Problems of Oriental Philosophy
INTERNATIONAL ACADEMIC SCIENTIFIC JOURNAL
“İdentiklik”, “milli identiklik” və “milli mədəniyyət"

"İdentiklik”, "milli identiklik” və "milli mədəniyyət”*.

Müasir dövrdə elmlərin yeni ixtira və fərziyyələri, elmi tədqiqatlara yanaşmada fəlsəfi metodologiyaların müxtəlifliyi və müasir məntiq elmi sahəsində olan "Fuzzy Logic” ("Qeyri-səlis məntiq”) adı ilə məşhur L.Zadənin məntiq nəzəriyyəsi elm və fəlsəfənin əsas anlayış və təsəvvürlərinin monitorinqini və səhihləşdirilməsini (korrektəsini) tələb edir.

Hazırda geniş mənada götürülmüş bir anlam kimi mədəniyyətşünaslığın əsas məfhum və təsəvvürlərinə yeni baxış tələb edildiyini nəzərə alaraq, mövzumuzla əlaqədar müraciət etdiyimiz anlayışların məzmunu haqqında danışmaq istəyirik.

Məlum olduğu kimi, milli mədəniyyət millətin özünüdərk və dünya millətləri içində özünü təsdiq etməsi, bir millət kimi ləyaqətini qoruyaraq yaşaması üçün əsas amillərdən biridir.

Mədəniyyətşünaslığın əsas anlayışları, o cümlədən "identiklik” anlayışının çoxmənalı olmasını nəzərə alaraq, milli identiklik və milli mədəniyyətdən danışmaqdan əvvəl, identikliyin məzmunca Aristotelin ("İkinci analitika”) uyğun olaraq "mahiyyət” və "keyfiyyət” anlayışlarıyla eyniyyətini qəbul edirik.

Başqa sözlə, "milli identiklik” və "milli mədəniyyət”, o cümlədən, "milli mədəniyyət tarixi” dedikdə nə başa düşürük? Bu hadisə və anlayışların məzmunu nədir?

Məlumdur ki, elmi tərif və terminlərin yaranma (təşəkkül) və təkamülündə haqqında tərif verilən obyektin cinsi aidiyyəti və növ kimi fərqlərinin göstərilməsi tələb edilir. Bu tələbə "millət”, "milli identiklik”, yəni "milliyyət”, və "milli mədəniyyətin” elmi tərifləri də cavab verməlidir. Adı gedən hadisələrin səlis elmi tərifi olmadıqda bunlar ətrafında aparılan elmi müzakirə və mübahisələr səmərəliliyini itirir.

Indi isə reallığa müraciət edək. Məlumdur ki, Azərbaycan elmi də daxil olmaqla, müasir elmdə adı gedən hadisələr və onları əks etdirən elmi anlayışlar qeyri-dəqiq, qarma-qarış, ziddiyətli əlamətlərlə səciyyələndirilirlər. "Millət”, "etnos”, "xalq” anlayışları eyniylə "tayfa” və millətəqədər sosial birlik kimi təqdim edilən "narodnost`” anlayışlarının təriflərində, demək olar ki, xaos hökm sürür; sözlərimiz, Azərbaycan elmi daxil olmaqla, xüsusilə, vaxtıyla həmin məsələlər haqqında marksist nəzəriyyəsindən çıxış edən postsovet elminə də aiddir. Müraciət etdiyimiz problemlərə münasibət və mövqe bildirmək müasir elm, o cümlədən Azərbaycan elmini təmsil edən alimlər qarşısında duran ən aktual problemlərdəndir. Məhz buna görə, konfransın hörmətli iştirakçılarına bu məsələləri təqdim etməyi və onlara diqqət yönəltməyi vacib bilirik.

Qaldırdığım məsələlər haqqında öz mövqeyimi dəfələrlə çap etdirmişəm. Sovet dövrü və sonrakı dövrdə də, 50 ildən çox mədəniyyət və fəlsəfə tarixindən bəhs edərkən, dəfələrlə "etnogenez”, "millət” və "milli mədəniyyət” in təhlili və şərhi sahəsində olan mübahisəli problemlərə toxunmuşam və prinsip etibarı ilə yazdıqlarımdan imtina etmirəm.

Yazdıqlarıma qayıtmayaraq və konfransda mənə ayrılmış vaxtın məhdudluğunu nəzərə alaraq diqqəti dediyim məsələlərə yönəltdikdən sonra konfrans iştirakçılarını düşünmək üçün bəzi məlumatlarla tanış etməyi vacib bilirəm.

1.Müasir elmi ədəbiyyatda "millət”in və "milli mədəniyyət”in təriflərində, onların təşəkkülü və mövcudiyyəti ilə bağlı din faktoruna xüsusi fikir verilməyib.

2.Milli, eyniylə müxtəlif növ regional və bütövlükdə ümumbəşər mədəniyyət tarixində hələki genetik yaddaşın yeri və rolunun öyrənilməsi müasir elm işığında xüsusi əhəmiyyət kəsb etməyir.

Bir daha deməliyik ki, müasir elmin, xüsusən genetika və arxeologiyanın, hazırda bizə verdiyi məlumat artıq millət və milli mədəniyyət haqqında mövcud stereotipləri sarsıdır və bu sahədə axtarışların sürətlənməsini tələb edir.

Diqqətə layiq və tədqiqat tələb edən məsələlər demək olar ki, sonsuzdur, lakin hələlik deqiklərimizlə kifayətlənirik. Təklif edirik, alimlərimiz qaldırılan məsələlər haqqında mövqelərini bildirsinlər. Məsələlərin elmi, mənəvi və siyasi cəhətdən vacibliyi hamıya məlumdur.

P.S.: Qarabağ problemi olan ölkə elmi bu məsələləri təkcə bugünki konfransda deyil, müxtəlif və, o cümlədən geniş miqyaslı beynəlxalq konfranslar təşkil edərək qaldırmalıdır.



* Məruzə "İdentiklik və multikulturalizm: Metodologiya, tendensiyalar və perspektivlər” adlı konfransda səsləndirilmişdir, Bakı, 2017.


Author : admin | Date: 9-02-2018, 16:48 | Views: 40