sufilərdə ölüm və ruha aid simvolları bildirir.
21. 100 hissəyə bölünmüş sehrli xanalar döyüş hazırlığında da tətbiq edilir. Buna əsasən biz hürufilik elminin fərqli sahələrə tətbiq olunduğunu deyə bilərik.
22. D’Ibn Abî Usaybi’a (y. 668/1270), Bax. EI, III, p. 715-716.
23. Mustazhirî ou Fada’ih al-bâtiniyya, ed. ‘Abd al-Rahmân Badawî, le Caire, 1964, p. 46-48; Muqidh min al-dalal, tərcümə: Farıd Jabre: Erreur et delivrance, Beyrouth, 1959, p. 28-34.
24. Bax. EI, V, p. 65-77, Khurramiyya.
25. Bax. Fawâ’ih miskiyya, f. 160.

Author : Admin | Date: 18-06-2012, 15:23 | Views: 0