Problems of Oriental Philosophy
INTERNATIONAL ACADEMIC SCIENTIFIC JOURNAL
M. Mirzəliyeva: DİL VƏ TƏFƏKKÜR FƏLSƏFİ PROBLEM KİMİ

DİL VƏ TƏFƏKKÜR FƏLSƏFİ PROBLEM KİMİ

M. Mirzəliyeva
AMEA Nəsimi adına Dilçilik İnstitutu


Dil və təfəkkür problemi dialektik materializmdə ümumi məsələ olan materiya və şüurun qarşılıqlı əlaqə və münasibətləri məsələsinin ayrılmaz hissəsi kimi öyrənilir. Dil və təfəkkür problemi fəlsəfənin əsas məsələsi – materiyanınmı, yoxsa ruhunmu ilkin olması məsələsi ilə bağlıdır. Biz fəlsəfənin əsas məsələsini həll edərkən şüuru və materiyanı qarşı-qarşıya qoyuruq. Materiya şüurdan asılı olmayan, şüur xaricində mövcud olan şeylərdir. Buna görə də, şüuru da materiyaya daxil edənlər ciddi səhvə yol verirlər.
Fikir materiya kimi qəbul edilsə, onda materiya ilə təfəkkür eyniləşmiş olar, onların arasındakı fərqdən isə danışmağa belə dəyməz. Lakin şüurla materiya arasındakı fərqi şişirdib, mütləq ayrılığa çatdırmaq da olmaz. 
Ümumiyyətlə, şüurla materiya arasındakı fərqi də, rabitəni də görə bilməliyik. Fərqi unutmaq olmaz; çünki şüurun materiya ilə eyniləşdirilməsi tamamilə səhv fikirlərlə nəticələnir. Lakin eyni zamanda şüuru beyindən ayırmaq da olmaz; çünki şüur beynin, yəni təşəkkül tapmış materiyanın xassəsidir.
Yuxarıda qeyd etmişdik ki, dil və təfəkkür problemi fəlsəfənin əsas məsələsi ilə sıx bağlıdır. Bu əsas məsələnin həllində filosofların fikir ayrılığı, onların 2 əks qütbdə toplanması şüur və nitq, dil və təfəkkür probleminə münasibətdə də özünü göstərir. Belə ki, bu problem və bununla bağlı bir çox məsələlər filosofların kəskin mübahisələrinə səbəb olmuşdur. Onların bir qismi dil və təfəkkürü eyniləşdirir, digər bir qismi isə onları ayırırlar. Birincilərin fikrincə, zəka dildir. İkincilər isə təfəkkürün dildən ayrı fəaliyyət göstərdiyini və dilin məhz təfəkkürün məhsulu olduğunu söyləyirlər.
Mövcud fikrə görə, “Təfəkkürsüz dil mövcud ola bilməz. Eynilə, dil olmadan təfəkkür də, fikir də mövcud ola bilməz... Şüurla nitqin, fikirlə dilin ayrılmaz vəhdətdə olması o demək deyildir ki, bunlar bir-birinin eynidir. Şüur və fikirlə söz arasındakı fərq ondan ibarətdir ki, şüur obyektiv gerçəkliyi əks etdirir, dil isə həmin gerçəkliyi və fikri ifadə edir” .

Elm dil və təfəkkürün həmişə vəhdətdə olduğunu dəfələrlə sübut etmiş, dil və təfəkkürlə bağlı məsələləri də məhz bu müstəvidə öyrənmişdir.
Dil və təfəkkür bizə ilk baxışda ayrı-ayrı hadisələr kimi görünür. Belə ki, dil insanlar tərəfindən həssaslıqla dərk edilən səslər şəklində çıxış edir. Bu, dilin maddi təbiətinin təzahürüdür.
Təfəkkür isə, əksinə olaraq, ruhi hadisə kimi çıxış edir; onu biz bilavasitə dərk edə bilmirik. O, hiss üzvləri vasitəsi ilə dərk oluna bilmir.
Lakin belə təsəvvür bu hadisələrə ümumi mənada və səthi yanaşmaqdan doğur. Dil və təfəkkürün daha yaxından və dərindən öyrənilməsi göstərir ki, onların müqayisəsi çox nisbi xarakter daşıyır.
Buradan aşkar olur ki, dil və təfəkkürün bir-birinə münasibətini materialist və idealist münasibətlər kimi fəlsəfənin əsas əsas məsələsi fonunda öyrənmək olmaz. Belə ki, dillə təfəkkürü qarşı-qarşıya qoymaq olmaz. Qneseoloji köklərinə görə həm dil, həm də təfəkkür maddi aləmdəki əşyalarla münasibətdə sonrakı hadisədir.
Bu hal dil və təfəkkürün mahiyyətində təzahür edir. Bununla əlaqədar dil və təfəkkürün bəzi məsələlərinə toxunmağı lazım bilirik.
Təfəkkür maddi aləmin beynimizdə inikasıdır. Elm göstərir ki, obyektiv aləm, onun əlaqə və münasibətləri təfəkkürün vahid məzmununu təşkil edir. Mövcud fikrə görə, “təfəkkür... ayrı-ayrı düşüncələrin ümumi formada olmasıdır.
Təfəkkürün fəaliyyəti yalnız insana məxsus olub, ictimai həyatın məhsuludur. O, cəmiyyətlə bir yaranıb, bir inkişaf edir. Onun fəaliyyəti insanların ictimai münasibətlərinin inkişafı və onların arasında ünsiyyətin tələb olunması ilə müəyyənləşir.
İnsan xarici aləmlə bağlıdır, O, hiss üzvləri vasitəsi ilə bu aləmdəki əşyaları duyur və əks etdirir. Lakin şeylərin daxili aləminin, onların inkişaf qanunauyğun¬luq¬larının dərk olunması üçün yalnız hiss üzvləri kifayət deyildir. Çünki bu zaman şeylər və hadisələr haqqında yalnız təsəvvür əmələ gəlir ki, bu da şeylər haqqında ümumiləşdirmə yaratmağa imkan vermir. Bu məqamda hiss üzvlərinin fəaliyyətinə mütləq təfəkkür fəaliyyəti kömək etməlidir. “İnsan yalnız abstrakt təfəkkür, məntiqi idrak pilləsinə qalxmaqla şeylərin əsas və mühüm cəhətlərini ümumiləşdirir və məfhum əmələ gətirir” .
Təfəkkür prosesində əşya və hadisələrin əsas əlamətləri götürülür. Bununla da məfhumların mahiyyəti üzə çıxarılır. Məfhumların əmələ gəlməsində tək-tək cisimlərin ayrı-ayrı cəhətləri atılır və həmin cisimlər zümrəsinin hamısına xas olan cəhətlər saxlanılır. Deməli, məfhumlar ümumi və təklərin obyektiv vəhdətini əks etdirir.
Lakin məfhumlar yalnız məntiqin köməkliyi ilə təfəkkürün vasitəsinə çevrilir. Məntiq fikrimizin daxili quruluşunu ifadə edir. Qrammatika dil üçün necə zəruridirsə, məntiq də idrak üçün beləcə vacib və zəruridir.
Məntiq obyektiv əsasa, obyektiv mənbəyə malikdir. İctimai praktika prosesində bütün adamlar üçün məfhum, hökm və təfəkkürün digər formalarının vahid məntiqi quruluşu hazırlanır. Məntiq formalarının bu vəhdəti insanların gerçəkliyi eyni cür dərk etməsi və əks etdirməsi ilə bağlıdır. Əks təqdirdə insanlar bir-birini anlamazdılar.
Fəlsəfənin əsas məsələsinin həlli yalnız təfəkkürün deyil, dilin də təbiətinə düzgün yanaşılmasına imkan yaradır.
Dil və təfəkkür bir-birindən ayrı mövcud olmur. Onlar vəhdət təşkil edirlər. İ.Disgenə görə, “onların (dil və təfəkkürün – M.M.) vəhdətini rəssamla fırçanın əlaqəsinə bənzətmək olar” . Belə ki, təfəkkür də rəssam kimi aləmin inikasını verir, dil (nitq) isə şeylərin əksini yaradan vasitə - fırça rolunu oynayır.
Dillə təfəkkürün vəhdəti, hər şeydən əvvəl, fikrin bilavasitə gerçəkliyi olmasındadır. Lakin vəhdət təşkil edən dil və təfəkkürü eyniləşdirmək olmaz. V.Z.Panfilovun bu barədə fikri maraq doğurur. O yazır: Həm məntiqi quruluşu, həm də psixoloji qanunauyğunluqları ilə ümumbəşəri xarakter daşıyan təfəkkür bir-birindən təkcə fonetik baxımdan deyil, qrammatik quruluşuna, dil vahidlərinin xarakterinə və leksik məna sisteminə görə kəskin fərqlənən müxtəlif tipli dillərlə ifadə olunur.... Əgər dilin təfəkkürdən asılılığı mövcud olsa idi, onda müasir xalqların təfəkkürlərinin məntiqi quruluşunun ümumiliyi müqabilində onların dilləri də ümumi quruluşa malik olmalı və sözün mənası sahəsində fərq olmamalıdır” .
Buradan belə bir nəticə çıxır ki, insan təfəkkürü ümumbəşəri səciyyəyə malik olduğu halda, dil milli xarakter daşıyır. Buna görə də müxtəlif xalqların təfəkküründə eyni şəkildə formalaşan məfhum ayrı-ayrı dillərdə müxtəlif səs kompleksləri ilə ifadə olunur.
Nəticə olaraq deyək ki, dillə təfəkkürün vəhdət təşkil etməsi danılmazdır. Dil olmadan insan təfəkkürü mövcud olub, inkişaf edə bilməz. Dil fikir prosesinin maddi əsasıdır. Dillə təfəkkür bir-biri ilə əlaqəli şəkildə inkişaf edir. Dilin inkişafı təfəkkürün inkişafına təsir etdiyi kimi, təfəkkürün də inkişafı dilin təkmilləşməsinə, səlisləşməsinə, cilalanmasına səbəb olur.

Author : oriental | Date: 22-04-2012, 13:36 | Views: 0