Problems of Oriental Philosophy
INTERNATIONAL ACADEMIC SCIENTIFIC JOURNAL
Postsovet məkanında fəlsəfi təhsilin problemləri

fəl.e.d. Zümrüd Quluzadə

(Azərbaycan təcrübəsi də nəzərə alınmaqla)


Qlobal sosiomədəni məkanın üzvü hissəsi olan müasir post – sovet məkanının inkişafının qanunauyğunluqları və problemləri hazırda, bir tərəfdən, qlobal məkanın ümumi qanunauyğunluqları və problemləri ilə eyniyyət təşkil edir, digər tərəfdən, özünəməxsus səciyyə daşıyır və müəyyən dövr bu özünəməxsusluğu daşımalı olacaq. Ümumilik və fərqlər müxtəlif sahələrdə olduğu kimi, fəlsəfə və fəlsəfi təhsil sahəsində mövcud promlemlərdə də və onların həlli yollarının axtarışlarında da, təbii ki, özünü göstərir.

Konfransın auditoriyasının səviyyəsini nəzərə alaraq fikirlərimi tezis şəkilində çatdırmağa çalışacağam.

Əvvəla, iqrar etməliyik ki, keçən əsrin sonu və yeni əsrin başlanğıcında qlobal və postsovet məkanda bir sıra ümumi

– qlobal sosio – mədəni həyatın birqütblülüyə təmayülünün reallaşması;

– geniş miqyas kəsb etmiş çoxsahəli böhranın sürətlə artması;

– mövcud sosial ziddiyyətlərin məzmun və formalarının dəyişməsi problemləri ilə rastlaşırıq.

 

Bu şəraitdə "böyük” və "kiçik” dövlət və xalqlar və coğrafi, dini – etnik (xristian "Qərbi” və islam "Şərqi”) bölgələri arasında bugünkü dözülməz vəziyyət, islam bölgəsinin sərgərdan edilmiş xalqlarının Qərbə miqrasiyası və həmin miqrasiyanın nəticəsində Qərb və Şərq üçün gələcəyin müəmmalılığı xüsusi diqqət tələb edir. Maddi və mənəvi həyatın bütün sahələrində böhran ictimai və fərdi şüurda xaos və ümidsizlik yaradır. Bu ümidsizlik və xaos öz stabilliyini saxlamağa çalışan mənəvi mədəniyyətdə və onun tarixən mehvəri olan elm və dünyagörüşü formalarında təzahür edən fəlsəfədə özünü göstərərək, cəmiyyətin fəlsəfəyə və fəlsəfi təhsilə münasibətində də əksini tapır.

Mövcud şərait, bir tərəfdən, fəlsəfənin lüzumuna inamsızlıq, digər tərəfdən, ona ehtiyyac hissinin artmasına səbəb olur. Fəlsəfəyə ehtiyyac hissi isə onun varlığın qanunauyğunluqlarının idrakında və problemlərin konstruktiv həlli yolu axtarışında imkanları ilə bağlıdır. Deyilən baxımdan yaranmış şəraitdə cəmiyyətin geniş maariflənməsi və bu maariflənmə prosesində fəlsəfi təhsilə diqqətin artması vacibliyi qlobal, regional və etno – milli mədəniyyətlərin və onları nizamlayan rəsmi təşkilatların hədəfinə çevrilməlidir.

Fəlsəfənin və fəlsəfi təhsilin hazırkı şəraitdə, məlum olduğu kimi, xüsusi ciddi problemi — müasir elmin ixtira və fərziyyələrinin fəlsəfə və bütövlükdə mədəniyyətşünaslığın stabil təsəvvür və əsas kateqorial anlayış məzmunlarının ya müəyyən korrektə və ya radikal dəyişməsi ilə bağlıdır. Bu isə, öz növbəsində, fəlsəfə və fəlsəfi təhsil qarşısında olduqca mürəkkəb problemlər qoyur, fəlsəfə və, təbii, fəlsəfi təhsilə yeni baxış, yeni münasibət tələb edir.

Ümumi sosial mədəni böhran və onun elmə təsiri nəticəsində fəlsəfə və fəlsəfi təhsil sahəsində də dərin böhran vəziyyəti yaranır."Fəlsəfə və fəlsəfi təhsil müasir cəmiyyətdə lazımlıdırmı?” sualları səslənməyə başlayır. Onların predmeti və müasir həyatda yeri və rolu necədir və necə ola bilər və olmalıdır? Bəlkə onların zamanı artıq keçib, əhəmiyyət və lüzumları itib və müasir cəmiyyət onlardan imtina etməlidir?!

Böhran keçirən müasir cəmiyyətdə, ziyalıların və ilk növbədə fəlsəfə üzrə mütəxəssislərin vəzifəsi bu suallara müvafiq və inandırıcı cavablar verməkdir.

İndi isə postsovet cəmiyyətində, məhz bu bölgəyə xas problemlərə keçək ki, onlar, zənnimizcə, aşağıdakılardan ibarətdirlər:

1. Yeni fəlsəfi konsepsiya və fəlsəfi metodologiya axtarışı (marksizm fəlsəfəsi və dialektik materializm metodologiyasına münasibətin aydınlaşdırılmasının vacibliyi).

2. Tədqiqat və təhsildə fəlsəfə, elm, dini və mistik görüşlərin, rasional və irrasionalın mütənasibliyinə münasibət.

3. Fəlsəfi təhsilin konsepsiyası, təhsil proqramları, dərslik və vacib ədəbiyyatın seçimi və təklifi zamanı prioritetlərin müəyyən edilməsi.

4. Biliyin dəyərləndirilməsi, imtahan formalarının seçimi, diplom və sertifikatların nostrafikasiyasının mümkünlüyünü təmin edə biləcək nisbətən vahid standartların qəbulu.

Hazırda Azərbaycanda vəziyyət keçid dövrü axtarışları səviyyəsini adlamayıb. Keçid dövrünün ilk günlərində qəbul edilmiş ictimai elmlər və fəlsəfə üzrə konsepsiyalar, buna çox böyük ehtiyyac olmasına baxmayaraq, yenidən nəzərdən keçirilməyib. Təhsil nazirliyinin mövcud təhsil standartında qoyulmuş tələblər isə, zənnimizcə təhsilə daxil olan yox, yüksək professionallığa malik şəxsiyyətlərin elmi səviyyəsini nəzərdə tutur.

Tədris proqramları, proqramlara müvafiq təklif edilən dərsliklər əsas və əlavə ədəbiyyat bir çox hallarda kohnəlmiş və daxilən ziddiyətlidir.

Doktoranturaya (aspiranturaya) daxil olma zamanı ali məktəbdə keçib – keçməməsindən və ixtisası ilə bağlı olub olmamasından aslı olmayaraq magistrlardan mütləq bir Avropa dillərinin birindən imtəhan vermələri tələb olunur. Şərq: türk, fars, ərəb və rus dilləri azərbaycandilli magistrlar üçün xarici dil hesab olunmur ki, bu da məntiq, elm və Azərbaycanın multikulturalizm siyasətinin, məntiq, elm və tələblərinə zidd, Şərqin, onun dil və mədəniyyəti ləyaqətinin düşünülmədən alçaldılmasıdır. Sovet dövrü rusdilli ədəbiyyatının təhsil proqramlarına geniş daxil edilməsi və rus dilinin təhsilin Respublikada, orta və ali məktəblərdə hazırda tədrisinin ixtisarları məsələsi də, xüsusi və ciddi müzakirə obyekti olmalıdır.

Bəhs etdiyimiz sahədəki problemlərin sırasına daha bir problem daxildir. Fəlsəfə də daxil olmağla, humanitar və ictimai elmlər üzrə ixtisas imtahanlarının test üsulu ilə aparılmasıdır ki, bu növ imtahan verən şəxsin biliyinin zənginliyini, onun məntiqi düşünmə və elmi problemlərə analitik yanaşma imkanlarını aça bilmir; təqdim edilən testlərin keyfiyyət səviyyəsi də çox vaxt mübahisələrə səbəb ola bilər. 

 

Hazırda Qərbi Avropa və Amerikanın bir sıra aparıcı ali məktəblərində imtahanların test üsulu ilə qəbulundan imtina edildiyi zaman biz nədənsə test usülunu radikalcasına tətbiq edirik.

Deyilənlər haqqında ciddi düşünmək tələb olunur və 70 il keçdiyimiz yola tənqidi nəzər salıb hər sahədə, o cümlədən, fəlsəfə təhsili sahəsində də əldə etdiyimiz dəyərlərə münasibət bildirməyimiz vacibdir.

Haqqında bəhs etdiyimiz problemlərin həlli ilə əlaqədar bir neçə təklif:

1. Respublikada təcili surətdə hərtərəfli düşünülmüş fəlsəfə və bütövlükdə ictimai və mahiyyət etibarı iə nisbətən təhvit (unifikasiya) edilmiş humanitar elmlərin tədrisi üzrə konsepsiya, proqram, dərslik və imtahan formaları müəyyən edilməlidir. Bu işdə elm və təhsil sistemi nümayəndələri birlikdə fəaliyyət göstərməlidilər; müzakirə və monitorinqlər yolu ilə bu sahədə irəliləyiş üçün əsas yaradılmalıdır.

Təqdim edilmiş təkliflər Respublikada mövcud potensialdan düşünülmüş istifadə yolu ilə, AMEA – nın, Təhsil nazirliyi və Respublika elm və təhsilin əlaqələrini yaratmağa və nizamlamağa yönəlmiş müxtəlif növ təşkilatlarının birgə fəaliyyəti nəticəsində həyata keçə bilər.


 

Author : Admin | Date: 23-12-2015, 18:28 | Views: 722